AZ

“Xəstəxanaya getdim, dedilər həkimi işdən çıxarmışıq...” Video

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sosial şəbəkələrdə lor, estetik-cərrah kimi tanınan Rəşad Məmmədovdan daha bir neçə şəxs şikayətçidir.

“Qafqazinfo” xəbər verir ki, Xəzər TV-yə danışan vətəndaşlar həkim səhvi ucbatından əziyyət çəkdiklərini iddia ediblər.

Paytaxt sakini Rüzgar Rzayeva bildirib ki, 2 il öncə özəl xəstəxanaların birində burnundakı çəpər əyriliyinə görə əməliyyat olunub, lakin problem düzəlmək əvəzinə daha da pisləşib: “Çəpər əyriliyim var idi, nəfəs ala bilmirdim. Əməliyyatdan sonra burnumu 14 gün müddətinə gipsə saldılar. Bir həftə keçəndən sonra gördüm ki, özümü yaxşı hiss etmirəm. Zənglərimə də cavab vermirdilər. Getdim, gips dərimə yapışmışdı, burnumdan qopmurdu. Dedilər ki, hər şey yaxşı olacaq, dəri köçürməsi edərik. Burnum çürüyürdü”.

Şikayətçinin sözlərinə görə, həkim onun sonrakı vəziyyəti ilə maraqlanmayıb və məsuliyyəti üzərinə götürməyib. Burnundakı yaranı sağaltmaq üçün öz hesabına uzun müddət müalicə alıb: “1500-dən əlavə nə qədər xərcim çıxdı. Ona verdiyim məbləği artıqlaması ilə qaytarsın ki, başqa klinikada əməliyyat olunum. Çox əziyyət çəkirəm, gözüm zəifdir, eynək də taxa bilmirəm”.

Rəşad Məmmədovun əməliyyatından zərər çəkdiyini iddia edən digər şəxs isə Aysel Şahbazovadır. O, əməliyyatdan sonra burnunun görünüşündə böyük problem olmasa da, nəfəs almasında ciddi problem yarandığını söyləyib: “Bir il keçəndən sonra gördüm ki, nəfəs ala bilmirəm. Burnumda şiş qalmışdı, dedim ki, yenidən əməliyyat olunmaq istəyirəm. Getdim həkimi axtarmağa, dedilər yoxdur, telefonlara da cavab vermir. Çalışdığı başqa xəstəxanaya getdim, dedilər həkimi qovub işdən çıxarmışıq. Mənə vurduğu ziyanı qaytarsın, bərbad vəziyyətdəyəm. Hansı həkimə də müraciət edirəm, deyir ki, ikinci əməliyyat 7-8 min manata başa gələr”.

Xatırladaq ki, bir neçə gün əvvəl yaşadığı çoxmərtəbəli binadakı mənzilin eyvanından yıxılaraq ölən 21 yaşlı Kəmalə Əbilovanın ailəsi də iddia etmişdi ki, o, 6 ay bundan əvvəl “İstanbul Klinika”sında Rəşad Məmmədov tərəfindən burun əməliyyatı olunandan sonra beynində travma əmələ gəlibmiş.

Daha ətraflı videomaterialda:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
3
qafqazinfo.az

4Mənbələr