Koreya Xalq Demokratik Respublikası Cənubi Koreyaya doğru çoxlüləli raket qurğularından (ÇLRQ) 10 mərmi atıb. AzPost Renhap agentliyinə istinadla xəbər verir ki, hadisə noyabrın 3-də ABŞ müdafiə naziri Pit Hegsetin Cənubi Koreyaya səfəri ilə eyni vaxta təsadüf edib.
Məlumata görə, Hegset Cənubi Koreyanın müdafiə naziri An Qyu Bəkin müşayiəti ilə iki Koreya arasında yerləşən Birləşmiş Təhlükəsizlik Zonasında olub. Qeyd edilir ki, ABŞ tərəfindən bu zonaya son səfər 8 il əvvəl baş tutub.
Cənubi Koreya Silahlı Qüvvələrinin nümayəndələri bildiriblər ki, Şimali Koreya tərəfindən atılan mərmilər Sarı dəniz istiqamətində olub və hadisə Hegsetin bölgəyə gəlməsinə təxminən bir saat qalmış baş verib.
Hərbçilər əlavə ediblər ki, oxşar hadisə bir neçə gün öncə Çin Xalq Respublikasının sədri Si Cinpinin Cənubi Koreyaya səfəri zamanı da qeydə alınıb. O, həmin vaxt ölkə prezidenti Li Çje Menlə Kyoncu şəhərində görüş keçirib.
Mənbənin məlumatına görə, Şimali Koreyanın atdığı bu mərmilər BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmur. Hadisə regionda gərginliyin yenidən artmasına səbəb olub və hər iki ölkənin hərbi rəhbərliyi vəziyyəti diqqətlə izlədiklərini bildirib.