AZ

Takaiçi Kim Çen Inla görüşmək istəyir

Yaponiyanın yeni Baş naziri Sanae Takaiçi Şimali Koreyanın rəhbəri Kim Çen Inla danışıqlar aparmağa hazırdır.

Musavat.com xəbər verir ki, bunu Yaponiya Baş Nazirlər Kabinetinin katibi Minoru Kihara mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, Takaiçi 1970-ci illərdə Şimali Koreya kəşfiyyatı tərəfindən qaçırılan vətəndaşlarla bağlı məsələsini həll etmək niyyətindədir.

Daha əvvəl bu məsələyə həsr olunmuş tədbirdə Takaiçi Tokionun artıq Pxenyana zirvə görüşünü keçirməyə hazır olduğunu deyib. Onun sözlərinə münasibət bildirən Kihara ölkələrin müxtəlif diplomatik kanallar vasitəsilə əlaqə saxladığını vurğulayıb, lakin diplomatik əlaqələrin həssaslığını əsas gətirərək KXDR-in bu mesajı necə çatdırdığını və ya reaksiyanın necə olduğunu dəqiqləşdirməkdən imtina edib.

Kihara həmçinin jurnalistlərin bu cür danışıqların nə vaxt baş tuta biləcəyi ilə bağlı suallarını cavablandırmaqdan imtina edib və Takaiçi administrasiyasının qaçırılan vətəndaşlar məsələsini "mümkün qədər tez" həll etməyə hazır olduğunu vurğulayıb.

Qaçırılan vətəndaşlar məsələsi diplomatik əlaqələri olmayan iki ölkə arasındakı münasibətlərdə ən həssas məsələlərdən biridir. 2002-ci ildə Pxenyan ilk dəfə 13 Yaponiya vətəndaşının qaçırılmasını etiraf edərək onlardan beşinin vətənə qayıtmasına icazə verib. Qalanları ölmüş elan edilib və həqiqiliyi təsdiqlənə bilməyən qalıqlar Yaponiyaya göndərilib. 2014-cü ilin may ayında iki hökumət Yaponiya vətəndaşlarının qaçırılması ilə bağlı yeni bir araşdırma aparmaq barədə razılığa gəlib, lakin bu işdə məsul olan komissiya sonradan Pxenyanın təşəbbüsü ilə ləğv edilib.

 

Musavat.com

Seçilən
47
musavat.com

1Mənbələr