AZ

Müharibəsiz dünya mümkündürmü? Freydin Eynşteynə cavab məktubu (Davamı)

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

Böyük fizik psixoanalizə şübhə ilə yanaşmasına baxmayaraq, Freydin yaradıcılığına heyran idi. Eynşteyn psixoloqa ilk məktubunu 1931-ci il aprelin 29-da yazıb. Freyd diskussiya dəvətini qəbul edir, lakin fikirlərinin çox pessimist görünə biləcəyini də əvvəlcədən bildirir.

İl ərzində mütəfəkkirlər bir neçə dəfə məktublaşdılar. Taleyin ironiyasına baxın ki, məktublar 1933-cü ildə, Hitler Almaniyada hakimiyyətə gəldikdən sonra nəşr olunub və nəticədə həm Freyd, həm də Eynşteyn ölkədən qovulublar.

AzVision.az əvvəlcə Albert Eynşteynin Ziqmund Freydə məktubunu oxucularına təqdim etmişdi. Sonra saytımızda Freydin cavab məktubunun birinci hissəsilə tanış olmuşdunuz. İndi həmin məktubun davamını oxumağa dəvət edirik. ...Daha bir fikrinizi şərh etmək istərdim. İnsanların müharibə isteriyasına necə asanlıqla qapıldığına təəccüblənir və onlarda müharibəyə sövq edən hansısa nifrət və məhvetmə instinktinin olduğunu güman edirsiniz. Yenə də sizinlə tam razı olmalıyam. Biz belə bir cazibənin varlığına inanırıq və son illərdə onun xarici təzahürlərini öyrənməyə çalışmışıq. İcazə verin, bununla bağlı psixoanalizin çoxlu sınaqlar və şübhələr nəticəsində gəldiyi arzular nəzəriyyəsinin heç olmasa bir hissəsini sizə şərh edim. Biz güman edirik ki, insanın arzuları iki cür olur:

1. Saxlamağa və birləşdirməyə çalışanlar (biz onları Platonun "Pir" əsərindəki Eros mənasında erotik, yaxud seksuallıq haqqında populyar təsəvvürləri şüurlu şəkildə genişləndirərək “seksual” adlandırırıq);

2. Dağıtmağa və öldürməyə çalışanlar (biz onları ümumi olaraq aqressiv və ya destruktiv arzu (həvəs, meyil) adlandırırıq).

Gördüyümüz kimi, söhbət məhəbbət və nifrət arasındakı məlum qarşıdurmanın nəzəri izahından gedir. Yəqin ki, sizin də öz sahənizdə rastlaşdığınız və daha qədimə gedib çıxan cazbetmə və itələmə qütbəşməsi kimi. Sadəcə, gəlin bu anlayışları Xeyir və Şərə çevirmək üçün çox tələsməyək. Hər iki meyil eyni dərəcədə zəruridir, onların qarşılıqlı təsiri və qarşıdurması həyat hadisələrini doğurur. Məsələ burasındadır ki, bu instinktlərdən biri özünü, demək olar ki, heç vaxt təcrid olunmuş şəkildə göstərə bilmir və həmişə digər tərəfdəki nəyləsə bağlı olur, yaxud başqa sözlə, elə birləşirlər ki, hər birinin məqsədi modifikasiya olunur və yalnız sözügedən birlik formasının köməyi ilə əlçatan olur. Məsələn, özünüqoruma instinkti, şübhəsiz ki, təbiətcə erotik xarakter daşıyır, lakin həyata keçmək üçün aqressivliyə ehtiyac duyur. Eyni şəkildə xarici obyektlərə yönəlik sevgi meyli sahib olmaq istəyinə birləşmək ehtiyacı hiss edir, çünki yalnız bu halda arzuladığı obyektə sahib ola bilər. Hər iki meyil növünü xarici təzahürlərindən ayırmağa çalışarkən yaranan çətinliklər onları müəyyən etməyə uzun müddət mane olub.

Mənimlə davam etmək istəyirsinizsə, insanların hərəkətlərində nəzərə çarpan daha bir, lakin bir qədər fərqli xarakter daşıyan mürəkkəbliyə diqqət yetirməli olacaqsınız. Bir hərəkət çox nadir halda bir meyil impulsunun nəticəsi olur, hətta eros və dağıdıcılığın birləşməsi olsa da. Qarışıq mənşəli bir hərəkətdə bir qayda olaraq bir çox motivlər birləşir. Həmkarlarınızdan biri artıq bu barədə məlumatlıdır, klassiklərimizin dövründə Göttingendə fizikadan dərs deyən professor T.Lixtenberqi nəzərdə tuturam; amma bəlkə də o, fizikdən daha çox psixoloq idi. Aşağıdakıları söylərkən motivlərin naxışını icad edib: İnsanı nəsə etməyə sövq edən motivləri 32 m/s-lik külək kimi sistemləşdirə bilərik və onların adları bu şəkildə düzülür. Məsələn: çörək - çörək - şöhrət və ya şöhrət - şöhrət - çörək. Beləliklə, insanları müharibəyə çağıranda qəlblərinin bir çox istəkləri bu çağırışa müsbət cavab verir. Nəcib və alçaq istəklər haqqında ucadan danışır, digərləri haqqında susurlar. İndiki halda hamısı haqqında danışmağa əsasımız yoxdur. Amma onların arasında, sözsüz ki, təcavüz və dağıdıcılıq meyilləri də var; tarixin və günümüzün saysız-hesabsız qəddarlıqları bu meyli və onun gücünü saxlayır. Aqressiv meyillərin digərləri ilə, erotik və ideal olanla qarışması, əlbəttə, onların özlərindən məmnun olmasını asanlaşdırır. Bəzən tarixdəki dəhşətli hadisələr haqda eşidəndə belə bir təəssürat yaranır ki, ideal motivlər yalnız dağıdıcı ehtiraslar üçün bəhanə olub. Digər hallarda, məsələn, “Müqəddəs İnkvizisiya”nın qəddarlıqlarına baxanda bizdə elə bir təsəvvür yaranır ki, ideal motivlər şüurda üstünlük təşkil edib, dağıdıcı olanlar isə onlara şüursuz dəstək verib. Hər ikisi tamamilə mümkündür. Mənə elə gəlir ki, nəzəriyyələrimizə deyil, müharibənin qarşısını almağa yönəlik mövzuya olan marağınızdan artıq sui-istifadə edirəm. Ancaq yenə də bir anlıq dağıdıcı meyil üzərində dayanmaq istədim, çünki ona olan diqqət hələ də əhəmiyyətinə uyğun gəlmir. Bəzi mülahizələrə əsaslanaraq belə bir nəticəyə gəldik ki, bu meyil hər bir canlının daxilində var və özünü məhv edərək həyatı yenidən cansız maddə vəziyyətinə salmağa yönəlib. Bu meyil tam ciddiliyi ilə ölüm arzusu adına layiqdir, erotik meyillər isə yaşamaq həvəsidir. Ölüm həvəsi xüsusi orqanların köməyi ilə xarici obyektlərə qarşı zahirə çıxdıqda dağıdıcı meylə çevrilir. Canlı varlıq, belə demək mümkündürsə, öz həyatını başqasınınkını məhv etməklə qoruyur. Amma ölüm həvəsi yenə də canlının daxilində müəyyən miqdarda aktiv olaraq qalır və biz öz təcrübəmizdə dağıdıcı meylini içinə sıxışdırmış xəstələrimizi müalicə etməyə çalışmışıq. Hətta belə bir məkrli qənaətə gəldik ki, vicdanımızın yaranması məhz aqressiyanın içə atılması ilə bağlıdır. Bu proses həddən artıq aktivləşərsə, sağlamlığın pisləşməsini asanlıqla görmək mümkündür. Eyni zamanda dağıdıcı hərəkətlərini xaricə yönəltmək canlıları yüngülləşdirir və onlara müsbət təsir göstərir. Bu, öhdəsindən gəlməyə çalışdığımız bütün dəhşətli və təhlükəli cəhdlər üçün bir növ bioloji bəhanədir. Eyni zamanda etiraf etmək lazımdır ki, onlar təbiətə bizim onlara qarşı üsyanımızdan daha yaxındırlar, bunun üçün biz hələ izahat tapmalıyıq. Bəlkə də, sizdə belə bir təəssürat yaranacaq ki, bizim nəzəriyyələrimiz bir növ mifologiyadır, belə olduğu halda, bu mifologiya heç də ürəkaçan deyil. Məgər istənilən təbiət elmi bu cür mifologiya ilə qarşılaşmır? Məgər bu gün sizdə fizikada durum fərqlidir?

Bütün deyilənlərdən ən azı belə bir nəticəyə gələ bilərik ki, insanı aqressiv meyllərindən məhrum etmək istəyi praktiki olaraq mümkün deyil. Deyirlər, yer üzünün xoşbəxt guşələri var və orada təbiət insana lazım olan hər şeyi bol-bol verir, insanlar zorakılıq və təcavüzdən xəbərsiz, mehribancasına yaşayırlar. Mən buna inana bilmirəm və həmin xoşbəxt insanlar haqqında daha çox bilmək istərdim. Bolşeviklər də maddi tələbatları təmin edərək, cəmiyyət üzvləri arasında bərabərlik bərqərar etməklə insan aqressivliyindən tamamilə qurtula biləcəklərinə ümid edirlər. Mən bunu illüziya hesab edirəm. Hazırda onlar özlərini güclü şəkildə silahlandırır və tərəfdarlarını yanlarında olmayanlara qarşı ilk növbədə nifrət aşılamaqla saxlayırlar. Meyillər haqqında mifoloji təlimimiz müharibələrə qarşı dolayı yolla mübarizə aparmağın asan düsturunu təklif edir. Əgər müharibəyə hazırlıq dağıdıcılığa meyillilərin təsiri altında yaranırsa, ən asan yol bu meylin əleyhdarlarını, yəni Erosu ona qarşı yönəltmək olardı. Müharibəyə insanların hisslərini birləşdirən hər şey müqavimət göstərməlidir. Bu əlaqələr iki növ ola bilər. Birincisi, sevgi obyektinə münasibəti xatırladan, lakin seksual məqsədi olmayan münasibətlərdir. Belə bir vəziyyətdə sevgidən danışan psixoanalitik, tərəddüd etməməlidir, çünki din də eyni şeyi deyir: “Qonşunu özün kimi sev” (Markın İncili: 12, 31). Belə bir tələbi irəli sürmək asan, yerinə yetirmək isə çətindir. Duyğulara əsaslanan başqa bir əlaqə növü identifikasiya yolu ilə yaranır. İnsanları əsas məsələlərdə birləşdirən hər şey onlarda ümumi hiss, eyniləşmə duyğusu oyadır. İnsan cəmiyyətinin qurulması bir çox hallarda onlara əsaslanır.

Avtoritetdən sui-istifadə ilə bağlı şikayətinizdən müharibəyə meylliliyə qarşı dolayı mübarizənin ikinci ehtimalını çıxarıram. İnsanların liderlərə və kütləyə bölünməsi fitri və aradan qaldırıla bilinməyən bərabərsizlikdir. Tabelikdə olanlar və asılılar böyük əksəriyyəti təşkil edir. Onların qərarların qəbulunu öz üzərinə götürən, əksər hallarda könüllü və qeydsiz-şərtsiz tabe olduqları avtoritetlərə ehtiyacı var. Burada müstəqil düşünən, qorxmaz, həqiqətə can atan, asılı kütlələri idarə edə bilən təbəqənin yetişdirilməsinin nə qədər vacib olduğu barədə fikir söyləmək olar. Dövlət hakimiyyətindən sui-istifadənin və kilsənin düşüncə qadağasının bu cür təlim-tərbiyə üçün çox da əlverişli olmadığını sübuta etməyə ehtiyacı yoxdur. İdeal durum, təbii ki, öz meyillərini ağlın diktaturasına tabe edən insanların birliyi halında mümkündür. İnsanların belə mükəmməl və davamlı birləşməsini başqa heç bir şey təmin edə bilməz - hətta aralarındakı hisslərə əsaslanan bağlar tərk edilsə belə. Ancaq bunun da sadəcə utopik bir ümid olma ehtimalı yüksəkdir. Müharibənin qarşısını dolayı yolla almağın digər yolları, şübhəsiz ki, daha əlçatandır, lakin onlar tez bir zamanda uğur vəd etmir. Çox ləng üyüdən dəyirmanlar haqqında düşünmək istəmirəm, çünki oturub un gözləməkdənsə, acından ölmək daha yaxşıdır.

Təcili praktiki problemlərin həllinin tələb olunduğu zaman cari işlərdən uzaq bir nəzəriyyəyə müraciət etməkdə nə qədər az fayda ola biləcəyini görürsünüz. Ola bilsin ki, hər bir konkret şəraitdə təhlükənin qarşısını mövcud vasitələrlə almağa çalışmaq daha yaxşıdır. Ancaq məktubunuzda qeyd etmədiyiniz, lakin mənim üçün xüsusi maraq doğuran bir məsələni də müzakirə etmək istərdim. Niyə biz, siz, mən və bir çox başqaları müharibəyə bu qədər nifrət edirik, niyə onu həyatın bütün digər acı kədərləri kimi təbii qəbul etmirik? Axı müharibə də şeylərin təbiətindən irəli gəlir, möhkəm bioloji əsasa malikdir və praktikada ondan qaçmaq çətindir. Sualı bu cür qoymağımdan qorxmayın. Tədqiqat məqsədləri üçün reallıq qarşısında bizdə olmayan üstünlük maskasını taxmaq mümkün görünə bilər. Ancaq cavab belə olacaq: çünki hər bir insanın yaşamaq hüququ var, çünki müharibə insan həyatının ümidlərini məhv edir, insanı ən alçaq vəziyyətə salır, onu istəmədiyi halda başqalarını öldürməyə məcbur edir. Müharibə nəhəng maddi dəyərləri, insan əməyinin nəticələrini, bir çox başqa şeyi məhv edir. Üstəlik indiki müharibələr artıq köhnə qəhrəmanlıq ideallarını həyata keçirməyə imkan vermir, gələcək müharibələr isə məhvetmə vasitələrinin təkmilləşdirilməsi hesabına bir və ya hətta hər iki rəqibi məhv edəcək. Bütün bunlar həqiqətdir və o qədər inandırıcı görünür ki, hərbi əməliyyatların ümumbəşəri anlaşmanın köməyi ilə hələ də niyə dayandırılmadığını anlamaq olmur. Ancaq yuxarıdakı tezislərdən bəziləri mübahisəli də ola bilər. Məsələn, cəmiyyətin bir fərdin yaşamaq hüququ olub-olmamasına qərar verməsi; bütün növ müharibələri eyni dərəcədə lənətləmək olmazmı; nə qədər ki dünyada başqa xalqların tam məhv edilməsinə hazır olan zəngin insanlar və ayrı-ayrı xalqlar var, digər xalqlar silahlı mübarizəyə hazır olmalıdırlar və s. Amma bunun üzərində dayanmaq istəmirəm, çünki bunun məni iştiraka dəvət etdiyiniz müzakirəyə aidiyyatı yoxdur. Fikrim başqa şeyə yönəlib: məncə, biz müharibəyə ona görə nifrət edirik ki, başqa cür bacarmırıq. Biz pasifistik, odur ki, təbiətimiz etibarilə pasifist də olmalıyıq. Ona görə də, mövqeyimizi əsaslandırmaq üçün arqumentlər tapmağımız asan olmalıdır. Deyəsən, fikirlərim müəyyən izahat tələb edir. Mən bunları nəzərdə tuturam: bəşəriyyət ta qədim zamanlardan mədəni inkişaf yolu keçib. (Bilirəm ki, bir çox insanlar “sivilizasiya” sözünə üstünlük verirlər.) Yaratdığımız bütün yaxşı şeylərə görə bu inkişafa borcluyuq, eyni zamanda, onların bir qismindən əziyyət çəkirik. Bu prosesin səbəbləri və mənşəyi qaranlıqdır, nəticəsi məlum deyil, ayrı-ayrı xüsusiyyətləri asanlıqla tanınır. Bəlkə də bu, insan irqinin yox olmasına gətirib çıxaracaq, çünki seksual funksiyaya ən müxtəlif şəkildə təsir edir. Artıq bu gün mədəniyyətcə geri irqlər və əhalinin aşağı təbəqələri yüksək sivilizasiyalılardan daha intensiv çoxalırlar. Bu prosesi müəyyən heyvan növlərinin əhliləşdirilməsi prosesi ilə müqayisə etmək olar; heç bir şübhə yoxdur ki, bu proses orqanizmin konstitusiyasında dəyişikliklərə səbəb olur; mədəni inkişafın xüsusi üzvi proses olması fikrinə hələ də öyrəşməmişik. Bu mədəni prosesi müşayiət edən psixi dəyişikliklər göz qabağındadır və birmənalı deyil. Onlar meyillərin məqsədlərinin tədricən dəyişməsindən və instinktiv çağırışların məhdudlaşdırılmasından ibarətdir. Əcdadlarımızı sevindirən sensasiyalı həzzlər bizə mənasız, hətta iyrənc gəlir; və ideala münasibətdə etik və estetik tələblərimiz dəyişibsə, deməli, bunun üzvi əsası var. Mədəniyyətin psixoloji xüsusiyyətlərindən ikisi mənə çox vacib görünür: meyilləri özünə tabe etməyə başlayan intellektin güclənməsi və aqressiyaya meylin özünü dərk edən şəxsiyyətin daxilinə keçməsi – bu prosesdən doğan bütün üstünlük və təhlükələrlə birlikdə. Mədəni-tarixi prosesin bizdə formalaşdırdığı psixi münasibətlər müharibə ilə ən aşkar ziddiyyət təşkil edir və təkcə bu səbəbdən müharibəyə nifrət etməliyik. Biz sadəcə olaraq daha ona dözə bilmərik və bu halda o təkcə intellektual və ya emosional rəddetmə deyil. Müharibə biz pasifistlərdə fiziki ikrah, ən ifrat formalı özünəməxsus idiosinkraziyalar doğurur. Müharibənin estetik çirkinliyi də ən azı onun dəhşətləri qədər nifrətimzə səbəb olur.

Yəni başqaları da pasifist olana qədər gözləməliyik? Bunu proqnozlaşdırmaq mümkün deyil, amma bəlkə də bu o qədər də utopik bir ümid deyil və hər iki amilin təsiri – həm mədəniyyətin təsirinin, həm də gələcək müharibələrin nəticələrinin yaratdığı haqlı qorxu yaxın gələcəkdə müharibələrə son qoyacaq. Bunun hansı yollarda və ya döngələrdə baş verəcəyini hələlik proqnozlaşdıra bilmirik. Bununla belə, iddia etməyə cəsarət edirik: mədəni inkişafı təşviq edən hər şey həm də müharibənin əleyhinə işləyir.

Sizi ürəkdən salamlayır və fikirlərim məyus etdisə, üzr istəyirəm. Sizin Ziqmund Freyd Tərcümə: AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
1
azvision.az

2Mənbələr