Ötən həftə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində xüsusi əməliyyat keçirib. Əməliyyat barədə ilkin məlumatlarda qeyd olunurdu ki, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə faktları ilə bağlı rayon icra başçısı İslam Rzayev və bir neçə vəzifəli şəxs saxlanılıb. Bu xəbər ictimaiyyətdə rezonans doğurdu, lakin hadisənin təfərrüatları ilə bağlı rəsmi orqanlardan açıqlama gəlmədi.
Balakən Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Aydın Xoçbərov sonradan mediaya açıqlamasında bildirib ki, yayılan bəzi xəbərlər həqiqəti əks etdirmir: “İcra başçısının müavini, köməkçiləri və rayonun baş memarının saxlanması ilə bağlı məlumatlar doğru deyil. Sözügedən əməkdaşların hər biri hazırda iş başındadır”.
O həmçinin qeyd edib ki, Balakən Rayon İcra Hakimiyyətinə kimin rəhbərlik edəcəyi dövlət başçısının sərəncamından sonra məlum olacaq. Bu açıqlama ictimaiyyətin diqqətini əsas suala yönəltdi: “Əgər DTX əməliyyatı gerçəkdirsə, niyə yalnız icra başçısı saxlanılıb, digərləri işdə qalır?”
2020-2024-cü illər ərzində DTX-nın keçirdiyi əməliyyatlar göstərir ki, xidmətin fəaliyyət strategiyası əvvəlki illərlə müqayisədə dəyişib. Əvvəllər korrupsiya və rüşvət halları aşkarlandıqda bütöv struktur rəhbərləri və şöbə müdirləri eyni vaxtda saxlanılırdı. Son dövrlərdə isə DTX daha məqsədyönlü və hədəfli əməliyyatlar həyata keçirir.
Məsələn, Yevlax (2020) və Cəlilabad (2021) rayonlarında yalnız icra başçıları saxlanılmış, digər vəzifəli şəxslər istintaqa çağırılmış, lakin barələrində həbs-qətimkan tədbiri seçilməmişdi.
Göygöl (2023) əməliyyatında da eyni tendensiya müşahidə olunub.
Lakin Neftçala (2020) və İmişli (2020) rayonlarında icra başçıları ilə birlikdə müavinlər, baş mühasiblər və şöbə rəhbərləri də həbs edilmişdi. Bu əməliyyatlar geniş korrupsiya zəncirinin ifşasına xidmət edirdi.
Beləliklə, son beş ildə iki əsas model formalaşıb:
1. Yalnız əsas fiqurun saxlanıldığı hədəfli əməliyyatlar – idarəetmənin sabitliyini qorumağa yönəlir.
2. Kollektiv məsuliyyət daşıyan struktur əməliyyatları – geniş korrupsiya şəbəkəsinin ifşasına xidmət edir.
Balakən və Qaradağ hadisələri hazırda birinci modelə uyğun görünür.
Rəsmi açıqlamaların məhdudluğu fonunda ən real ehtimal budur ki, Balakən əməliyyatı zamanı yalnız icra başçısı İslam Rzayev saxlanılıb, digərləri isə istintaqa cəlb edilmə mərhələsindədir. Bu, DTX-nin son dövrlərdə tətbiq etdiyi “cərrahi metod” strategiyasına uyğun gəlir: əvvəlcə əsas fiqur təcrid edilir, daha sonra onunla əlaqəli şəxslərin rolu və məsuliyyət dərəcəsi müəyyən olunur.
Digər əməkdaşların hazırda işdə olması onların məsuliyyətsizliyini deyil, istintaqın mərhələli aparılmasını göstərir. 2021-ci ildə Cəlilabad rayonunda icra başçısı saxlanıldıqdan sonra müavin və şöbə rəhbərləri bir neçə gün ərzində dindirimiş, bəziləri vəzifədən azad edilmiş, lakin heç biri barəsində cinayət işi açılmamışdı.
İcra hakimiyyəti sistemində məsuliyyətin zəncirvari təbiəti belə yanaşmanı vacib edir.
Rayon icra hakimiyyətlərində qərarvermə prosesi çox vaxt kollektiv səlahiyyətlər üzərində qurulur. Büdcə vəsaitlərinin bölüşdürülməsi, tikinti layihələrinin təsdiqi və torpaq satışı kimi məsələlərdə icra başçısı ilə yanaşı müavinlər, baş memar və iqtisadiyyat şöbəsi də qərarverici rol oynayır. Buna görə də, icra başçısının məsuliyyətə cəlb olunması halları adətən struktur səviyyəsində intizam tədbirlərinə səbəb olur. Balakən hadisəsində yalnız bir nəfərin saxlanılması iki məna daşıya bilər: ya korrupsiya faktı şəxsi qərar səviyyəsində baş verib, ya da istintaq sübut bazasını hələ tam formalaşdırmayıb.
Son iki ildə aparılan əməliyyatlar göstərir ki, DTX antikorrupsiya tədbirlərində iki paralel məqsədi güdür:
1. Cəza və məsuliyyət mexanizmini qorumaq,
2. Yerli idarəetmədə iflic vəziyyəti yaratmamaq.
Bu səbəbdən bir çox əməliyyatlarda yalnız əsas fiqur - icra başçısı saxlanılır. Daha sonra Prezident Administrasiyası müvəqqəti icra başçısı təyin edir və yerli idarəetmə fasiləsiz davam etdirilir. Balakən və Qaradağ hadisələrində də eyni modelin tətbiq olunacağı gözlənilir.
Regionlarda icra hakimiyyəti və Prezidentin xüsusi nümayəndəliyi modelləri rəqabət mərhələsindədir.
Əməliyyatlar həm də göstərir ki, ənənəvi icra hakimiyyəti modeli artıq regionlarda mərkəzi nəzarət üçün yetərli deyil.
Köhnə icra hakimiyyəti sistemi iyerarxik və lokal maraqlara əsaslanırdı, səlahiyyətlər isə çox vaxt mərkəzi yoxlamadan kənar verilirdi. Bu isə korrupsiya və səlahiyyət sui-istifadəsi hallarını artırırdı.
Son dövrlərdə bir sıra regionlarda Prezident Administrasiyası tərəfindən xüsusi nümayəndələr təyin olunub ki, bu modeldə səlahiyyət və məsuliyyət daha mərkəzləşdirilmiş və şəffaf şəkildə idarə olunur.
Balakən və Qaradağ əməliyyatları göstərir ki, köhnə icra hakimiyyəti sistemi artıq səmərəli işləmədiyi üçün xüsusi nümayəndəliyə keçid praktiki baxımdan zərurətə çevrilir. Bu əməliyyatları eksperimental keçid mərhələsi kimi qiymətləndirmək olar.
Balakən və Qaradağ əməliyyatları aşağıdakı mühüm nəticələri ortaya qoyur:
1. Hədəfli həbs siyasəti - yalnız əsas fiqurlar təcrid olunur, idarəetmə bloklanmır.
2. Şəxsi məsuliyyət prinsipi - icra strukturlarında kollektiv günah anlayışı tədricən aradan qalxır.
3. Mərkəzləşdirilmiş idarəetmə modeli - Prezidentin xüsusi nümayəndələrinin rolunun artırılması regionlarda idarəetməni daha səmərəli edir.
4. Hüquqi və idarəetmə transformasiyası - əməliyyatlar antikorrupsiya strategiyasının növbəti mərhələsini və regionlarda idarəetmə modelinin sistemli dəyişməsini göstərir.
Beləliklə, Balakən əməliyyatı yalnız icra başçısının məsuliyyətə cəlb olunması ilə bitməyəcək. İstintaqın nəticələrinə uyğun olaraq, digər vəzifəli şəxslərin məsuliyyəti də müəyyən ediləcək və regionlarda köhnə icra hakimiyyəti sistemindən yeni prezident nümayəndəliyi modelinə keçid daha aydın formalaşacaq.
Akif NƏSİRLİ