AZ

Skuterlə bağlı məhdudiyyətlər olmalıdır Ekspert

ain.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son vaxtlar şəhər və qəsəbə yollarında skuterlərin sayı xeyli artıb. Xüsusən də azyaşlıların bu nəqliyyat vasitələrindən istifadə etməsi təhlükəsizlik baxımından narahatlıq doğurur. Bəzi hallarda onların yol hərəkəti qaydalarına əməl etməməsi qəzalarla nəticələnir. Bəs magistral yollarda skuter idarə edilməsi üçün yaş həddi müəyyən edilməlidirmi? Azyaşlıların bu vasitələrdən istifadəsi necə tənzimlənməlidir?

Nəqliyyat eksperti İlqar Hüseynli Metbuat.az-a açıqlamasında bildirib ki, magistral yollarda skuterlərin idarə olunması ilə bağlı müəyyən məhdudiyyətlər olmalıdır.

Onun sözlərinə görə, azyaşlı uşaqların skuterlərdən istifadəsinə, ümumiyyətlə, icazə verilməməlidir:

"Bununla bağlı müvafiq qanunlar və qaydalar tətbiq olunmalıdır. Çünki ehtiyatsızlıq ucbatından qəza risklərinin artmasına səbəb olur. Bəzən təcrübəsiz uşaqlar magistral yollara çıxır və bu da ciddi təhlükə yaradır. Buna görə də müəyyən dövr üçün məhdudiyyətlərin qoyulması vacibdir".

İ.Hüseynli qeyd edib ki, bu istiqamətdə orta məktəblərin aşağı siniflərində xüsusi təlimlər keçirilməlidir:

"Mən xatırlayıram ki, Amerika Birləşmiş Ştatlarında nəqliyyat təhlükəsizliyi sahəsində təcrübə keçərkən maraqlı bir hadisənin şahidi olmuşdum. Şəhərin kiçik bir maketini hazırlayıb yerləşdirmişdilər və ora vaxtaşırı azyaşlı uşaqları gətirirdilər. Xüsusilə 6–8 yaş arası uşaqlara xüsusi müəllimlər dərs prosesi keçirdilər. Onlar bu maketdə həm skuterlərin, velosipedlərin idarə olunması, həm işıqforlardan istifadə, həm də piyada keçidlərində nəqliyyat vasitələrinə və piyadalara yol verilməsi qaydalarını öyrənirdilər. Düşünürəm ki, bu tipli simulyasiya təlimləri bizim məktəblərdə də tətbiq oluna bilər. Məktəblərin həyətində, xüsusilə qaçış zolağı olan kiçik stadionlarda, skuterlərin idarə olunması ilə bağlı təlim və kurslar keçirilsə, çox faydalı olar".

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
metbuat.az

2Mənbələr