AZ

ABŞ Meksika narkokartellərinə qarşı hərbi əməliyyata hazırlaşır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Meksikadakı narkokartellərə qarşı genişmiqyaslı hərbi əməliyyat planını nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, NBC News-un məlumatına görə, artıq ABŞ xüsusi təyinatlı qüvvələrinin və kəşfiyyat orqanlarının iştirakı ilə hazırlıq işlərinə başlanılıb. Plan çərçivəsində kartellərin laboratoriyalarına və liderlərinə pilotsuz uçuş aparatları vasitəsilə zərbələr endirilməsi nəzərdə tutulur.

Qeyd olunur ki, qərar hələ tam qəbul edilməyib və əməliyyatın miqyası müzakirə mərhələsindədir. İndiyə qədər Vaşinqton Meksika təhlükəsizlik qüvvələrinə yalnız dəstək göstərirdi, lakin birbaşa hərbi müdaxiləyə əl atmırdı.

Məlumata görə, Ağ Ev əməliyyatları Meksika hökuməti ilə koordinasiya etmək niyyətində olsa da, onun razılığı olmadan da hərəkət etmə ehtimalını istisna etmir.

Xatırladaq ki, bu ilin fevralında ABŞ altı Meksika kartelini terror təşkilatı kimi tanıyıb. Bu qərar Amerika kəşfiyyatına və ordusuna daha geniş səlahiyyətlər qazandırıb.

Bununla yanaşı, Tramp administrasiyası Venesuela istiqamətində də narkotik ticarətinə qarşı əməliyyatlar aparır. ABŞ hərbçiləri indiyədək ondan çox gəmiyə zərbə endirib. Vaşinqton həmçinin Venesuela rejiminə qarşı təzyiqləri artırır və diktatorun devrilməsi variantını da müzakirə edir. 

 

Musavat.com

Seçilən
98
musavat.com

1Mənbələr