AZ

BMT: Dünyada jurnalist qətllərinin 85 faizinin üstü açılmamış qalır...

Dünyada jurnalistlərlə bağlı qeydə alınan on qətldən doqquzunun üstü açılmamış qalır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş jurnalistlərə qarşı cinayətlərdə cəzasız qalmağa son qoyulması üzrə Beynəlxalq Gün münasibətilə etdiyi müraciətində bildirib.

UNESCO-nun məlumatına görə, 2023-cü ilin avqustundan 2025-ci ilin mayınadək 163 jurnalist qətli qeydə alınıb. Onlardan 12-si qadındır. Onlar əsasən Qəzza (46 hal), Sudan (13 hal) və Ukrayna ərazisində (8 hal) qeydə alınan münaqişə zonalarında həlak olublar.

Jurnalistlərə qarşı cinayətlərdə cəzasızlığa son qoyulması üzrə Beynəlxalq Gün BMT Baş Assambleyası tərəfindən 2013-cü ildə təsis edilib və hər il noyabrda qeyd olunur. Bu tarix 2013-cü ildə Malidə qətlə yetirilmiş iki fransız jurnalistin xatirəsinə seçilib. Həmin gün dünya ictimaiyyətinə xatırladır ki, jurnalistlərə qarşı zorakılığa görə cəzasızlıq söz azadlığını, demokratiyanı və cəmiyyətin etibarlı informasiya almaq hüququnu sarsıdır.

“Qəzzada jurnalistlərin qətllərini qətiyyətlə pisləyirəm, onların sayının çox olmasından dərin narahatlıq hissi keçirirəm və müstəqil, qərəzsiz araşdırmalar aparılmasına çağırıram”, – deyə Antonio Quterreş vurğulayıb. “Beynəlxalq jurnalistlərin Qəzzaya daxil olmasına maneə yaradan qadağa qəbuledilməzdir”, - deyə o söyləyib.

Jurnalistlərin qətlləri müharibə getməyən ölkələrdə də baş verir. UNESCO-nun məlumatına əsasən, göstərilən dövrdə Meksikada 15 media nümayəndəsi qətlə yetirilib. Jurnalistlərin qətlə yetirilməsinin ən çox təsdiqlənmiş halları ərəb dövlətlərində (82 hal), daha sonra Latın Amerikası və Karib hövzəsi ölkələrində (34 hal), Asiya və Sakit okeanı regionunda (30 hal), Afrikada (5 hal), həmçinin Avropa və Şimali Amerikada (12 hal) qeydə alınıb.

BMT Baş katibi qeyd edib ki, jurnalistlərə qarşı cinayətlərdə qlobal cəzasızlıq səviyyəsi hələ də çox yüksəkdir. 2022-ci illə müqayisədə bir faiz azalma müşahidə olunsa da, jurnalistlərin qətllərinin 85 faizinin üstü açılmamış qalır. Ən yüksək cəzasızlıq Yaxın Şərq və Şimali Afrika regionunda qeydə alınıb, ardınca Asiya–Sakit okeanı regionu və Afrika gəlir. Səbəblər arasında hüquq-mühafizə və məhkəmə sistemlərinin zəifliyi və korrupsiya, siyasi iradənin yoxluğu, eləcə də siyasi xadimlər, korrupsiyalaşmış biznes dairələri və mütəşəkkil cinayətkarlıq arasındakı əlaqələr göstərilir.

Təbii ehtiyatların istismar intensivliyinin yüksək, mətbuat azadlığı səviyyəsinin isə aşağı olması arasında da əlaqə mövcuddur. 2013–2021-ci illər ərzində karbohidrogen xammalının 78 faizi, mədən sənayesi məhsullarının 45 faizi və meşə məhsullarının 67 faizi mətbuat azadlığının vəziyyətinin “mürəkkəb” və ya “çox ağır” qiymətləndirildiyi ölkələrdən ixrac olunub.

Ekoloji mövzuları işıqlandıran jurnalistlər tez-tez iri korporasiyaların qanun pozuntuları, dövlət orqanlarındakı korrupsiya və hökumətlər tərəfindən təsdiqlənmiş layihələrin mənfi nəticələri barədə məlumat vermək zərurəti ilə üzləşirlər.

“Jurnalistləri susduranda biz hamımız səsimizi itiririk”, – deyə Antonio Quterreş yekunlaşdırıb.

Seçilən
37
4
sia.az

5Mənbələr