AZ

Dövlət qulluğu imtahanlarından yüksək balla keçənlər iş tapa bilmir – “prosesi qara əllər idarə edir”...


İlqar Hüseynli: “...Kifayət qədər ciddi problemə çevrilib”

Dövlət qulluğu vəzifələrində işləmək istəyənlər imtahanlarda iştirak edir, test imtahanı verir, müsahibə prosesində iştirak edirlər. Bu gün dövlət qulluğu üzrə keçirilən imtahanlara gənclərin böyük maraq göstərdiyi məlumdur.

Böyük həvəslə, böyük zəhmətlə imtahanın bütün pillələrini müvəfəqqiyyətlə keçən şəxslərin xeyli bir hissəsi arzu etdiyi vəzifəni əldə etsə də, amma bəzi hallarda dövlət qulluğuna qəbul imtahanında yüksək bal alanlar heç bir yerdə işə qəbul oluna bilmir. Bununla bağlı saysız faktlar, söyləntilər var. Hələ də onlar arasında işə dəvət ediləcəyi günü gözləyənlər var. Bəzi yüksək bal toplayanlara “gedin gözləyin, biz özümüz müvafiq iş olan kimi çağıracağıq” deyilib.

Dövlət qulluğu imtahanlarında yüksək bal toplayanların hələ də işsiz qalmasının səbəbi nədir? Bu nə ilə bağlıdır?

“İşə götürülmə prosesində bəzən hansısa bir nəslin, ailənin, dövlət vəzifəsində olan məmurun yaxını, qohumu olmaq kimi faktorlar da əsas götürülür”

Sosial-iqtisadi sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, işə götürmə ilə bağlı çox ciddi problemlər var. “İstər müxtəlif dövlət qurumlarına, istərsə də özəl sektora olsun, bilik və bacarıqları, təcrübəni bəzən bir kənara qoyub bu və digər formada özlərinə uyğun şərtlər əsasında işçiləri işə qəbul etməyə meyl edirlər. Bunların sırasında kimlərinsə yaxın adamı olmaq, kimlərinsə tapşırığı ilə işə götürülmək kimi məsələlər var. Yəni işə götürülmə prosesində bəzən hansısa bir nəslin, ailənin, dövlət vəzifəsində olan məmurun yaxını, qohumu olmaq kimi faktorlar da əsas götürülür. Bəzən işə götürmə prosesinin əsasında bu amillər dayanır. Açıq etiraf edək ki, işə götürən öz şərtlərini irəli sürür və əsasən yaş kateqoriyasına üstünlük verib işçinin daha gənc yaşda olmasını istəyir. Gizlin deyil, xüsusən də xanımların xüsusi çəkidə, boy ölçüsündə olması ilə bağlı anormal şərtlər irəli sürürlər. Yəni bu hallar ölkəmizdə kifayət qədər ciddi problemə çevrilib. Düzdür, savadına, biliyinə, qabiliyyətinə görə də işə götürülənlər də kifayət qədərdir. Ümumən demək olmaz ki, belə insanlar işə götürülmür, götürülür. Amma bu məsələdə ciddi problemlər yaşanır. Xüsusən də arxası olmayan, amma savadı, biliyi ilə özünü yüksək səviyyədə yetişdirmiş gənclərimizlə bağlı belə problemlər olur ki, onlar imtahanın bütün mərhələlərini keçir, amma işə götürülmənin ən son mərhələsində, yəni şifahi müsahibə pilləsindən keçirilmirlər və kənarda qalırlar. Bu da ölkədən xaricə beyin axınına səbəb olur, gənclərin ruhdan düşməsinə gətirib çıxarır”.

İ.Hüseynlinin sözlərinə görə, bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, proseslərdə “qara əllərin” olması da istisna deyil: “Bütün bu sadaladıqlarımın hamısını “qara əllər”in əməlləri kimi də qəbul etmək olar. İkincisi, bunun əlbəttə sübut mexanizmi olmalıdır. Kimlərsə burda kimlərisə rüşvət, korrupsiya yolu ilə işə götürmədə rol oynayırsa, bunlar haqqında dövlət orqanlarına, dövlətin güc strukturlarına hansısa məlumatlar çatdırılmalı, insanların bu yöndə şikayətlərinə ciddi şəkildə baxılmalı və əgər doğrudan belə hallar aşkarlanıbsa, onunla bağlı hüquqi mexanizmlər işə düşməlidir, belələri cəzalandırılmalıdır. Deyilən o “qara əllərin” sübut mexanizmi olmalıdır. Bu sözü səsləndirmək asandır, amma ortada kifayət qədər sübutlar olmalıdır”-deyə İ.Hüseynov qeyd etdi.

İradə SARIYEVA

Seçilən
76
baki-xeber.com

1Mənbələr