AZ

Paşinyan yeni hərbiləşdirilmiş dəstələr yaratdı - seçki hazırlığı gücləndirilir...


Elşən Manafov: “Hakimiyyətini təhdid edə biləcək daxili və xarici faktorlardan bu yolla qorunmaq istəyir”

Polis Mühafizəsi transformasiya olunmuş polis qüvvəsi deyil, tamamilə yeni bir strukturdur. Ermənistanın Baş naziri Nikol Paşinyan bunu Polis Mühafizəsinin yaradılmasına həsr olunmuş mərasimdə açıqlayıb.

"Biz yeni bir xidmətin təməlini qoyuruq və tamamilə yeni bir struktur yaradırıq. Keçdiyimiz yol bizim üçün vacibdir, amma bu gün yeni bir səhifə açılır", - deyə Baş nazir qeyd edib.

Onun sözlərinə görə, Mühafizənin yaradılması Daxili İşlər Nazirliyinin polis sisteminin islahatlarında mühüm mərhələdir. Nikolun fikrincə, təcrübə göstərir ki, transformasiya davam edən bir proses olduğundan, islahatların başa çatmasından danışmaq yersizdir. Paşinyan qeyd edib ki, Mühafizə yalnız keyfiyyətcə yeni bir xidmət göstərməklə kifayətlənməməli, həm də zəruri hallarda qanun və qaydanı qorumaq üçün güc tətbiq etməlidir. Eyni zamanda, o, gücdən yalnız müstəsna hallarda istifadə edilməli olduğunu vurğulayıb. "Lakin zəruri hallarda güc tətbiq edə bilən Polis Mühafizəsi olmadan ölkədə qanun və qaydanı qorumaq mümkün deyil", - deyə Paşinyan bildirib. O, yeni mühafizənin təhlükəsizliyin və qanunçuluğun təmin edilməsində əsas elementə çevriləcəyinə əmin olduğunu deyib.

Məlumat üçün qeyd edək ki, 1 noyabrdan etibarən Ermənistan DİN-də polis mühafizə dəstəsi fəaliyyət göstərir.

Məhz indi yeni polis mühafizə strukturunun yaradılması onu deməyə əsas verir ki, Paşinyan bununla parlament seçkiləri ərəfəsində öz siyasi mövqeyini bərkidir. Maraqlıdır, bəs ekspertlər bu amili necə dəyərləndirir?

“Paşinyanın qəbul etdiyi bu qərarın arxasında həm siyasi, həm geosiyasi və əlbəttə konyunktur maraqlar olmamış deyil”

Sözügedən məsələyə aydınlıq gətirən politoloq Elşən Manafovun fikrincə, Paşinyanın bunda bir neçə məqsədi var: “Raşinyanın Ermənistanın Daxili İşlər orqanlarında həyata keçirmək istədiyi struktur dəyişiklikləri hüquq-mühafizə orqanlarının işində effektivliyin təmin edilməsi ilə bağlıdır. Bundan irəli gəlməklə müasir çağırış təhdidlərə qarşı Ermənistanın daxilində təhlükəsizlik və asayişin qorunması ilə bağlı ehtiyacdan doğub. Gələn il ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində Paşinyan onun siyasi hakimiyyətini təhdid edə biləcək daxili və xarici faktorlardan bu yolla qorunmaq istəyir. Hakimiyyət üçün təhlükə təşkil edə biləcək amillərdən sığortalanmaq istəyir. Kilsə və müxalifətin iş birliyi, habelə Rusiyadan olan erməni əsilli milyarder Karapetyanın seçkilər zamanı ölkədə qarışıqlıq və xaos yarada biləcəyi ilə bağlı perspektiv amillər Paşinyanı buna vadar edir. Yəni hüquq-mühafizə orqanlarının gücləndirilməsi istiqamətində addımlar atmağa vadar edir. Ermənistanda ordunun komandanlığında Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda maraqlı yüksək çinli zabitlərin olması Paşinyanı polisin maddi-texniki təchizatının gücləndirilməsi istiqamətində islahatlar aparmağa sövq edə biləcək faktorlar sırasına aid edilir. Türkiyədə “Ergenekon” hadisələri zamanı Ərdoğanın “dərin dövlətçilik”lə münasibətlərdə şübhəli bilinən ordu rəhbərliyindəki şəxslərin zərərsizləşdirilməsi və komandanlıqdan uzaqlaşdırılması üçün bu sayaq islahatlar keçirməsi onun siyasi müxalifətlə qarşıdurmasında ölkənin milli təhlükəsizlik maraqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edib. İnamla demək olar ki, Ermənistanda da belə bir təcrübənin sınaqdan keçirilməsi üçün məlum dairələr bu sayaq addımları atmağı planlaşdıra bilərlər. Bu baxımdan Daxili İşlər orqanlarında struktur islahatlarının həyata keçirilməsi üçün Paşinyanın qəbul etdiyi bu qərarın arxasında həm siyasi, həm geosiyasi və əlbəttə konyunktur maraqlar olmamış deyil”.

Vidadi ORDAHALLI

Seçilən
51
baki-xeber.com

1Mənbələr