Goranboyda dostunu döyəndən sonra bıçaqlayan şəxsə hökm oxunub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində 30 yaşlı gənci bıçaqlamaqda təqsirləndirilən Bəxtiyar Quliyev 8 il azadlıqdan məhrum edilib.
İttihama görə, 26 yaşlı Bəxtiyar Quliyevlə 30 yaşlı Namiq İsalı dost olublar. Onlar rayon ərazisindəki çay evində olarkən aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində Bəxtiyar digər dostu ilə birlikdə Namiqi döyüb. İş Goranboy Rayon Məhkəməsinə verilib və prosesdə tərəflər barışmayıblar. Məhkəmənin hökmü ilə B.Quliyevə 3 il azadlığın məhdudlaşdırılması cəzası verilib.
Məhkəmədən çıxan B.Quliyev binanın həyətində Namiqlə yenidən mübahisə edib və ondan əl çəkməyəcəyini bildirib. Hadisə vaxtı B.Quliyevin atası da orada olduğundan, onlar arasında dava baş tutmayıb.
Həmin gün axşam saatlarında Namiq Bəxtiyara zəng vuraraq, görüşə çağırıb və söyüb. Bəxtiyar da evdən mətbəx bıçağı götürərək, idarə etdiyi "Niva" avtomobili ilə Namiqin görüş təyin elədiyi yanacaqdoldurma məntəqəsinə gəlib. O, avtomobildən düşərkən Namiq əlində taxta parçası ilə onun üstünə hücum edərək, başından vurub. Zərbədən qismən yayınan Bəxtiyar özü ilə götürdüyü bıçaqla Namiqə zərbələr endirib. Daha sonra Bəxtiyar təcili yardım briqadası çağıraraq, Namiqi xəstəxanaya çatdırıb. Daha sonra isə polisə gedib təslim olub.