AZ

Milli kimliyimizin məbədi

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxış edən Prezident İlham Əliyev bir sıra mühüm mesajlar verərək bu zəngin elm məbədimizin şanlı tarixindəki rolunu, müasir inkişafımızdakı əhəmiyyətini dəyərləndirdi. Cənab Prezidentin də vurğuladığı kimi Akademiya 80 il ərzində böyük yol keçib”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri siyasi elmlər doktoru, professor Vaqif Abdullayev bildirib.

Onun sözlərinə görə, Elmlər Akademiyası, həqiqətən də, elmi dəyərlərimizin istinadgahı, simvoludur, elmimizin simasıdır: “Bu ali məbəd dünya elminə görkəmli ailmlər - Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Zahid Xəlilov, Eldar Salayev, Heydər Hüseynov, Mustafa Topçubaşov, Mirəli Qaşqay, Zərifə Əliyeva, Aida İmanquliyeva, Həsən Əliyev kimi Azərbaycan elminin qızıl fondunu bəxş edib.

Bu elm mərkəzində yüzlərlə alim həyatlarını Akademiyanın inkişafına həsr edərək parlaq və sanballı şəxsiyyətlər kimi Azərbaycanda dəyərli alimlər yetişdiriblər. Onların böyük bir qismi hazırda Türkiyə, Rusiya, Ukrayna, ABŞ, Böyük Britaniya, Almaniya, Polşa, Cənubi Koreya və digər ölkələrin nüfuzlu universitetlərində uğurla elmi fəaliyyətlərini davam etdirirlər”.

V.Abdullayev qeyd edib ki, Azərbaycan elminin inkişafında, Elmlər Akademiyasının yüksəlişində Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri çox böyükdür: “Ulu Öndər Akademiyanı “Müqəddəs elm ocağı” adlandırırdı. O, hələ ölkəmizə rəhbərlik etdiyi birinci dövrdə Akademiyaya xüsusi qayğı ilə yanaşaraq 30 dekabr 1969-cu ildə 25 illik yubileyinin keçirilməsi haqqında tarixi qərar imzalamışdı. 70-ci ilərdə Ulu Öndər Akademiyanın müxtəlif institut və bölmələrini yaratmaqla elmimizin inkişafına töhfələr vermişdir.

Onun təşkilatçılıq istedadı nəticəsində Elmlər Akademiyası dünyada şöhrət qazandı, özünün kadr potensialını yaratdı, maddi-texniki bazasını möhkəmləndirdi. Çoxəsrlik tariximizdə ilk universal milli 10 cildlik Azərbaycan Ensiklopediyası da Heydər Əliyevin təşəbbüsü ilə nəşr edildi.

Çox təəssüf ki, AXCP-Müsavat hakimiyyəti dövründə bütün elmi strukturlar sıradan çıxarıldığı kimi, burada biganəliklə üzləşən alimlərimiz dözülməz çətinliklər yaşadı. Hətta o dövrdə Elmlər Akademiyasının bağlanması məsələsi meydana çıxmışdı.

Heydər Əliyev 1993-cü ildə hakimiyyətə yenidən qayıtdıqdan sonra bu qara buludlar da Akademiyanın üzərindən təmizləndi. O, 1993-cü il sentyabrın 21-i Elmlər Akademiyasında alimlərlə görüşərək xüsusi ehtiramını ifadə etdi. Məhz onun Fərmanı ilə Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verildi.

Cənab Prezident İlham Əliyev də Milli Elmlər Akademiyasına davamlı diqqət və qayğısını əsirgəməmişdir. Onun 2010-cu ildə AMEA-nın illik yığıncağında iştirakı və alimlər qarşısında çıxışı və dəyərli tövsiyələr verməsi AMEA-ya xüsusi hörmətin nümunəsidir.

Təəssüf ki, bəzi rəhbərlərin dövründə də AMEA xoşagəlməz hadisələrin yaşandığı ünvana çevrildi, çoxəsrlik elmi tariximizə və elm ictimaiyyətinə yaraşmayan hallar baş verdi. Ancaq onların bu özbaşınalığı da sona çatdı.

Bu gün AMEA-nın qarşısında yeni üfüqlər açılıb, sağlam yaradıcılıq mühiti və əsl elmi rəqabət meydanı yaranıb, Akademiya əqidəli və layiqli insanların elm ocağı kimi yeni mərhələsini yaşayır.

Öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan qarşısında və elm və təhsilin, sənayenin vəhdətini quran AMEA qarşısında yeni vəzifələr durur. 80 illik yubiley mərasimində Prezident İlham Əliyevin də vurğuladığı kimi, Akademiyamız Azərbaycanın yeni inkişaf reallıqlarına uyğun elmi-iqtisadi-sənaye uğurları, intellektual mülkiyyət, zəka məhsulları yaradılmasına töhfə verməlidir. İnanıram ki, AMEA qarşıya qoyulan bu tapşırıqları yerinə yetirəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
5
qafqazinfo.az

6Mənbələr