AZ

Şabranda kompleks mülki müdafiə təlimi təşkil edilib

Bakı, 3 noyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzininm (RM) təşkilatçılığı ilə Şabran rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarəedilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Şabran rayonunda təlim üçün nəzərdə tutulmuş qərargahda müşavirə olub.

Müşavirədə çıxış edən Şimal RM-in rəisi, polkovnik Fuad İlyasov mülki müdafiə tədbirlərinin icra vəziyyəti barədə məlumat verib, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib, fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib.

Müşavirədə çıxış edən Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov mülki müdafiə sahəsində qurumların birgə fəaliyyətinin və əməkdaşlığının əhalinin təhlükəsizliyinin təmin olunması işində mühüm rol oynadığını diqqətə çatdırıb.

Sonra kompleks mülki müdafiə təliminə başlanılıb.

Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin yüksək səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarəolunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub. Bununla yanaşı, təlim keçirilərkən diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, FHN qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri tərəfindən şərti olaraq fövqəladə hal baş vermiş ərazidə kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işləri həyata keçirilib. Eyni zamanda, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizootiyaya qarşı mühafizə işlərinin reallaşdırılması, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların zəruri həyat təminatlarının təşkil edildiyi çadır şəhərciyində müvəqqəti olaraq yerləşdirilməsi tədbirləri yerinə yetirilib.

Kompleks mülki müdafiə təliminə ümumilikdə 204 nəfər şəxsi heyət və 34 ədəd texnika cəlb edilib. Tədbirin gedişində FHN-in qüvvələri, rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Seçilən
9
12
azertag.az

10Mənbələr