AZ

Minimumda dolanıram , Ayın axırını görmürəm ... Zənginlər toyuq yeyir, biz niyə kreditlə yaşayırıq?

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Seulda bir restoranda üç nəhəng “Nvidia”nın baş direktoru Censen Huan, “Samsung Electronics”in sədri Li Çje Yon və “Hyundai Motor Group”un rəhbəri Çon Iyson bir araya gəliblər. Qlobal texnologiya və avtomobil sənayesinin zirvəsində dayanan bu şəxslərin illik gəliri bəzi ölkələrin büdcəsindən çoxdur. Amma onların süfrəsində nə kürü vardı, nə trüfel, nə də “Michelin” ulduzlu təamlar. Sadəcə qızardılmış toyuq və pivə. Üstəlik, yeməklərin hər ikisinin qiyməti cəmi 14 ABŞ dollar. Bu mənzərə, istər-istəməz, bir sualı doğurur: biz niyə ayın əvvəllərində bahalı restoranlarda pul xərcləyib, ayın axırında “büdcə rejiminə” keçiririk, amma milyarderlər 14 dollarlıq süfrə ilə kifayətlənirlər?

Əslində, bu görüşün arxasında iqtisadi və psixoloji mesaj gizlidir. Uğurlu insanların çoxu üçün “sadəlik” bir davranış tərzidir. Onlar bilir ki, dəyər süfrədəki yeməyin qiymətində deyil, masadakı söhbətin məzmunundadır.

Censen Huan üçün bu görüş 14 dollarlıq yeməkdən çox, trilyon dollarlıq süni intellekt gələcəyinin müzakirəsi idi. Amma bizdə çox zaman tərsinə olur: məzmun yox, görüntü ön plana çıxır. Bahalı restoran, brend paltar, “story”də parlayan masa. Halbuki kredit kartının balansı çoxdan xəbərdarlıq verir.

Li Çje Yon hesabı əvvəlcədən ödəyib, üstəlik, restoranın digər müştərilərinə də qonaqlıq verib. Bu, “qənaətcilik” deyil, dəyərin yönləndirilməsi nümunəsidir. Onlar pullarını görüntü üçün deyil, gələcək texnologiyalara, innovasiyalara, elmi tədqiqatlara yatırırlar. Biz isə çox vaxt elə ilk maaş günü özümüzə “bayram süfrəsi” açırıq, sonra da düşünürük ki, ayın axırına necə çıxacağıq.

Bu paradoks təkcə bizdə deyil. Dünyada da var. Zənginlər “minimalizm” fəlsəfəsini qəbul edir, orta təbəqə isə “lüks” təəssüratı yaratmağa çalışır. Biz sosial mediada həyatımızın ən bahalı kadrlarını paylaşmaqla, bəlkə də, uğurlu görünmək istəyirik. Amma görünməklə olmaq arasında uçurum var.

Ayın axırına necə çıxaq?

Bəlkə də cavab çox sadədir: 14 dollarlıq süfrədən utanmayaq. Bir gün 14 dollarlıq toyuq süfrəsində oturub, sabah böyük ideyalar qura bilərik. Həyatın keyfiyyəti masanın üstündə deyil, başımızdakında formalaşır. Ona görə də ayın əvvəlində özümüzə sual verək: “Bu hesab məni doyuracaqmı, yoxsa yalnız başqalarının gözündə parlayacaqmı?” Çünki milyarderlərin süfrəsində toyuq, bizim süfrəmizdə isə çox vaxt illüziya olur.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
67
icma.az

1Mənbələr