Azərbaycana gətirilən ekoloji təmiz avtomobillərin sayı rekord həddə çatıb.
FED.az xəbər verir ki, Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika və Dövlət Gömrük Komitələrinin rəsmi məlumatları əsasında təhlilə görə, 2020-ci ilin əvvəlindən 2025-ci ilin 1 oktyabr tarixinədək ölkəyə ümumilikdə 122 579 ədəd “yaşıl” minik avtomobili idxal olunub.
Bu avtomobillərin:
56,7%-i (69 500 ədəd) — hibrid,
36,4%-i (44 578 ədəd) — “plug-in” hibrid,
6,9%-i (8 501 ədəd) — tam elektrik mühərrikli avtomobillərdir.
MTM-in təhlili göstərir ki, 2024-cü ilin 4-cü rübündən etibarən Azərbaycan avtomobil bazarında yeni bir tendensiya başlayıb və “plug-in” hibridlər klassik hibrid modelləri geridə qoyub.
Əgər 2024-cü ilin 3-cü rübündə ölkəyə 4 389 ədəd hibrid, 2 362 ədəd “plug-in” hibrid gətirilmişdisə, növbəti rübdə vəziyyət tam dəyişib:
5 384 “plug-in” hibrid,
5 103 hibrid — yəni ilk dəfə “elektriklə doldurulan” hibridlər öndə gedib.
Cari ilin (2025) 3-cü rübündə ölkəyə gətirilən “plug-in” hibridlərin sayı 17 909 ədədə çatıb. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir.
Eyni dövrdə isə 3 518 hibrid, 630 elektromobil idxal olunub.
Bu rəqəmlər göstərir ki, “plug-in” hibridlər artıq Azərbaycanın “yaşıl nəqliyyat” bazarında aparıcı yerə çıxıb.
Tam elektrik mühərrikli avtomobillərin (elektromobillərin) idxalı isə hələlik məhdud templə artır. Heç bir rübdə 1000 ədədlik həddi keçməyən elektromobil idxalı üzrə ən yüksək göstərici 2023-cü ilin 3-cü rübündə 994 ədəd olub (Qafqazinfo).