AZ

İlham Əliyev: "İqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur"

Azərbaycan iqtisadiyyatının aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur.

Aznews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında bildirib.

"Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumi daxili məhsul (ÜDM) çox artmır. Bunun da əsas səbəbi neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir. Ancaq bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur. Bu, bizim ümumi iqtisadiyyatımızın əksəriyyətini təşkil edir", - deyə Prezident qeyd edib.

Dövlət başçısının sözlərinə görə, bu gün dünyanın aparıcı reytinq agentlikləri - iki aparıcı beynəlxalq reytinq agentliyi ölkəmizin kredit reytinqini qaldırıb və bunu investisiya reytinqinə uyğun səviyyədə artırıb: "Bu, əlbəttə ki, ölkəmizdə gedən iqtisadi islahatların təzahürüdür. Çünki bu gün bizim iqtisadiyyat sağlam iqtisadiyyatdır. Biz heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq siyasi müstəqilliyi də gücləndirir".

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın xarici borcu çox aşağı səviyyədədir: "Sirr deyil ki, bir çox inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ÜDM-nin 100 %-ni, bəlkə də daha çox təşkil edir. Bizdə isə bu, cəmi 6 %-dən bir qədər çoxdur. Bizim valyuta ehtiyatlarımız ildən-ilə artır və bu il də əhəmiyyətli dərəcədə artıb, 80 milyard dolları ötüb, xarici borcumuzdan 16 dəfə çoxdur. Biz əgər istəsək, xarici borcumuzu bir neçə ay ərzində sıfırlaya bilərik. Yəni, bu göstəriciyə görə Azərbaycan bu gün dünya miqyasında aparıcı yerlərdədir".

Seçilən
26
3
aznews.az

10Mənbələr