AZ

Şamil Sabirzadə: “Zəfər Günü xalqımızın birliyinin, ədalətin və şəhidlərə ehtiramın simvoludur”

Azərbaycan xalqının azadlıq, ədalət və milli ləyaqət uğrunda mübarizəsinin zirvəsi olan 8 Noyabr – Zəfər Günü xalqımızın tarixinə qızıl hərflərlə yazılmış ən möhtəşəm səhifələrdən biridir. Qələbə ruhunu, milli həmrəyliyi və xalqımızın əzmini əks etdirən bu gün münasibətilə QHT.az ölkəmizin müxtəlif ictimai birliklərinin rəhbərləri ilə əlaqə saxlayaraq onların fikirlərini öyrənib.

“Səssiz Ünsiyyət – Jest Dilinin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Şamil Sabirzadə QHT.az-a açıqlamasında 8 Noyabr – Zəfər Gününün dərin mənəvi və ictimai əhəmiyyətindən danışıb. QHT sədri bildirib ki, Zəfər Günü onun üçün bir neçə ali dəyəri ifadə edir:

“Bu gün qürur günüdür, çünki xalqımızın birliyinin və əzminin rəmzidir.
Ədalətin bərpası günüdür, çünki torpaqlarımız azad olundu və xalqımızın haqq səsi dünyaya çatdı.
Şəhidlərə ehtiram günüdür, çünki qazandığımız zəfərin arxasında onların fədakarlığı dayanır.”

Şamil Sabirzadə qeyd edib ki, QHT sektoru milli həmrəyliyin və vətənpərvərlik ruhunun güclənməsində mühüm rol oynayır. Qeyri-hökumət təşkilatları gəncləri, könüllüləri və ictimaiyyət nümayəndələrini bir araya gətirərək milli dəyərlərin təbliğinə və cəmiyyətin birliyinə xidmət edirlər:

 

"Biz də öz növbəmizdə Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyi olaraq təşkilatımızın nitq və eşitmə qabiliyyəti məhdud gəncləri ilə hər zaman bu önəmli gün üçün öz töhfəmizi vermişik. Nəzərə alsaq ki, nitq və eşitmə qabiliyyəti məhdud gənclər əlilliyi olan şəxslər yəni həssas qrup kateqoriyasına aid olduqları və hərbi xidmətə gedə bilmədikləri üçün Vətənə olan borclarını bizim köməkliyimizlə vətənpərvərlik mövzusunda olan layihələrlə ödəmiş olurlar. Buna misal olaraq Azərbaycan Respublikasının Əməkdar Artisti Aygün Bəylərlə və eşitmə məhdudiyyətli gənclərlə ərsəyə gətirdiyimiz “Qarabağ” adlı sosial klipi göstərə bilərik. Zəfər Günü gələcək nəsillərə Vətən sevgisinin, milli birliyin və əzmin nə qədər güclü dəyərlər olduğunu aşılayır. Bu gün göstərir ki, xalq bir amal uğrunda birləşəndə heç bir çətinlik qarşısında dayanmaq mümkün deyil".

Şamil Sabirzadə həmçinin Zəfər Gününün beynəlxalq miqyasda tanıdılmasının vacibliyinə toxunub:

"Zəfər Gününün beynəlxalq səviyyədə tanıdılması üçün mədəni diplomatiya və ictimai əlaqələr istiqamətində ardıcıl təşəbbüslər vacibdir. Xarici ölkələrdə sərgilər, konfranslar, sənədli filmlər və təbliğat layihələri təşkil edilməli, bu qələbənin ədalət və beynəlxalq hüquq zəfəri kimi təqdim olunması təmin edilməlidir. Zəfər Günü Türk dünyasının birliyinin və həmrəyliyinin gücləndirilməsində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. 44 günlük Vətən müharibəsində əldə edilən qələbə təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qürur mənbəyinə çevrildi. Bu qələbə Türk Dövlətləri arasında siyasi, hərbi və mənəvi əlaqələrin möhkəmlənməsinə təkan verdi".

Seçilən
40
qht.az

1Mənbələr