AZ

HƏMAS tərksilah prosesinin bir hissəsi olaraq ağır silahlardan imtina edə bilər

Fələstinin HƏMAS hərəkatı atəşkəs razılaşmasının tərkib hissəsi kimi ağır silahlarından imtina etməyə razı ola bilər.

Editor.az xəbər verir ki, bu barədə məlumatı “Asharq Al-Awsat” nəşri amerikalı vasitəçi Bişar Bəhbəyə istinadla yayıb.

Mənbənin sözlərinə görə, HƏMAS atəşkəs razılaşmasının şərtləri çərçivəsində “Qəzza zolağında silah istehsal etməmək və ya ora silah gətirməmək” öhdəliyini də qəbul edib. Vasitəçi bu addımı “prosesin vacib mərhələsi” kimi qiymətləndirib, lakin əlavə edib ki, İsrail tərəfi tərksilah prosesinin tərkib hissəsi olaraq bütün HƏMAS tunellərinin ləğv edilməsində israr edir.

“Hazırda müzakirələrdə əsas fikir ayrılığı tunellərin tam sökülməsi və onların gələcəkdə yenidən qurulmamasına təminatın verilməsidir”, – deyə Bişar Bəhbə qeyd edib.

Xatırladaq ki, bundan əvvəl yayılan məlumatlarda HƏMAS-ın ABŞ prezidenti Donald Trampın Qəzza münaqişəsinə son qoymaq planında nəzərdə tutulan tam tərksilah öhdəliyini hələ yerinə yetirmədiyi bildirilmişdi.

Oktyabrın 13-də Donald Tramp Qəzza münaqişəsinin başa çatdığını elan etmişdi. Lakin o, HƏMAS hərəkatı silahı tam təhvil vermədiyi təqdirdə İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında hərbi əməliyyatları bərpa edəcəyini bəyan etmişdi.

//Gülnarə Abasova, Editor.az

Seçilən
13
editor.az

1Mənbələr