AZ

Qurban Qurbanovun “ürəyini partladan” nədir?

Ölkə.Az "Futbol +" qəzetində "Qurban Qurbanovun “ürəyini partladan” nədir?" başlığı ilə dərc olunan məqaləni təqdim edir:

Sirr deyil ki, son günlər "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun kefinə soğan doğranıb.

Adətən, sakit təbiəti, hadisələrin axarına səbrlə yanaşması və emosiyalarına hakim olması ilə seçilən mütəxəssis komandasının "Atletik", "Şamaxı" və "İmişli" ilə matçlarında özünə bənzəmir.

O, Bilbaoda bir anlıq sanki oyundan qopan Elvin Cəfərquliyə, "şirlər"lə oyunda yanlış qərarlar verən Dani Bolta, "pələnglər"lə matçda isə tez-tez top itirən, əvəzlənərkən meydanı, necə deyərlər, nazlana-nazlana tərk edən, özü də hakimin tələbinə uyğun olmayan yerdən çıxdığına görə sarı vərəqə alan Kadi Borgesə qəzəbini gizlətmədi. Mütəxəssisin bir neçə gün əvvəl komandanın bütün futbolçularını cərimələdiyi haqda da xəbərlər yayılıb.

İş ondadır ki, bütün başverənlərin fonunda qarşıdan "Çelsi" ilə matç gəlir. "Atlılar" Çempionlar Liqasının 4-cü tur oyununda İngiltərə nəhəngini qəbul edəcək. Heç şübhəsiz, hədəf azı bir xal əldə etməklə ilk "24-lük" uğrunda mübarizədə şansları artırmaqdır. Lakin bu gün nə "Qarabağ" tanıdığımız "Qarabağ"dır, nə də Qurban Qurbanov.

Çox təəssüf ki, "atlılar" son üç matçda həm müdafiə, həm də hücum planında çox ciddi səhvlərə yol verir. Niyə? Bəlkə, "Benfika" və "Kopenhagen" üzərində qazanılan qələbələr komandanın başını o qədər gicəlləndirib ki, hələ düzgün istiqaməti tapa bilmirlər? Bəlkə nəinki yerli, hətta dünya mətbuatından "Qarabağ"ın ünvanına yağan tərif futbolçuları bihuş edib? Ümid edək ki, yox. Biz bu ehtimalı ağıla belə gətirmək istəmirik. Çünki hələ reallaşacağına inandığımız xəyallar, bizi qürurlandıracağına inandığımız "Qarabağ" var. Və hər şey məhz Qurban Qurbanovdan asılıdır. Həmişə olduğu kimi, bütün məsuliyyət yenə baş məşqçinin üzərindədir.

Bəs "Çelsi" ilə matçda ənənəvi "Qarabağ"ı görə biləcəyikmi? Bunu zaman göstərəcək. Hələ ki mənzərə fərqlidir.

Qurban Qurbanovun “ürəyini partladan" nəsə var. "Qarabağ" isə daha "partlatmır"...

Seçilən
29
2
olke.az

4Mənbələr