AZ

Yüksək şəkər və infarkt arasında əlaqə

Qanda qlükoza səviyyəsinin yüksəlməsi, xüsusilə də ilk dəfə kəskin miokard infarktı (ürək tutması) keçirən xəstələrdə ağır fəsadların yaranma riskini artıran mühüm göstərici ola bilər.

Milli.Az xəbər verir ki, bu nəticə "Diabetology & Metabolic Syndrome" (DMS) jurnalında dərc olunan braziliyalı alimlərin araşdırması ilə təsdiqlənib.

Tədqiqatçılar müəyyən ediblər ki, qanda qlükozanın səviyyəsinin yüksəlməsi sol mədəciyin boşalma fraksiyasının azalması ilə birbaşa əlaqəlidir. Bu göstərici isə ürəyin qanı bədəndə nə qədər effektiv şəkildə pompalaya bildiyini göstərir, yəni ürək əzələsinin daralma gücünün əsas ölçüsüdür.

Araşdırmada 18 yaşdan yuxarı 244 nəfər iştirak edib. Onlar infarkt simptomları başladıqdan ilk altı saat ərzində qan laxtasını həll edən fibrinolitik dərmanlarla müalicə olunublar. Əvvəlcə xəstələr Braziliya Milli Səhiyyə Sisteminin ixtisaslaşmış mərkəzlərində müalicə alıblar, daha sonra isə San-Paulu Xəstəxanasına köçürülüblər.

Təxminən 30 gün sonra iştirakçılar maqnit rezonans tomoqrafiyası (MRT) müayinəsindən keçiblər. Nəticələr göstərib ki, delta qlikemiya - yəni infarkt zamanı qanda şəkərin əvvəlki üç aylıq orta səviyyədən nə qədər sapdığı - nə qədər yüksək olarsa, miokard zədələnməsi də bir o qədər geniş olur. Maraqlıdır ki, bu əlaqə həm diabetli, həm də diabetsiz xəstələrdə müşahidə edilib.

Mütəxəssislərin izahına görə, delta qlikemiya göstəricisi qanda şəkərin kəskin dəyişkənliyini əks etdirir və bu da qlikozilləşdirilmiş hemoglobin (HbA1c) səviyyəsi əsasında hesablanır. HbA1c isə qırmızı qan hüceyrələrində qlükozanın hemoglobinlə birləşməsini göstərir.

Araşdırma nəticəsində alimlər belə qənaətə gəliblər ki, infarkt zamanı qanda şəkərin kəskin artması, bədənin stress reaksiyasının göstəricisi olmaqla yanaşı, ürək toxumasına zərəri dərinləşdirə və xəstəliyin proqnozunu pisləşdirə bilər.

Milli.Az

Seçilən
43
2
milli.az

3Mənbələr