AZ

Klassik sözlə canlı səsin sehrli vəhdəti

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

"Art Weekend" festivalından təəssüratlarımHansı günün xatirəsi yoxdursa, o gün yaşanmamış deməkdir. O da ola həftəsonu. Hələ bir də bu xatirənin düz ortasında sevdiyin dostlar varsa, dadından doyum olmaz bu günlərin. Bu şənbə də mənim üçün belə bir gün idi. Daha doğrusu, belə bir axşam.

Axşamın adı da yüksək düşüncə zövqü və misilsiz yaradıcılıq şövqü ilə seçilib: "Nəfəs - söz və səsin vəhdəti".

Layihə YARAT Müasir İncəsənət Mərkəzində "Bakıya uçuş. Art Weekend. Gələcəyi İNDİ hiss et" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) təşəbbüsü çərçivəsində keçirilirdi. "Art Weekend" layihəsinin təşəbbüsçüsü Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevadır. Axşama Leyla Əliyeva özü də, eləcə də, Arzu Əliyeva, Alyona Əliyeva qatılmışdı.

"Sənətin həftəsonu" sehrli bir layihədir; görməyən bəlkə də bunu bütün ecazkarlığı və dolğunluğu ilə təsəvvür edə bilməz.

Mən bu festivalda dostumun - "SÖZ" multidisiplinar mərkəzinin yaradıcısı, talantlı və maraqlı şair Nigar Həsənzadənin qonağı idim. Artıq üçüncü dəfədir ki, bu füsunkar, təkrarsız yaradıcı şəxsiyyətin layihələrini yaxından izləmək imkanım olub. Bizi ortaq dostumuz, böyük yazıçımız Seyran Səxavət tanış etmişdi.

İlk dəfə Şirvanşahlar sarayında Nigar Həsənzadənin poeziya axşamının qonağı olmuşduq. Bu haqda öz təəssüratlarımı bir essemdə yazmışdım. İkinci dəfə "Atəşgah" kompleksində "Nəsimi festivalı"nın bağlanış mərasimini izlədim; bu möhtəşəm layihənin də icraçısı və deyərdim, yəqin ki, Seyid İmadəddin Nəsimidən sonra ikinci əsas rolun ifaçısı Nigar Həsənzadə idi. O axşam Nigar xanımın özünün quruluşunda tamaşa etdiyimiz xoreoqrafiya səhnələri, dinlədiyimiz musiqi, şeirlər... sehrli bir hava yaratmışdı. Həmin layihənin də dəstəkçiləri Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi olmuşdu, hələlik axırıncı (əminəm ki, axarıncı) layihənin də. Bu da o deməkdir ki, Nigar Həsənzadənin bu işdə üstün bacarığı dəqiq dəyərləndirilib.

"Art Weekend" festivalı çərçivəsində keçirdiyimiz o axşama qayıdaq. "Savalan" və "Çardaq" qruplarının ifasında etnik, mistik musiqi parçalarının cilvələndirdiyi gecə klassik poeziya inciləri ilə süslənmişdi.

Şah İsmayıl Xətaidən oxunan "Kərəm eylə" şeiri o inanılmaz zərif melodiyaların ağuşuna necə də yaraşırdı:

"Gövhərin keçməyən yerdə,

Satma, qardaş, kərəm eylə.

Ləl daşını çay daşına

Qatma, qardaş, kərəm eylə.

Gördün bir yerdə aşina,

Hər nə dersən öz başına,

Yol daşını yol quşuna

Atma, qardaş, kərəm eylə"...

Yaxud Seyid İmadəddin Nəsiminin bu misraları:

"...Ey bülbülı-qüdsi, nə giriftari qəfəssən,

Sındır qəfəsi, tazə gülüstan tələb eylə...

...Ərkansız olanlarla rəfiq olma, Nəsimi,Yol əhli gözət, sən ədəb-ərkan tələb eylə..."

Eləcə də, Yunus Əmrədən:

Bu dünyadan gedər olduq

Qalanlara salam olsun.

Bizim üçün xeyir-dua

Qılanlara selam olsun".

Bu yerdı ulu ozanın məşhur mahnısının da yeri vardı: "Uzun incə bir yoldayım...". Çox məharətlə və zərafətlə oxundu, dinlədik. Gecədə unudulmaz Şəhriyardan da, başqa söz ustadlarından da musiqili misralara qonaq olduq.

Mən "Şərqin Şekspiri" adlandərılmış Hüseyn Cavidin sözlərinə Fikrət Əmirovun yazdığı "Kor ərəbin mahnısı"nı dəfələrlə dinləmişəm. Bu mahnının ilk ifaçısı Məmmədəli Əliyevdən başlamış bu günədək çox sayda səs sənətçisi oxuyub mahnını. Ancaq bu axşam bir başqa gözəl idi dinləmək.

Məndə bir tamaşaçı kimi çox dərin təəssürat yaradan həm də bu oldu ki, orta çağlara xas sufi poeziyasının irfani havası Xəzər sahilindəki "Yarat" mərkəzinin modern aurasına dərindən hopdurulmuşdu. Keçmişlə bu günün sərhədləri o qədər ustalıqla "itirilmişdi" ki, iki fərqli uzaqlığın canlı vəhdətinin sehrindən ayrılmaq olmurdu.

Bu təkrarsız axşama, bu gözəl təşəbbüsə, möhtəşəm festivala görə Heydər Əliyev Fonduna, Fondin vitse-prezidenti Leyla xanım Əliyevaya, Mədəniyyət Nazirliyinə, "Söz" multidisiplinar mərkəzinin yaradıcısı, əziz dostumuz Nigar xanım Həsənzadəyə sonsuz təşəkkürlər!

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
bizimyol.info

1Mənbələr