“Abşeron Lions”ın baş məşqçisi Erhan Toker “Sabah”la görüşdən sonra oyun haqda fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, o, hər iki komandanın da avrokuboklarda məğlub olduğunu vurğulayıb: "Hər iki komanda həftəiçi avrokubokda məğlub oldu. “Sabah” isə təbii ki, hər matçda ən yaxşı komanda olduğunu göstərmək üçün parketə çıxır. Statistik baxımdan Hassani Qravvetlə bizim Ceyms Fraizer arasında bir rəqabət var. Hassani heç bir oyuna belə performansla başlamamışdı və bu matç bizim üçün fərqli oldu. Nəticədə hesabda müəyyən fərq yarandı. Bir neçə dəfə bu fərqi 9-10 xaladək azaltmağa çalışsaq da, yekunda bacarmadıq."

O, bu gecə səfərə yola düşəcəklərini bildirib: "Səfərdə “Kalev”lə oyuna yola çıxırıq. Məhz səfər oyununa görə Aubri Makalpayna bu matçda istirahət verdik ki, Estoniyada bizə tam forması ilə lazım olsun. “Sabah”ı təbrik edirəm. Onlara qarşı oyunda biz də pis komanda olmadığımızı göstərdik. Hal-hazırda liqada 2-ciyik. Çempionlar Liqası səviyyəsində bir komandaya qarşı belə 90-dan çox xal qazana bilirik, amma müdafiədəki problemlər hələ də qalır."

Erhan Toker, həmçinin, müdafiəyə xüsusi diqqət yetirməli olduqlarını qeyd edib: "Birmənalı olaraq daha yaxşı müdafiə olunmalıyıq. Hazırda 3 gündən bir oyun keçirdiyimiz üçün detallı dəyişiklik etmək imkanımız yoxdur. Uzunmüddətli plan çərçivəsində müdafiəmiz üzərində işlədikdən sonra istənilən komandaya qarşı yaxşı oynayıb qalib gəlmək potensialımız var."