Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 5-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında son çempion “Sabah” “Abşeron Lions”la üz-üzə gəlib. Matç “qartallar”ın növbəti qələbəsi ilə başa çatıb – 107:92.
5-ci turun əvvəlki oyunlarında “Ordu” “Lənkəran”ı (91:76), “Sumqayıt” “Sərhədçi”ni (84:80), “Şəki” “Gəncə”ni (84:70), “Naxçıvan” “Quba”nı (86:78), “Neftçi” isə NTD-ni (99:71) məğlub edib.
A qrupu: Sabah – 10. Abşeron Lions – 9. Şəki – 7. Neftçi – 6. Gəncə – 5. NTD – 5.
B qrupu: Ordu – 10. Naxçıvan – 9. Lənkəran – 7. Quba – 7. Sərhədçi – 6. Sumqayıt – 6.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

