AZ

Etibar Məmmədovla Ramiz Mehdiyev arasında razılıq olub? - İsa Qəmbərin İDDİASINA REAKSİYA

"Elçibəy deyirdi ki, vaxta ehtiyacı var. Amma həyat ona macal vermədi. Nə yalanını, nə də doğrusunu danışa bilmədi. Ya da danışmaq istəmədi. Danışmadan dünyamızı tərk etdi. Dəhşətlisi odur ki, son 30-35 illik tariximizin səhnəarxası hadisələrinin, qalmaqallarının və nəhayət, intriqalarının canlı şahidləri, iştirakçıları heç nə danışmadan bizi tərk edirlər. Çox az qalmışıq..."

"Yeni Sabah" xəbər verir ki, bu fikirləri jurnalist Rauf Mirqədirov paylaşıb.

O bildirib ki, siyasətçilər həqiqəti sonsuzdur: Sezar pizza

"Mən bilirəm ki, heç bir həqiqət mütləq deyil. Hərənin öz həqiqəti var. Siyasətçilərin həqiqəti isə ümumiyyətlə sonsuzdur. Zaman, məkan, ən əsası isə siyasi konyuktura çərçivəsində sonsuz variantları ola bilər. Onlar özlərinin və digərlərinin qərar və addımlarına münasibətlərini, baş vermiş və baş verən hadisələrin dərəyləndirilməsini siyasi konyukturanın tələblərindən asılı olaraq dəyişə bilərlər. Bu gün dünən dediklərinin əksini sizə mütləq həqiqət kimi sırımağa çalışa bilərlər. Və deyərlər ki, bu gün dedikləri dünənkilərin təsdiqindən başqa bir şey deyil. lap ətraf mühüdün təsiri altında rəngini dəyişən xamelyon kimi…

Siyasətçilərin bu cür sonsuz transformasiyasına təəccüblənməyə dəyməz.  Bunu qaçılmaz bir zərurət kimi qəbul etmək lazımdır. Siyasətçilərin mütləq əksəriyyəti öz səhvini etiraf edə bilməz. Əvvəla, ona görə ki, bunun üçün çox böyük siyasi iradə lazımdır. Almayanın keçmiş xarici işlər naziri və hazirki prezidenti Ştanmayer rəsmi Berlinin uzun illər boyu Rusiya ilə bağlı xarici siyasətinin səhv və indiki qlobal böhrana gətirib çıxaran səbəblərdən biri olduğunu  etiraf etdi. Əslində Ştanmayer illər boyu həyata keçirdiyi siyasətin sənv olduğunu etiraf edən aktiv siyasətlə məşğul nadir siyasətçilərdən biridir. Məsələn, həmin illərdə hakimiyyətdə olan sabiq kansler Angela Merkel Putin Pusiyası ilə əməkdaşlıq siyasətinin Almaniyanın və qlobal sülhün maraqlarına cavab verdiyini indiyə qədər iddia edir". 

Rauf Mirqədir qeyd edib ki, siyasətçi həmişə haqlı olmalıdır:

"İkincisi, öz səhvini etiraf edən siyasətçiyə xalqın öz taleyini bir daha etibar etməsi çox müşkül məsələdir. İnsanlar öz gələcəklərini artıq bir dəfə taleyüklü məsələlərlə bağlı səhv qərarlar qəbul etmiş siyasətçilərə həvalə etməyə meyli deyillər. Ona görə də siyasətçi həmişə haqlı olmalıdır, həmişə hakimiyyətə məhz özünün gələcəyi təqdirdə xalqı xoşbəxt gələcək gözlədiyini vəd etməlidir. 

Bir sözlə, siyasətçilərin mütləq əksəriyyətindən həqiqət və səmimiyyət gözləməyin. Hətta ölüm ayağında belə onlar tam inandıqları həqiqəti deməyə bilərlər. Ən azından ona görə ki, özləri haqqında xoş xatirələr qoyub getməyə çalışacaqlar. Amma… 

Siyasətçilər bir çoxlarının şahidi olduğu konkret hadisələrin gedişini, faktları  saxtalaşdırmağa çalışanda bilmirsən, nə düşünəsən. İnsanların düşüncə tərzinə təsir göstərib, onların bu və digər hadisələrə münasibətini formalaşdırmaq və hətta dəyişmək də olar. Amma, doğrudanmı onlar düşünürlər ki, konkret hadisələrin şahidi və iştirakçısı  olmuş insanların qulaqlarını və gözlərini də özününkü ilə əvəz edə bilərlər…

Mən son 35-40 il ərzində Azərbaycanda baş vermiş bir çox ictimai-siyasi proseslərin nəinki şahidi, bir sıra hallarda fəal iştirakçısı olmuşam. Ona görə də bir çox hadisələrə münasibətim onun-bunun ağzından eşitdiklərimə görə deyil, öz qulaqlarımla eşitdiklərim, öz gözlərimlə gördüklərim əsasında formalaşıb. Amma bu məqaləmdə həmin proseslərə  münasibətim haqqında deyil, konkret hadisələrin və faktların saxtalaşdırılması cəhdlərindən danışacağam. Yəni bəzilərinin mənim qulaq və gözlərimi özününkü ilə əvəz etmək cəhdindən. Belə cəhdlər isə məni çox qəzəbləndirir". 

"Son günlər Azərbaycanın yaxın tarixinə maraq artıb. Özü də söhbət qeyri-sağlam maraqdan gedir. Bir çox siyasətçilər ətraflarında, başlarının üstündə Ramiz Mehdiyevin kölgəsini axtarır. Hamısını qarabasma xəstəliyi tutub. Əvvəla, bu cənablara və xanımlara bir məsləhətim var. Mümkün qədər tez psixoloqa müraciat etsinlər. Yoxsa işləri çox fəna olacaq. Bir çoxları ər-arvadlarına, bacı-qardaşlarına çəp baxmağa başlayacaqlar. Yazıçılar Birliyimiz sədri Anar belə qarabasmalardan birinin çox ağrılı tarixçəsini onlara danışa bilər. Əgər istəsə…

Mən isə onların bu xəstəlikdən qurtulmasına, əgər bu mümkünsə, öz balaca bir töhfəmi vermək istəyirəm. Axı ürəyim ağrıyır. Bəziləri ilə bir ömür qədər tanışlıq tarixçəmiz var. Düşünürəm ki, yaddaşlarını təzələsəm, bu qorxulu xəstəlikdən qurtulmalarına az da olsa, yardımçı olaram…

İndi keçək əsas mətləbə, yəni saxtakarlıqların ifşasına. Bir daha xüsusilə qeyd etmək istəyirəm ki, söhbət əsasən baş vermiş hadisə və faktların dəyərləndirilməsindən deyil, onların saxtalaşdırılması cəhdlərindən gedəcək…

Xırdasından başlayım. Bəziləri AMİP lideri Etibar Məmmədovun Ramiz Mehtiyevlə sosial şəbəkələrdən birində bu günlərdə paylaşılmış birgə fotoşəkli ətrafında elə haray-həşir qoparıblar kı, hətta mənim canıma vəlvələ düşüb. Düşünürəm ki, dövlətə xəyanətlə bağlı artıq cəzamı almışam. Özümü tam “xoşbəxt” hiss etmək üçün “dövlət çevrilişində” ittiham edilməm çatmır. Deyə bilərsiniz, sənə nə? Fotoşəkildəki sən deyilsən. Etibar Məmmədovla Ramız Mehdiyevdir. Yox elə deyil. Necə canıma vəlvələ düşməsin. Həmin şəklin çəkildiyi zaman mən AMİP sədrinin mətbuat xidmərinin rəhbəri olmuşam. 

Axı, düz 35 il bundan əvvəl, yəni 1995-ci ildə AMİP-in yaradılmasınin ildönüm mərasimində çəkilmiş bu şəkli Etibar Məmmədovla Ramiz Mehdiyev arasında xüsusi münasibətlərin mövcudluğunun, az qala onların birlikdə dövlət çevrilişi hazırlaması mümkünlüyünun təsdiqi kimi dəyərləndirmək hansı əbləhin, hansı xəstə təxəyüllü insanın ağlına gələ bilər?!!! 

Yenə də qeyd edirəm ki, bu şəkil 1995-ci ildə AMİP-in ildönüm mərasimində çəkilib. Ramiz Mehdiyev həmin mərasimdə AMİP-ə və ya Etibar Məmmədova nə isə bir rəğbəti olduğu üçün deyil, Heydər Əliyevin tapşırığı ilə iştirak edib və onun təbrikləri partiya üzvlərinə çatdırıb. Yeri gəlmişkən, o dövrdə SOCAR-ın vitse-prezidenti olan İlham Əliyev də həmin mərasimdə iştirak etmişdi. 

Hətta mən bildiyimə görə, Ramiz Mehdiyev o zamanlar Daxili İşlər Naziri olan Ramil Usubovun əli ilə həmin mərasimin keçirilməsinin qarşısını almaq üçün cəhdlər göstərirmiş…

Keçək əsas məsələyə. Musavat Partiyasının liderlərindən biri olan Arif Hacılı bəyan etdi ki, güya Etibar Məmmədov tərəfindən 2003-cü il seçkiləri ərəfəsində səsvermə gününə təxminən bir həftə qalmış İsa Qəmbərlə vahid namizədin razılaşdırılması ilə bağlı aparılan danışıqlarda Dövlət Şurasının yaradılması haqqında irəli sürdüyü təklifin Ramiz Mehdiyevin dövlət çevrilişindən sonra ölkəni idarə etmək üçün formalaşdırılması nəzərdə tutulan Konstitusiyaya zidd orqan arasında çox böyük oxşarlıq olub. Arif Hacılınn ardınca İsa Qəmbər də bu versiyanı təsdiq etdi. Hələ bu azmış kimi bir sıra digər yalanlar da səsləndirdi…

Həmin dövrdə AMİP rəhbərliyinində olduğumdan hadisələrin gedişi haqqında məlumatlı bir şəxs kimi bütün bu bəyanatların, yumşaq desək, həqiqətə zidd olduğunu deyə bilərəm. Əvvəla, tam əminliklə bildirirəm ki, seçkilərdən sonra Dövlət Şurasının yaradılması məsələsi Etibar Məmmədovla İsa Qəmbərin səsvermə gününə bir həftə qalmış apardıqları danışıqlarda müzakirə mövzusu olmayıb. 2003-cü il prezident seçkilərindən sonra Dövlət Şurasının yaradılması məsələsi 2001-ci ilin əvvəlindən 2003-cü ilin yazına qədər ABŞ nümayəndələrinin vasitəçiliyi ilə bir qrup müxalifət partiyaları arasında seçkilərdə vahid namizədin ətrafında geniş koalisiyanın formalaşdırılması məqsədi ilə aparılan danışıqlarda səslənən təkliflərdən biri olub. Vahid namizəd ətrafında geniş koalisiyanın yaradılması bağlı bütün təkliflər bu görüşlərin iştirakçıları tərəfindən rədd edildiyi üçün həmin danışıqlar 2003-cü ilin yazında dayandırıldı. Xüsusilə qeyd etmək istəyirəm ki, nə İsa Qəmbər, nə də Etibar Məmmədov şəxsən həmin danışıqlarda iştirak etməyiblər. Danışıqlarda kimlərin iştirak etdiyini adbaad çəkə bilərəm. Amma onlardan bəzilərinin siyasi fəaliyyətdən uzaqlaşdığını nəzərə alaraq, bunu etik baxımdan düzgün saymıram. 

İkincisi, həmin dediyim, yəni 2003-cü ilin yazına qədər davam edən danışıqlarda səslənən təklifi Ramiz Mehdiyevin güya dövlət çevrilişindən sonra yaradacağı Dövlət Şurasını eyniləşdirmək həm sağlam, həm də hüquqi məntiq baxımından ağlasığmazdır. O vaxt söhbət dövlət çevrilişi nəticəsində hakimiyyəti qəsb etmiş bir şəxsin deyil, ümumxalq səsverməsi nəticəsində prezident seçilmiş dövlət başçısının öz yanında müvəqqəti məşvərət hüquqlu bir orqan yaratması təklifindən gedirdi. Təklifin məntiqi də ondan ibarət idi ki, 2000-ci il parlament seçkiləri total saxtalaşdırıldığı üçün aparıcı müxalifət partiyaları Milli Məclisdə təmsil olunmamışdılar. Bu qanuni seçilmiş prezident tərəfindən yaradılacaq məşvərətçi orqanda keçid dövründə həyata keçiriləcək islahatlar və yeni ümumxalq səsverməsi yolu ilə qəbul olunacaq Konstitusiyanın mətni razılaşdırılmalı idi. Bütün hallarda həmin danışıqlar 2003-cü ilin yazında uğursuzluqla nəticələndiyindən, 2003-cü ilin payızı üçün bütün bu təkliflər öz aktuallığını itirmişdi və müzakirə predmeti deyildi. Bir daha qeyd edirəm ki, həmin mazakirələrdə nə Etibar Məmmədov, nə də İsa Qəmbər şəxsən iştirak etməmişdilər…

Üçüncsü, prezident seçkilərinə bir həftə qalmış İsa Qəmbərlə Etibar Məmmədov arasında aparılan danışıqlarda AMİP sədri Musavat liderinin iddia etdiyi kimi öz namizədliyini geri çəkmək əvəzində Dövlət Şurası yaradılması tələbini irəli sürməsi iddiası ağ yalandır. Özü də bilərəkdən səsləndirilən yalandır. Həm İsa Qəmbərin, həm də Arif Hacılının eyni vaxtda qocalıqdan yaddaşla bağlı problemlırinin yarandığını düşünmək belə istəmirəm. Belə aqibəti nəinki onlara, hətta düşmənlərimə belə arzulamıram. 

Hə, bir də qeyd etməliyəm ki, əslində söhbət Etibar Məmmədovun öz namizədliyini geri götürməsindən getmirdi. Bu mümkün də deyildi. Namizədlyin geri götürülməsi müddəti artıq keçmişdi. Etibar Məmmədov öz tərəfdarlarını İsa Qəmbərə səs verməyə çağırmalı idi.

Tanınmış vəkil, o dövrdə AMİP Siyasi Şura üzvü Fuad Ağayev, AXCP liderlərindən biri, hüquqşünas Qulamhüseyn Əlibəyli Etibar Məmmədovla İsa Qəmbər arasında birbaşa aparılan danışıqlarda şəxsən iştirak ediblər. Onlara hətta koalisiya sazişinin mətninin hazırlanması tapşırılırıb. Onlar danışıqlar zamanı Dövlət Şurası mövzusuna ümumiyyətlə toxunulmadığını təsdiq edərlər. 

Prezidentlə baş nazir arasında səlahiyyətlərin bölüşdürülməsi məsələsində tərəflərlə çox asanlıqla razılaşmaya gəliblər. Etibar Məmmədovun prezident seçkilərdən sonra bir il müddətində yeni Konstitusiyanın hazırlanıb qəbul edilməsi və parlament üsulu idərasinə keçilməsi tələbi İsa Qəmbərin xoşuna gəlməyib. Amma nəticə etibarı ilə bu təkliflə razılaşıb. Tərəflər “Allah xeyir versin!” deyib ayrılıblar. Əgər prinsipial razılaşma əldə olunmasaydı, o vaxtlar Musavat Partiyasının ruporu olan “Yeni Musavat” qəzeti gecə ikən Etibar Məmmədovun İsa Qəmbəri dəstəkləməsi haqqında məlumatı yaymazdı…

Daha bir məqama aydınlıq gətirmək istəyirəm. İsa Qəmbər iddia edir ki, koalisiya ilə bağlı son qərarını Etibar Məmmədovla razılaşdırdıqları kimi səhəri günü özü zəng vurub deyib. Səhəri günü baş verən hadisələrin şəxsən şahidi və iştirakçısı olduğum bu yalanın nə səbəbdən səsləndirildiyini başa düşmürəm. Səhəri gün Etibar Məmmıdov İsa Qəmbərə güzəştə gedilməsinin zəruriliyini izah etmək üçün partiyanın qərargahında AMİP  Bakı rayon təşkilatlarının sədrlərinin iclasını çağırmışdı. Bu o qədər də asan məsələ deyildi. AMİP-çilər arasında İsa Qəmbərə münasibətdə çox böyük inamsızlıq vardı. Həmin iclasda şəxsən iştirak edirdim. 

İclas Etibar Məmmədovun qəbul otağında keçirilirdi. Birdən ADP liderlərindən biri olan Qurban Məmmədov və şair Rüstəm Behrudi iclasın keçirildiyi qəbul otağına daxil oldular. Qurban Məmmədov Etibar Məmmədova çox vacib xəbər çatdırmalı olduğunu bildirdi. AMİP sədrinin iş otağına keçdik. Qurban Məmmədov bildirdi ki, gecə ikən İsa Qəmbər Rəsul Quliyevlə danışıqlar aparıb və onunla koalisiya yaratmaq haqqında saziş imzalayıb. Buna görə də Musavat başqanı Etibar Məmmədovla əldə olunmuş razılaşmalardan imtina edir. Bundan sonra Etibar Məmmədov bizim yanımızda İsa Qəmbərə zəng vurub Qurban bəyin ona çatdırdığı xəbərin doğru olub olmadığını soruşdu. İsa bəy xəbəri təsdiqlədikdən sonra Etibar Məmmədov Musavat başqanının bu hərəkəti bir neçə “qənd kimi şirin” sözlə dəyərləndirərək söhbəti kəsdi…" - Mirqədirov fikirlərini tamamlayıb.


Telegram kanalımız
Seçilən
53
3
yenisabah.az

4Mənbələr