ABŞ-da uzun illər elmi və akademik fəaliyyət göstərmiş azərbaycanlı tibb alimi Samir Babayev Qarabağ Universitetinin Klinikasının baş direktoru, həmçinin Tibb və sağlamlıq elmləri fakültəsinin dekanı təyin edilib.
NOCOMMENT.az Sfera.az-a istinadən xəbər verir ki, Samir Babayev 2001–2003-cü illərdə Azərbaycan Tibb Universitetində, 2003–2007-ci illərdə isə Türkiyənin İstanbul Universitetində tibb təhsili alıb. O, təhsilini davam etdirərək 2009–2013-cü illərdə ABŞ-ın Nyu York Tibb Kollecində rezidentura, 2013–2016-cı illərdə isə Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində təkmilləşdirmə proqramı üzrə ixtisaslaşma keçib.
Təhsilini başa vurduqdan sonra Samir Babayev 20 ilə yaxın müddət ərzində Nyu York Tibb Kollecində, Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində və Minnesota ştatında yerləşən Mayo Klinikasında rəhbər vəzifələrdə çalışıb. O, tibb sahəsində beynəlxalq miqyasda tanınan mütəxəssis kimi fəaliyyət göstərib.
Samir Babayev müxtəlif elmi istiqamətlər üzrə çoxsaylı elmi məqalələrin və tədqiqat işlərinin müəllifidir. O, bir sıra nüfuzlu tibbi assosiasiyaların üzvü və rəhbəri olub, həmçinin beynəlxalq təqaüdlərə və fəxri mükafatlara layiq görülüb.