AZ

Bakı razılaşmaları praktiki müstəviyə köçürür - ŞƏRH

Qazaxıstandan Ermənistana gedən yüklər artıq Azərbaycana daxil olur

Bu gediş Ermənistanı dəhlizi maksimum tez açmağa sövq etməyə də hesablanıb

Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsindən sonra baş nazir Nikol Paşinyan dəfələrlə bu barədə danışıb. Baş nazir bildirib ki, Türkiyə və Azərbaycan arasında yük daşımalarının Ermənistan üzərindən həyata keçirilməsinə hazırdırlar. Erməni baş nazir hətta bunun üçün marşrut xəttini də təklif edib: -Marqara-Yeqnadzor-Sisian-Gorus yolu. Ekspertlərə görə, bu, Azərbaycanın jestinə adekvat reaksiya kimi görünsə də, Bakının tranzit qadağasını ləğv etmək qərarı ilə Paşinyanın təklifi arasında fərq var. Azərbaycan qadağanı ləğv edib, lakin yüklərin sərhəddən keçidi hələ gündəmdə deyil. 

Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında bildirib ki, Qazaxıstandan Ermənistana aparılan yüklər Azərbaycana daxil olur, Gürcüstan üzərindən İrəvana aparılır. Ekspert vurğulayıb ki, rəsmi Bakı bununla kommunikasiya bərpası razılaşmalarını praktiki müstəviyə köçürür: 

"Hərçənd, Zəngəzur dəhlizi açılmadan birbaşa tranziti tətbiq etmir. Bu gediş Ermənistanı dəhlizi maksimum tez açmağa sövq etməyə də hesablanıb. Ermənistanın Türkiyə və Azərbaycan arasında tranzit olmaqda israrlı mövqeyinin isə öz hədəfləri var. Bu, Gorusdan sərhəd keçidini açmaqla Ermənistana daşınan yüklərin də birbaşa tranzitinə nail olmaqdır. Eyni zamanda, Marqara keçid məntəqəsini işlək vəziyyətə salaraq, Türkiyə ilə sərhədin açılması presedentini yaratmaqdır. Həmçinin, Ankaranın sərhədin açılması üçün irəli sürdüyü “Bakı ilə razılaşmaq” şərtinin aktuallığını arxa plana keçirməkdir". 

A.Nərimanlıya görə, İrəvan kommunikasiyanın bərpasına Zəngəzur dəhlizi açılmadan başlamaq niyyətindədir: 

"Bu baxımdan, Nikol Paşinyanın Ermənistanın Türkiyə-Azərbaycan yüklərinə tranzit olmaqla bağlı israrlı açıqlamalarında məqsəd heç də “jestə qarşı jest etmək” deyil. Rəsmi Bakının məsələyə reaksiya verməməsi İrəvanın niyyətindən xəbərdar olması kimi qəbul oluna bilər. Mümkündür ki, Azərbaycan perspektivdə Ermənistan tranzitindən “pilot layihə” kimi bir, ya bir neçə dəfə istifadə etsin, lakin Zəngəzur dəhlizi açılmadan regional kommunikasiyanın bərpası reallaşmayacaq. Bakı üçün regional kommunikasiyanın paket şəkilində açılması məqbuldur".
Seçilən
1
7
sherg.az

10Mənbələr