ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.
Əvvəlcə təqsirləndirilən Levon Mnatsakanyanın müdafiəçisi Oqtay Mədətov məhkəməyə müraciət edərək, fasilə zamanı müvəkkili ilə görüşmək istədiyini deyib. Hakim fasilədə bunun üçün şərait yaradılacağını bildirib.
Sonra təqsirləndirilən David Manukyan vəsatət verərək ittiham olunduğu cinayətlərlə bağlı bəzi xüsusatlarla razılaşmadığını deyib. Təqsirləndirilən şəxs cinayətkar birliyin yaradılması ilə bağlı ittihamın cinayət işinin ona aid olan epizodlarından çıxarılmasını, habelə onun barəsində olan cinayət işinin ayrıca icraata ayrılmasını xahiş edib. David Manukyanın müdafiəçisi təqsirləndirilənin vəsatətini müdafiə etdiyini söyləyib.
Vəsatətə münasibət bildirən dövlət ittihamçısı Fuad Musayev deyib ki, hazırda sübutların qiymətləndirilməsi mərhələsi deyil. Müdafiə tərəfinin qeyd etdiyi hal isə sübutların qiymətləndirilməsi mərhələsinə aiddir.
İttiham tərəfi qeyd olunan xüsusata məhkəmə istintaqı yekunlaşdıqdan sonra, çıxışlar zamanı fikir bildirəcəyini deyib. Eyni zamanda, dövlət ittihamını müdafiə edən prokuror məhkəmə tərəfindən sübutlara müşavirə otağında hüquqi qiymət verəcəyini də xatırladıb.
Məhkəmə zərərçəkmiş şəxslərin nümayəndələrini də dinlədikdən sonra qərar qəbul edib. Qərara əsasən vəsatət əsassız olduğu üçün təmin edilməyib.
Sonra Madat Babayanın müdafiəçisi Leyla Namazzadə vəsatətlə çıxış edərək hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamdan bəzi epizodların çıxarılmasını xahiş edib. Təqsirləndirilən Madat Babayan müdafiəçisi tərəfindən verilən vəsatətlə razı olduğunu bildirib.
Dövlət ittihamçısı Təranə Məmmədova vəsatətdə qeyd olunan halların prosesin hazırkı mərhələsinin predmetinin olmadığını xatırladaraq diqqətə çatdırıb ki, məhkəmə bunu müşavirə otağında qiymətləndirir.
Məhkəmə vəsatətdə qeyd olunan hallara müşavirə otağında baxılaraq qiymətləndiriləcəyini bildirib və vəsatəti baxılmamış saxlayıb.
Təqsirləndirilən Bako Sahakyan isə ötən iclasda təqdim etdiyi sübutların tədqiqi ilə bağlı müdafiəçisinin suallarını cavablandırıb.
Bundan sonra Levon Mnatsakanyanın müdafiəçisi təqsirləndirilən şəxslə görüşərkən hüquqlarını müdafiə etdiyi şəxsin cinayət işinə əlavə olunması üçün ona şəxsi arxivindən bir neçə sənəd verdiyini bildirib və onları məhkəməyə təqdim edib.
Təqsirləndirilən Levon Balayanın vəkili Saqi Məmmədov da hüquqlarını müdafiə etdiyi şəxslə konfidensial görüşmək istədiyini deyib. Hakim Zeynal Ağayev fasilədə onlara şərait yaradılacağını bildirib.
Məhkəmə iclasının sonunda iclasa sədrlik edən məhkəmə istintaqının yekunlaşdırılması ilə bağlı tərəflərin fikirlərini öyrənib. Tərəflər məhkəmə istintaqının yekunlaşdırılmasına etiraz etməyiblər. Baş Prokurorun böyük köməkçisi Vüsal Əliyev ittiham tərəfinin məhkəmə baxışı zamanı təqdim olunan sübutlarla kifayətləndiyini bildirib.
Məhkəmə iclasına sədrlik edən məhkəmə istintaqının yekunlaşdığını elan edib və çıxışlar zamanı tərəflərin yalnız məhkəmə istintaqında tədqiq olunan sübutlara istinad edə biləcəyini bir daha proses iştirakçılarının diqqətinə çatdırıb. Bundan sonra dövlət ittihamını müdafiə edən prokurorlar çıxış üçün noyabrın 3-dək vaxt verilməsini məhkəmədən xahiş ediblər. Növbəti iclasda tərəflərin çıxışlarına başlanılması qərara alınıb. Məhkəmə prosesi noyabrın 3-də davam etdiriləcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.