Hər bir dövlətin davamlılığı və təhlükəsizliyi üçün siyasi müxalifətin mövcudluğu zəruri anlayış kimi qəbul olunur. Müasir dövlət anlayışında, xüsusilə “soyuq müharibə”dən sonrakı dövrdə formalaşmış beynəlxalq münasibətlər sistemində müxalifətin mövcudluğu məsələsi demokratik prinsiplərin əsas komponenti kimi qeyd olunsa da, təməl prinsiplər məhz dövlət təhlükəsizliyinin təmin edilməsidir. Çünki siyasi müxalifət böhran vəziyyətində, misal üçün, müharibə və ya təbii fəlakətlər zamanı cəmiyyətin dövlətin ətrafında birləşməsini, eləcə də xalqın təhlükəsizliyinin qorunması üçün lazım olanda iqtidarın əvəzlənməsini həyata keçirən qüvvədir. Bu baxımdan, hər bir ölkədə hakimiyyətdə olan qüvvələr sağlam müxalifətin mövcudluğunu dövlət təhlükəsizliyinin əsas elementi kimi qəbul edir.
“Sağlam müxalifət” anlayışı son illər beynəlxalq siyasi leksikonda intensiv şəkildə gündəmə gəlir. Bu cür təsnif edilən siyasi qüvvələr iqtidara opponentlik etsə də, bütün fəaliyyətini qanun çərçivəsində qurur, ölkənin inkişafı üçün alternativ təkliflər irəli sürür və bütün tənqidi mövqeyinə rəğmən, dövlət təhlükəsizliyini təhdid edən risklərə qarşı vahid cəbhədən çıxış edir. “Sağlam müxalifət”in olmadığı ölkələrdə dövlət təhlükəsizliyinə ciddi risklər yaranır, xüsusilə xarici müdaxilə riskləri fonunda.
Son günlər ölkədə baş verənlər – Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişi planlarında müxalifətin də yer aldığı haqda məlumatlar, ümumiyyətlə iqtidar və müxalifətdə müəyyən qrupların özlərinin və xarici dövlətlərin maraqlarına uyğun separat ittifaqları haqda deyilənlər bu məsələni aktuallaşdırıb: Azərbaycanda siyasi müxalifət sağlamdırmı, yaxud müxalifət arasında sağlam qüvvələr mövcuddurmu?
Siyasi müxalifətdə sağlam qüvvələrin olmadığını deyə bilmərik, lakin bütün müxalif qüvvələrin sağlam olmadığı bəllidir, xüsusilə AXCP və Müsavat partiyalarının dövlət təhlükəsizliyinə yaratdığı təhdidlər bu məsələni aktuallaşdırır.
“Teleqraf” İnformasiya Agentliyinin Azərbaycanda dövlət çevrilişi planı ilə bağlı Rusiyaya məktub ünvanlayan Ramiz Mehdiyevin 50 nəfərdən ibarət yaratmaq istədiyi “Dövlət Şurası”nda müxalifət nümayəndələrinin də yer aldığı haqda məlumatı bu kontekstdə diqqət çəkir. Agentlik 50 nəfərlik siyahıda yer alan müxalifət nümayəndələrindən ikisinin kimliyi haqda məlumat əldə edib: AXCP sədri Əli Kərimli və Milli Şuranın üzvü Gültəkin Hacıbəyli! Bu şəxslərin Mehdiyevin siyahısında yer alması o qədər də təəccüblü olmadı. Çünki gizli əlaqələrin dərin keçmişi var və belə separat əlaqələr Azərbaycanda xarici ölkələrin maraqlarına xidmət edib. Ümumiyyətlə ölkədə əsas müxalifət adına iddia edən qüvvələrin – AXCP və Müsavatın keçmişdən günümüzə qədər olan fəaliyyəti qaranlıq məqamlarla doludur. Bu, təkcə Mehdiyevin timsalında qurulan separat əlaqələrdən ibarət deyil, söhbət müxtəlif kanallarla, istər Ramiz Mehdiyevin rəhbərlik etdiyi “beşinci kolon”, istər siyasi məqsədlərə hesablanmış qrant layihələrini icra edən qeyri-hökumət təşkilatları olsun, xarici ölkələrlə gizli əlaqədən gedir.