AZ

İdman zalında ölüm: “Protein və əlavələrin qəbulu...”

Son zamanlar fitnes zallarında baş verən ölüm halları ictimaiyyətdə ciddi narahatlıq yaradıb.

Ötən gün Sumqayıtda 21 yaşlı gəncin məşq zamanı qəfil vəfat etməsi bu mövzunu yenidən gündəmə gətirib.

Mütəxəssislər bildirirlər ki, xüsusilə intensiv məşq edən bir çox insanın nəzarətsiz şəkildə protein və digər qida əlavələrinə müraciət etməsi orqanizmə mənfi təsir göstərir və sağlamlıq risklərini artırır.

Bəs son zamanlar fitnes zallarında ölüm halları niyə artıb? İdmana gedənlərin qəbul etdiyi protein əlavələri ölümə səbəb ola bilərmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən həkim Rasif Bağırov bildirib ki, fitnes zallarında qəfil ölüm hallarının ilkin əsas səbəbi həmin insanlarda ürək-damar xəstəliklərinin olmasıdır:

“Çox vaxt insanlar vaxtında müayinə olunmur, bu şəxslərin idmanla məşğul olmaq üçün tibbi icazəsinin olub-olmadığı müəyyən edilmir. Yəni həmin şəxslərin məşq etməsi mümkün olub-olmadığı barədə məlumat olmur. Belə xəbərsiz şəkildə fitnes zallarına gedərkən bu kimi hadisələr baş verə bilər. İdmanla peşəkar məşğul olanlarda adətən belə ölüm halları qeydə alınmır, bu daha çox həvəskarlarda rast gəlinir.

Çünki həvəskarlar tibbi yoxlamalardan keçmir, sadəcə “gedim biraz idman edim” düşüncəsi ilə məşqlərə başlayırlar. Nəticədə belə faciələr yaşana bilir. Qəfil ölüm halı çox vaxt insanın ürəyində problem olduğu zaman baş verir. Bəzən ürəkdə anadangəlmə və ya sonradan yaranmış defekt olur, lakin xəstənin özü bundan xəbərsiz olur. İnsan yaşı artdıqca və bədənə yük verdikcə həmin defekt böyüyür və vəziyyəti ağırlaşdırır”.

Onun sözlərinə görə, bəzi hallarda isə insan o qədər intensiv idman edir ki, ürək döyüntüsü normadan aşağı düşür:

“Normalda minimal göstərici 45-dir, lakin bəzi şəxslərdə bu rəqəm daha da aşağı enir. Müayinələr zamanı, xüsusilə də elektrokardioqramma nəticəsində bu hallar aşkar olunur. Məsələn, “repolarizasiya sindromu”na rast gəlinə bilər. Bu gündəlik narahatlıq yaratmasa da, bədən böyük yüklənməyə məruz qaldıqda ürəkdə ciddi problemlərə səbəb ola bilər. Buna görə də ürək xəstəlikləri mütləq vaxtında yoxlanmalıdır ki, ölümə aparan risklər qarşısı alınsın”.

O qeyd edib ki, protein və müxtəlif əlavələrin qəbulu da orqanizmdə müəyyən dəyişikliklərə və fəsadlara səbəb ola bilər:

“Lakin həmin dəyişiklikləri aradan qaldırmaq üçün müəyyən dərmanlar verilir. Çünki normal halda orqanizmdə yaranan dəyişikliklərin qarşısını almaq və zərəri azaltmaq üçün müvafiq müalicə tətbiq olunur. Amma bu dərmanların heç biri insanlarda ölüm hallarına səbəb olmur. Əsas səbəblər ürək-damar xəstəlikləri ilə bağlıdır”.

Seçilən
2
1
cebheinfo.az

2Mənbələr