Bəzi alimlərin fikrincə, XX əsrin ortalarında ABŞ və SSRİ-nin keçirdiyi nüvə partlayışları yadplanetli sivilizasiyaların diqqətini cəlb etmiş ola bilər. AzPost Daily Mail nəşrinə istinadla xəbər verir ki, bu barədə İsveçdə yerləşən Şimali Nəzəri Fizika İnstitutunun tədqiqatçısı doktor Beatris Vilyarroel məlumat verib.
Alim Kəliforniya Rəsədxanasının arxiv materiallarını təhlil edərək 1949–1957-ci illər arasında qeydə alınmış on minlərlə işıq anomaliyası haqqında qeydiyyat sənədləri aşkarlayıb. Onun sözlərinə görə, bu hadisələrin bir hissəsi elmi baxımdan izah edilə bilmir və yadplanetli mənşəli ola bilər.
Vilyarroelin fikrincə, soyuq müharibə illərində ardıcıl aparılan nüvə sınaqları Yer planetinə olan marağı artırıb. Məhz həmin dövrdə insanların texnoloji inkişafı yadplanetli müşahidəçilərin diqqətini çəkmiş ola bilər.
Tədqiqat zamanı ümumilikdə 100 minə yaxın işıq anomalisi qeydə alınıb ki, onların bəziləri orbit və ya Yer atmosferi mənşəli deyil.
Bundan əvvəl yadplanetli fenomenləri araşdıran tədqiqatçı Maykl Salla da oxşar fikir irəli sürüb. Onun sözlərinə görə, yadplanetlilər Yer kürəsində gizli baza və müşahidə məntəqələrinə malik ola bilərlər. Alim hesab edir ki, belə obyektlər okeanın dərin qatlarında, xüsusilə Atlantik okeanındakı Baqama adaları ətrafında yerləşə bilər.