Bu günə Ələt Azad İqtisadi Zonası üzrə 200 hektara yaxın ərazimiz var. Bu ərazilərin əksər hissəsi, demək olar ki, 138 hektar ərazi artıq investorlara təqdim edilib.
Day.Az xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bu gün İstanbul Sənaye Palatasının (İSO) Məclis üzvləri Bakıda keçirdikləri biznes görüşləri çərçivəsində deyib.
O bildirib ki, yerdə qalan ərazilər üzrə də inşaat işləri bir-iki həftəyə bitəcək və investorlara təqdim ediləcək:
"Hazırda 23 hektar ərazi günəş panelləri istehsal edən fabriklər üçün təqdim edilib. Günəş paneli istehsalı dedikdə 3 fabrikdən sonuncusu sırf bu məqsədlə istismar olunacaq. Digər 2 fabrikdə isə günəş panellərinin istehsalında istifadə olunan silikon kristalları və digər məhsullar istehs olunacaq".
V. Ələsgərov vurğulayıb ki, bu günədək həmin ərazilərdə Çin, Hindistan, Rusiya, İsrail və Türkiyə şirkətləri qeydiyyatda keçiblər:
"Onlardan 4-ü inşaat işləri aparır. Şirkətlərdən ikisi bu ilin sonunadək razılaşdırılmış məhsullarının istehsalına başlayacaq. Digər ikisi isə müvafiq işlərə başlayıb və növbəti illərdə məhsullarının təqdim ediləcəyi planlaşdırılır".
 
                        