AZ

Oktyabrın 31-i Ümumdünya Şəhərlər Günüdür

Bakı, 31 oktyabr, AZƏRTAC

Müasir şəhərlərin həyat ritmi trafik sensorlarından və erkən xəbərdarlıq sistemlərindən tutmuş iştirakçı planlaşdırma platformalarına və coğrafi məkan məlumatlarına qədər getdikcə daha çox rəqəmsallaşır, texnologiya onların dizaynını, idarə olunmasını və təcrübədən keçirilməsini dəyişdirir.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, 2013-cü ildə bəri hər il oktyabrın 31-də qeyd edilən Ümumdünya Şəhərlər Gününün 2025-ci ildə mövzusu “İnsan mərkəzli ağıllı şəhərlər”dir. Bu münasibətlə Kolumbiyanın Boqota şəhərində BMT-nin şəhər agentliyi olan “UN-Habitat” tərəfindən keçirilən tədbirdə məlumatların, dizaynın və rəqəmsal vasitələrin yalnız daha ağıllı deyil, həm də daha ədalətli, daha yaşıl və daha inklüziv icmalar qura biləcəyi müzakirə ediləcək. Forumda dünyanın hər yerindən şəhər merləri, şəhərsalma mütəxəssisləri və icma liderləri iştirak edirlər.

BMT-nin məlumatına görə, 2050-ci ilə qədər bəşəriyyətin təxminən 70 faizinin şəhər ərazilərində yaşaması gözlənilir ki, bu da mənzil, xidmətlər və iqlim dayanıqlığına tələbatı artırır. Təşkilatın Baş katibi Antonio Quterreş bu əlamətdar gün münasibətilə müraciətində qeyd edib ki, innovasiya boşluqları genişləndirməməli, əksinə, onları aradan qaldırmalıdır. “Həqiqətən ağıllı bir şəhər insanları, xüsusən də ən həssas təbəqələri prioritet hesab edir”, -deyə o vurğulayıb.

Dünya Şəhərlər Günü “UN-Habitat”ın davamlı və inklüziv urbanizasiya mövzusunda bir ay davam edən kampaniyasının sonunu qeyd edir. Keçirilən tədbirlər əməkdaşlıq, təcrübə mübadiləsi və daha ədalətli şəhər gələcəyinə ortaq öhdəlik üzərində qurulmuş bir miras qoymağı hədəfləyir. Agentliyin baş icraçı direktoru Anakaludiya Rossbax bildirib: “Axtardığımız miras iki amilə əsaslanır. Birincisi, şəhərlərin insan mərkəzli ağıllı yanaşmaları inkişaf etdirməkdə yaradıcılığını nümayiş etdirmək. İkincisi, innovasiyanın insanlara xidmət etməsini təmin edən əməkdaşlıq şəbəkələrini gücləndirmək”. O əlavə edib ki, rəqəmsal vasitələr şəhər həyatına getdikcə daha çox daxil olduqca, ağıllı həllərin insani olaraq qalmasını təmin etmək aktuallaşır.

“Smart City Index 2024” məlumatlarına görə, dünyanın ən yaxşı on ağıllı şəhərindən doqquzu Avropa qitəsində yerləşir: Sürix (İsveçrə, 1-ci yer), Oslo (Norveç, 2-ci yer), Cenevrə (İsveçrə, 4-cü yer), Kopenhagen (Danimarka, 6-cı yer), Lozanna (İsveçrə, 7-ci yer), London (Birləşmiş Krallıq, 8-ci yer) və Helsinki (Finlandiya, 9-cu yer). Avropadan kənarda isə ilk onluğa Əbu-Dabi (Birləşmiş Ərəb Əmirlikləri, 10-cu yer) daxil edilib.

Seçilən
30
2
azertag.az

3Mənbələr