AZ

Ağdaşda Aqrar Biznes Festivalı

Mərkəzi Aran iqtisadi rayonuna daxil olan Ağdaşın kənd təsərrüfatı və aqroturizm potensialı olduqca yüksəkdir. Son illər ölkəmizdə aqrar sektorun və turizmin inkişafına göstərilən dövlət dəstəyi sözügedən rayonda da aydın hiss olunur.

Bölgənin kənd təsərrüfatı potensialının və xüsusilə meyvəçiliyin inkişafına dəstək məqsədilə Heyva festivalı və Aqrar Biznes Festivalı keçirilib. Ağdaş Rayon İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi regionun aqroturizm imkanlarının genişləndirilməsi, fermer və sahibkarlar arasında birbaşa əməkdaşlıq mühitinin yaradılması, eləcə də yerli kənd təsərrüfatı məhsullarının tanıdılması və satış imkanlarının artırılmasından ibarət olub.

Festivalda rayonun son illər aqrar sahədə əldə etdiyi nailiyyətlər, xüsusilə meyvəçilik istiqamətində görülən işlər barədə məlumat verilib. Ziyarətçilərə bölgədə istehsal olunan ekoloji təmiz məhsullar – təbii şirələr, quru meyvələr və digər ərzaq nümunələri təqdim olunub. Burada nümayiş etdirilən kənd təsərrüfatı, sənətkarlıq, milli mətbəx, sənaye məhsulları və əl işləri stendləri xüsusi maraqla qarşılanıb.

Açılış mərasimində çıxış edən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə bildirib ki, dövlətin aqrar sektora göstərdiyi davamlı dəstək və fermerlərin artan fəallığı sayəsində son illərdə rayonda kənd təsərrüfatının, xüsusilə də meyvəçiliyin inkişafında mühüm irəliləyişlər əldə olunub. Qeyd olunub ki, aqrar sahədə tətbiq olunan müasir yanaşmalar, texnologiyalar və innovativ təşəbbüslər nəticəsində məhsuldarlıq artır, kənd yerlərində məşğulluq genişlənir və yerli istehsal ixrac potensialı qazanır.

Sonra Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış edib. Aqrar İnnovasiya Mərkəzi və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə bu ilin ötən dövründə 11 bölgədə məhsul festivalının keçirildiyini xatırladan direktorun sözlərinə görə, bu mərasimlərin əsas məqsədi aqrar turizm potensialının artırılması, klasterlərin formalaşması və yerli məhsulların tanıdılmasıdır. O deyib ki, festivalların keçirildiyi bölgələrdə istehsal olunmuş məhsullar “Caspian Agro 2026” beynəlxalq sərgisində stendlərdə nümayiş etdiriləcək.

Diqqətə çatdırılıb ki, festivallar çərçivəsində toxum sərgi-satış yarmarkası da təşkil olunub. Bu təşəbbüsün məqsədi yerli toxumçuluğun inkişafına dəstək vermək, fermerlərin iqlim şəraitinə uyğun, sertifikatlı və keyfiyyətli toxumlara çıxış imkanlarını artırmaqdır.

Yarmarka çərçivəsində yerli toxum istehsalçıları ilə birbaşa əlaqə yaradılıb, fermerlər üçün yeni əməkdaşlıq imkanları müzakirə olunub. Burada Kənd Təsərrüfatı Nazirliyi tərəfindən vahid stend altında ölkə üzrə sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxum nümunələri təqdim olunub. Tədbir zamanı toxum, gübrə, yeni kənd təsərrüfatı texnologiyaları, müasir suvarma sistemləri sərgilənib, innovativ aqrotexniki həllər və torpaq-iqlim xüsusiyyətlərinə uyğun sortların seçimi barədə praktiki məlumatlar təqdim edilib. Festival həm də Ağdaş rayonunun aqrar potensialını və aqroturizm imkanlarını nümayiş etdirmək baxımından mühüm platformaya çevrilib.

Qeyd edək ki, cari ilin ötən dövrü ərzində ölkənin müxtəlif regionlarında — Samuxda “Ərik”, Şəmkirdə “Tərəvəz”, Kürdəmirdə “Bostan”, Xaçmazda “Şaftalı”, Masallıda “Düyü və çəltik” və digər festivallar da daxil olmaqla, ümumilikdə, 11 məhsul festivalı keçirilib.

 

Seçilən
1
3
xalqqazeti.az

4Mənbələr