AZ

Torpağın dövlət ehtiyacları üçün alınması haqqında

№ 324

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Qusar Rayon İcra Hakimiyyəti, Qazax Rayon İcra Hakimiyyəti, Qusar rayonu Samur Bələdiyyəsi və Qazax rayonu Şıxlı Bələdiyyəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Dövlət sərhədindən buraxılış məntəqələrinin genişləndirilməsi, o cümlədən sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkili məqsədilə Qazax rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 0,49 hektar və Qazax rayonu Şıxlı Bələdiyyəsinin mülkiyyətində 5,53 hektar, Qusar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 8,27 hektar və Qusar rayonu Samur Bələdiyyəsinin mülkiyyətində 2,752 hektar olmaqla, ümumilikdə dövlət mülkiyyətində olan 8,76 hektar torpaq sahəsi üzərində istifadə hüququ və bələdiyyə mülkiyyətində olan 8,282 hektar torpaq sahəsi dövlət ehtiyacları üçün alınsın (torpaq sahələrinin koordinatlarını, ölçülərini və sərhədlərini göstərən yerquruluşu xəritəsi əlavə olunur).

2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi:

2.1. alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaratsın;

2.2. dövlət sərhədindən buraxılış məntəqələrinin genişləndirilməsi məqsədilə layihə altına düşən alınan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilməsini təmin etsin;

2.3. layihə çərçivəsində tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınmasının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyində olan “Azərterminalkompleks” Birliyinin gəlirləri hesabına maliyyələşdirilməsini təmin etsin;

2.4. alınan daşınmaz əmlak və alınmanın təsirinə məruz qalan şəxslər, onlara ödənilmiş kompensasiyanın məbləğləri barədə məlumatı altı ayda ən azı bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 30 ” “ oktyabr ” 2025-ci il

Seçilən
19
15
azerbaijan-news.az

10Mənbələr