Gürcüstan və Qazaxıstanın böyük İpək yolunun üstündə yerləşməsi bizi daha da yaxınlaşdırır, əməkdaşlığı güclndirmək üçün yeni imkanlar açır. Bu gün iki ölkə arasında əməkdaşlıq Orta Dəhlizinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki məhz bu dəhliz qlobal ticarət üçün çoxlu imkanlar yaradır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Tbilisidə rəsmi səfərdə olan Qazaxıstan parlamentinin aşağı palatasının sədri Erlan Koşanovla Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili arasında keçirilən görüşdə səsləndirilib.
Bildirilib ki, 2023-cü ildə Astana Beynəlxalq Maliyyə Mərkəzinin bazasında Orta Dəhlizdə birgə müəssisənin açılması bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Gürcüstan parlamentinin mətbuat xidmətinin mlumatında deyilir ki, görüşdə Gürcüstan ilə Qazaxıstan arasında çoxillik dostluq münasibətləri, onların ümumi keçmişi və gələcəyə baxışları vurğulanıb.
Şalva Papuaşvili Qazaxıstanın Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi sarsılmaz dəstəyə görə minnətdarlığını bildirib.
Tərəflər parlamentlərarası əlaqələrin daha da gücləndirilməsi imkanlarını müzakirə ediblər.
Parlament sədrləri iki ölkə arasında ticarət-iqtisadiyyat, nəqliyyat və energetika, investisiyalar, turizm, mədəniyyət və gənclər sahələrində əməkdaşlıq, həmçinin rəqəmsallaşma və süni intellekt üzrə təcrübə mübadiləsində maraqlı olduqlarını bildiriblər.
Rəsmi səfər çərçivəsində parlamentlər arasında əməkdaşlıq memorandumu imzalanıb.
Parlamentlərarası dostluq qrupları arasında fikir mübadiləsi aparılıb.