AZ

Bir sənəddə texniki səhvə görə kəsilən pensiya... Rəqəmsal sistem insana xidmət etməlidir, yoxsa sənədə?

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanda yenidən bir yaşlı insanın sənədlərdəki xırda uyğunsuzluğa görə pensiyasının dayandırılması ictimai diqqət çəkib. 86 yaşlı Nərgiz Kərimova illərlə çalışıb, dövlətə xidmət edib, lakin indi bir sənəd problemi ucbatından öz halal haqqını ala bilmir. Söhbət yüz minlərlə insanın başına gələ biləcək bir məsələdən gedir: kağız üzərindəki cüzi fərqlər, köhnə sənədlərdəki uyğunsuzluqlar, şəxsiyyət vəsiqəsinin deaktiv olması və nəticədə sosial ödənişlərin dayanması.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib ki, Nərgiz Kərimovanın pensiyası şəxsiyyət vəsiqəsinin deaktiv olması səbəbindən dayandırılıb. Qurumun açıqlamasına görə, bütün sosial ödənişlər sistem üzərindən və etibarlı şəxsiyyət vəsiqəsinə bağlı şəkildə həyata keçirilir.

Daxili İşlər Nazirliyi isə məsələyə münasibət bildirərək, vətəndaşın və ya onun ailə üzvlərinin rəsmi qaydada müraciət etməsi zərurətini qeyd edib.

Sual yaranır. 86 yaşlı, hərəkət etməkdə çətinlik çəkən bir qadından bürokratik mərhələləri təkbaşına keçməsi necə gözlənilə bilər? Və yaxud bu yaşlı qadının heç kimi olmasa necə olacaqdı?

Dövlət son illərdə rəqəmsal idarəetmə və elektron xidmətlər sahəsində böyük addımlar atıb. Amma bəzi hallarda bu sistemlər insan amilini arxa plana keçirir. Kağız üzərindəki bir tarix fərqi, bir hərf səhvi və ya aktiv olmayan şəxsiyyət vəsiqəsi və nəticədə illərlə ödəniş gözləyən bir insanın həyatında böhran yaranır. Əslində, sosial təminat sistemi və elektron idarəetmə vətəndaşa rahatlıq yaratmaq üçün qurulub. Lakin yaşlı və texnologiyadan uzaq nəsil üçün bu proseslər bəzən yeni bir stress və çarəsizlik mənbəyinə çevrilir.

Azərbaycan cəmiyyətində yüzlərlə, bəlkə də minlərlə yaşlı insan eyni problemlə üzləşib. Pasportun müddəti bitib, doğum tarixində fərq var, soyad yazılışında uyğunsuzluq var, sistem tanımır, ödəniş kəsilir. Əslində bu hallar idarəetmə elastikliyi və vətəndaşa empati əsaslı yanaşma tələb edir. Dövlət qurumları yaşlı vətəndaşların bu kimi problemlərini proaktiv şəkildə həll etməli, evdən müraciət imkanları və səyyar xidmətlər genişləndirilməlidir.

Nərgiz Kərimova kimi onlarla yaşlı insan bu gün bir sənəd fərqinə görə həyatının ən çətin dövründə maddi sıxıntı içində qalır. Sistem mükəmməl ola bilər, amma sənəd səhvi üzündən əziyyət çəkən bir insan varsa, o sistemdə nəsə çatmır. Çünki dövlətin və qanunun əsas məqsədi kağıza yox, insana xidmət etməkdir.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
bizimyol.info

1Mənbələr