Bu, Azərbaycanın təbiəti haqqında səkkizinci filmimizdir. Bu gün təqdim olunan “Hirkan” adlı sənədli film isə bir növ rekordçu sayılır. Çünki bu filmdə həm 2013-cü, həm də 2024-cü ildə çəkilmiş kadrlar yer alıb. Biz 11 il ərzində vaxtaşırı bu parka qayıdaraq təbiət həyatına dair faktları addım-addım toplayırdıq.
Bunu AZƏRTAC-a müsahibəsində bu gün Qəbələdə təqdim olunan “Hirkan” sənədli filminin rejissoru İqor Bışnev söyləyib.
O, çəkiliş prosesinin maraqlı məqamlarını da bölüşüb: “Uzaq 2014-cü ildə meşədə olanda qəribə səslər eşitdik. Məlum oldu ki, bu, Kiçik Asiya qurbağasının cütləşmə dövrüdür. Tamamilə qeyri-adi bir canlıdır. Dişiləri erkəklərdən daha parlaq rənglərə malikdir. Onlar bütün qışı bir-birinin qucağında keçirirlər və bütün bu proses cəmi iki gün davam edir. Sonrakı 10 il ərzində həmin dövrə yenidən düşmək, başqa kameralar və üsullarla çəkmək istədim, lakin təəssüf ki, bu, mümkün olmadı.”
Rejissorun sözlərinə görə, ən çətin çəkilişlərdən bəziləri Hirkan meşələrinin zirvəsində bəbir axtarışları zamanı olub.
“Biz, həmçinin üzən tirəndaz çəkdik. Onu görmək ümumiyyətlə çətindir, çünki gecə heyvanıdır. Eyni zamanda, möhtəşəm Xanbulan gölünü, su anbarını da lentə aldıq. 2016-cı ildə gələndə isə Xanbulanı susuz gördük. Orada rekonstruksiya işləri aparılırdı. Dibində dəmir ağaclar dayanmışdı. Təbiətin əsl möcüzəsi. 40 il keçməsinə baxmayaraq, bu ağaclar su altında toxunulmaz vəziyyətdə qalmışdı”, – deyə İ.Bışnev bildirib.
O əlavə edib ki, çəkilişlər ilin bütün fəsillərində aparılıb: “Bu məkan heyrətamiz iqlimə malikdir, hava (və ya təbiət) kataklizmlərindən qorunub. Bəlkə də elə buna görə burada nadir təbiət növləri qorunub saxlanılıb. Əslində bu meşələrdə qış yoxdur. Biz fevral ayında burada olanda artıq ilk çiçəkləri görürdük. Burada payız birbaşa yazla əvəz olunur”.