Offsideplus.az NTD komandasının basketbolçusu Derin Berkoz klubun mətbuat xidmətinə müsahibəsini təqdim edir: 

– “Neftçi”yə qarşı oyuna hazırlıqlar necə gedir?

– “Neftçi” FIBA Avropa Kubokunda çıxış edən, çox geniş və güclü heyətə malik bir komandadır. Amma biz də qalibiyyət üçün çıxacağıq. Oyuna çox yaxşı hazırlaşırıq.

– Ötən turda NTD “Şəki” komandasına məğlub oldu. Bu oyun sənin üçün xüsusi əhəmiyyət daşıyırdı, çünki rəqib komandanın baş məşqçisi atan idi. 

– Bəli, bu oyun mənim üçün xüsusi məna daşıyırdı. Aşağı yaş qruplarında o mənim məşqçim olmuşdu, birlikdə çalışmışıq, amma ilk dəfə idi ki, bir-birimizə rəqib olduq. Peşəkar idmanda bu normaldır – gələcəkdə də dəfələrlə rəqib ola bilərik. Bəlkə bir gün eyni komandada da ola bilərik.

– NTD mövsümə uğurlu başlaya bilmədi. Səbəbləri nədə görürsən? 

–NTD Azərbaycan basketbolunun ən köklü komandalarından biridir. Bəli, mövsümə istədiyimiz kimi başlamadıq, amma artıq komandaya yeni transferlər edildi. Əminəm ki, çatışmazlıqlarımızı aradan qaldırıb daha yaxşı nəticələr əldə edəcəyik.

– Komandaya və Azərbaycan Basketbol Liqasına uyğunlaşma prosesin necə gedir? Liqanın səviyyəsini necə qiymətləndirirsən?

– Düzünü desəm, bu mənim ilk peşəkar təcrübəmdir. Daha əvvəl Türkiyədə BGL (Basketbol Gənclər Ligi) səviyyəsində və Azərbaycan gənclər millisində Avropa çempionatlarında çıxış etmişəm. Amma burada legioner oyunçulara qarşı oynamaq mənim üçün çox böyük təcrübədir. Buraya gəlməzdən əvvəl NCAA-dan da təkliflər almışdım, lakin xüsusilə “A” qrupunda avrokuboklarda çıxış edən güclü oyunçulara qarşı oynamaq və özümü inkişaf etdirmək mənə daha cəlbedici gəldi. Mənə inanan, inkişaf etməyim üçün şərait yaradan baş məşqçimiz Tahir müəllimə, NTD klubuna və göstərdikləri dəstəyə görə Azərbaycan Basketbol Federasiyasına təşəkkür edirəm. Hazırda burada çox xoşbəxtəm və təhsilimi də buradakı universitetdə davam etdirirəm.