AZ

Elşən Əzimin “İllərin o tayı”ndan gələn şeirlərindən

   İndi həm şair, həm publisist, həm pedaqoq, həm də bir az həvəskar  rəssam kimi ölkəmizin yaradıcı cameəsində  yaxşı tanınan Elşən Əzimi hələ tələbə vaxtından tanıyırdım. 90-cı ilin ortaları idi. O vaxtlar Cəbrayıl rayonundan məcburi köçkün,  şair dostum  İsamyıl İmanzadə Mingəçevir Şəhər İcra Hakimiyyətinin mətbu orqanı olan “Səda” qəzetində baş redaktorun müavini işləyirdi və Elşən Əzimlə tanışlığımıza da İsmayıl müəllim vəsilə olmuşdu.  Sonralar İsmayıl müəllimin təkidli müraciətləri, İcra başçısı rəhmətlik Məhəbbət Qarabağlının yaxından dəstəyi ilə AYB-nin Mingəçevir bölməsi təşkil edildi. Bölmənin yaradılması ilə şəhərdə ədəbi mühit canlanmağa başladı və İsmayıl müəllimin ətrafında xeyli sayda yaradıcı insanlar toplaşırdı. Səmimi desəm onların arasında ərazisi işğal olunmuş  rayonlardan Mingəçevirdə məskunlaşmış insanlar daha çox idi və onlardan biri də Elşən Əzim idi. O vaxtlar Elşən Əzimov tələbə idi və Gəncədə Pedaqoji İnstitutda təhsil alırdı. Elə ilk görüşlərimizdən səmimi münasibətlərimiz yaranmışdı.

Yazının birinci çümləsində Elşən Əzimi təqdim edərkən mən şair sözünü təsadüfən birinci işlətmədim. Bu gün Elşən Əzim cəmiyyətdə daha çox şair kimi tanınır və mən bu yazıda daha çox onun şeir yaradıcılığı barədə söhbət açmaq istəyirəm.

Bu günlərdə sosial şəbəkədə xətri mənim üçün əziz olan şair Mənsur Həsənzadə Elşən Əzimə 50 illik yubileyi münasibətilə bir cümləlik təbrik ismarıcında yazmışdı: “Elşən kimi dərin, ədalətli şairin ədəbiyyatda var oması adamı ürəkləndirir”. Düşünürəm, Mənsur Həsənzadə bu ifadə ilə Elşən Əzimin çağdaş poeziyamızda yerini  dəqiq müəyyən edə bilib və mən də onun bu fikrini alqışlayıram.

İndiki zamanda  hikmətli sözün kasad və sözün  dəyərdən düşən vaxtında,  onun dəyərinin nə qədər qüdrətə malik olduğunu Elşən Əzim öz şeirlərində məharətlə ifadə edə bilir. Onun şeir rübabının hər bəndində  bir məna var və  hansı şeirinə mürciət etsən, hansı şeirinin hansı sətrinə, hansı siminə toxunsan dediklərimin  şahidi olacaqsan.

Sözün doğrusu bu yazı üzərində işləyərkən şairin “ llərin o tayı” kitabını oxuyaraq özüm üçün şeir nümunələri seçir və həmin  şeirləri  kitabın mündərricatında işarələyirdim. Sona çatanda baxdım ki, kitaba daxil edilmiş şeirlərin çoxunu işarələmişəm.

 ...Onun şeirləri elə şeir yazmağa başlayandan, tələbə vaxtından ürəyinin qanı ilə,  gözünün yaşı ilə yazılıb. Özünün dediyi kimi:

Bir şair tanıyırdım,

Bir dəlisov tələbə.

Bir şair tanıyırdım

Şair idi belə də....

Bəlkə də babat idi,

On şeirindən biri.

 Amma ürək qanı ilə,

Yazırdı hər şeiri.....

 ...Ovucu bəs eləməzdi,

 Kövrələndə gözünün

Yaşını yığmaq üçün...

Sonralar, yaşa dolduqca və şair kimi püxtələşdikcə, təsdiq etdi ki, onun yaradıcılığında şeir yazmaq,

qafiyə tutmaq xatirinə  yazılmış şeir yoxdur və hər şeirində bir məram , məna və poetik yük var. Sözün doğrusu Elşən Əzim indiki günümüzdə yaradıcılığını nə qədər izləsəm və bu günümüzün nəbzi ilə səsləşən şeirlərini nə qədər  sevsəm də onun İllərin o tayından gələn və “İllərin o tayı”nda toplanan şeirləri mənim üçün daha doğma, daha məhrəmdir. Bu şeirlərdən biri uzun illər  mənim yaddaşımda yuva salmış, məcburi köçkünlük həyatının bütün ağrı-acılarını və məhrumiyyətlərini özündə əks etdirən, bu mövzuda ən dəyərli əsərlər sırasında olan və müəllifinə populyarlıq qazandıran “Qıfıl” şeiridir. Müəllif bu şeirini ümumi dostumuz, görkəmli filoloq alim, professor Rüstəm Kamala xitabən yazıb və ideyanın da onun tərəfindən verildiyini söhbətlərində vurğulayıb. Şeir meydana gələn vaxtda Rüstəm müəllim də Mingəçevirdəki Politexnik İnstitutunda işləyirdi və onun da Elşən  Əzimin yaradıcılığı haqqında yüsək  fikirləri var idi. Şeir haqqında qənaətlərini  də mənimlə ilk dəfə bölüşən Rüstəm müəllim olmuşdu. Yeri gəlmşkən,  sonralar bu şeirin təəssüratı altında Rüstəm müəllim də nəsrimizdə yaxşı mənda bir “tozanaq qoparan”, süjet xətti, məzmun və mənası, ədəbi dili və hadisələrin təhkiyyəsi  ilə ürək göynədən, məşhur  “Bir topa açar” hekayəsini yazdı. Bu hekayə də ədəbi ictimaiyyət və oxucular tərəfindən böyük maraq və rəğbətlə qarşılandı...

Aradan uzun  illər keçir. Fəaliyyətinin əhəmiyyətli hissəsini qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə həsr etmiş və onların keçirdiyi iztirablara yaxın bələd olan  adamlardan biri  kimi  xüsusilə qeyd etmək istəyirəm ki, Elşən Əzim bu şeirlə əslində məcburi köçkünlərin köçkünlük həytının ən həssa məqamlarını poeziyaya gətirməklə, son dərəcə kədərli və kövrək  notlarla qələmə alaraq çox maraqlı bir şeir nümunəsi yaratmışdır. Müəllifin oxucuya təqdim olunana aşağıdakı nümunələrdə hələ də öz doğma yurdlarını məcburi olaraq tərk  etdiyini qəbul etməyən, tezliklə geri qayıdacağı günü gözləyən  köçkün, yeni məskunlaşdığı yerdə bir başqa münasibətlə qarşılaşır. Şeirin qəhrəmanı müəlifin özüdür. Bununla belə o bu şeiri ilə məcburi köçkün həyatı taleyinə yazılmış insanın ümumiləşmiş obrazını yaratmışdır.                   

Bizimlə bir dəstə açar gəlibdi,

Məhlənin açarı, evin açarı.

Kefim qıfıllanıb üzümdə mənim,

Qalıb evimizdə kefin açarı...

                                                 

İnadım əyilib, vüqarım sını

O da qalaq-qalaq il altındadı.

Bilirəm qapımız o vaxtdan yanıb,

Qıfıl bir kalafa kül altındadı.

 

O qıfıl gül açar günün birində.

 Sükutun əlində çürüyür, itir.

 Onun torpaq dolmuş açar yerində,

 Hər bahar bir həsrət çiçəyi bitir.

 

Elşən Əzimin, “İllərin o tayı”nda yer almış, insanın mənəvi dünyasını silkələyən, təlatümə  gətirən ikinci şeiri “Sazını götürüb qaçır bir uşaq” adlanır. Şeirin mahiyyətini oxucusuna çatdırmaq və  hikmətinin böyüklüyünü  anlatmaq üçün müəllif şeirə verdiyi epiloqda yazır: “Bir gün duyumuna, zövqünə hörmət etdiyim dostum aşıq Elbrus Kəlbəcərli mənə Kəlbəcərin son anlarında lentə alınmış kardları xatırlatdı. Vertolyota sarı qaçanlar arasında əlində saz aparan bir uşağın da olduğunu dedi. Bu görüntülərə çox baxmışdım, doğrusu həmin məqamı nəzərdən qaçırmışdım. Sonralar bu çəkilişə  bir az da diqqətlə baxdım. Və həmin uşağı gördüm. Az qala özü boyda olan sazını götürüb vertolyota sarı qaçırdı... Və bu şeiri bir elin sənət yolundan o uşağın qoparıb gətirdiyi izi yeni bir yola çevirən, Şəmşir ocağının közünü yenidən şölələndirən kəlbəcərli gənc aşıqlara ithaf edirəm”.

Yolları qoluna dolaya bilmir,

İzini götürüb qaçır bir uşaq.

Çanını götürüb qaçmır, İlahi,

Özünü götürüb qaçır bir uşaq.

 

 

Biri  daş-qaşını götürüb qaçır,

Biri üst-başını götürüb qaçır,

Böyüklər başını götürüb qaçır,

Sazını götürüb qaçır bir uşaq.

 

Bu əsnada Elşən müəllimlə bu şeir barədə söhbət zamanı məlum oldu ki, “Sazını götürüb qaçan bu uşaq” heç də mücərrəd bir surət, şair təxəyyülüunun məhsulu deyil. Şeirin mövzusu real həyatdan götürmüşdür.  Həmin uşaq-Vüqar müəllim  Elşən müəllimin həmkarıdır və indi  o, Kəlbəcər rayonunun Goranboy rayonunda yerləşən məktəblərindən birində məktəb direktoru vəzifəsində işləyir. Hadisənin  şeir mövzusuna çevrilməsi isə artıq Elşən Əzimin poetik qüdrətəindən xəbər verir. Şeirin qəhrəmanı olan “bir uşaq”əslində bu heyrətamiz hərəkəti ilə əsər qəhrəmanı olmağa layiqdir.

Klassik aşıq şeirinin qoşma janrında metafora və təşbehlərlə zəngin bu şeirin məzmununda hər şey var. Türkün əzəli, əbədi və şəriksiz bir aləti olan Saz, şeirdə müqəddəs bir varlıq kimi təqdim edilir. Saz burda təkcə musiqi aləti deyil, həm də xalqın adət-ənənələrini, mədəniyyətini, tarixini, milli dəyərlərini özündə birləşdirən bir sənətin daşıyıcısı  kimi təqdim olunur. Və “bir uşağın” timsalında Saza münasibətdə öyüdü kimnən, hansı ustaddan aldığı bilinməyən, elə qanla, genlə  nəsildən -nəsilə keçən bir sadiqliyin nümayişi kimi təqdim edilir. Və müəlifin son dərəcə qəlbləri riqqətə gətirən tapıntısı. Böyüklər başını götürüb qaçır, biri daş-qaşını götürüb qaçır, biri üst-başını götürüb qaçır. Bu “uşaq” isə təkcə Sazı götürüb qaçmır, xilas etmir, o, həm bu sazda özünü təcəssüm edən Şəmşir sənətini, Bəhmənin , Ənvərin, Məmməd Aslanın sözünü yağı düşmən əlində qoymamaq, onları yaşatmaq, gələcək nəsillərə ötürmək üçün Sazını götürüb qaçır:

Dözərmi bu yükə ən şirin çağı,

Yoxdumu sevdiyi bir oyuncağı

Sığışmır ovcuna Şəmşir ocağı,

Közünü götürüb qaçır bir uşaq.

Alıb öyüdünü hansı ustadın,

Çəkir şələsini şeirin, dastanın.

Ənvərin, Bəhmənin, Məmməd Aslanın,

Sözünü götürüb qaçır bir uşaq.

Yeri gəlmişkən qeyd etməyi zəruri hesab edirəm ki, istər öz doğma yurd-yuvalarından qovularkən, istərsə də köçünlük həyatı yaşayarkən keçirdikləri qorxu, təlaş, təşviş və həyacandan, biganə münasibətdən onların ruhları , şüurları, mənəvi dünyası travma alıb, zədələnib. Və bu zədəni ən çox hiss edən də yaradıcı insanlar, o cümlədən şairlərdir. Həssas ürəyə, məntiqli düşüncəyə, incə duyuma və poetik isteda malik  Elşən Əzim də bir şair kimi bu zədəni ən çox öz canında, içində  yaşadanlardan biridir. Bu zədələr onun yaradıcılığında daha qabarıq məzmunda  təqdim olunur. Onun həssas qəlbinə toxunan kiçicik bir hadisə, rastlaşdığı qəfil bir naxoş  məqam onun hələ qaysaq bağlamamış, ixtiyari  bir toxunuşdan sızlayan yaralarının göynərtisini hiss etdirir. Bu baxımdan onun  ”Dəymə yuvasına qaranquşların” şeiri dediklərimin əyani sübutudur. Şeirin epiloqunda şair yazır          ”Yaşadığım mənzilin dəhlizə açılan qapısının bayır tərəfindən üstündə bu bahar qaranquşlar yuva qurdu.”... Və kimsə eyvanı çirkləndirməsin deyə qaranqışların yuvasını uçurmaq istəyirdi. Həmişə rastlaşdığımız bu kiçicik bir hadisə şairin poetik istedadı ilə bəşəri bir məna verir:

İllər keçib- gedib o ağır ildən,
Mən də yaz müjdəli qaranquş idim.

Yuvamı dağıtdı yağı qəfildən,

Yuvası dağılmaq bilirəm nədi.
Dəymə yuvasına qaranquşların...

 

...Haçansa qoyaram daşı-daş üstə,

Havalı başımdan xülya dağılsa.

Biz də bu dünyada köçəri quşuq,

Səncə neynəyərik dünya dağılsa?

Dəymə yuvasına qaranquşların.

Dəymə...

44 günlük Vətən müharibəsindəki 8 Noyab Zəfərindən 5 ilə yaxın bir zaman keçir. Vətən müharibəsinin 27 sentyabrdan başlayan və 8 noyabrda mötəşəm Qələbə ilə başa çatan bu müqəddəs müharibənin hər günü bir tarixdir və biz bu müqəddəs tarixin hər il,  hər gününü xatırlayacaq. Biz bu tarixlə qürur duyuruq və bu tarixi yaradan və yazan, onu  bizə ərməğan  edən qəhrəman  Azərbaycan Əsgərinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz şücaətlərini zaman-zaman xatırlayacaq, minnətdarlıqla yad edəcəyik. Sözsüz ki, bu Qələbənin ən böyük nəticəsi bir milyona yaxın insanın 30 il sürən məcburi köçkünlük həyatının sonu, yeni həyatının  başlanğıcı idi. İndi bütün Qarabağ, Şərqi Zəngəzur və Kəlbəcər yenidən qurulur və 30 ildən çox məhrumiyyətlərlə dolu  köçkün həyatı yaşayan soydaşlarımız öz doğma yerlərinə, yurd-yuvalarına qayıdır. Hər gün televiziya ekranlarında öz evlərinə qayıtmış soydaşlarımızın keçirdiyi sevinc hisslərinin şahidi  olduqca  qürur hissi keçirirsən. Sözsüz ki, bu sevinci yaşayan və öz yaradıcılığında əks etdirənlərdən biri də şair Elşən Əzimdir. İndi Elşən Əzimin səsi-sorağı Kəlbəcərdən daha tez-tez eşidilir. Yəqin “daşı-daş üstə qoymağa”, özünun yuvasını qaranquşlarla bir yerdə bərabər qurmağa tələsir, Elşən Əzim. Tələsir ki, dostu aşıq Elbrus Kəlbəcərli ilə , “Sazını  götürüb qaçan uşaqla”- indi həmkarı olan Vüqar müəllimlə, “kəlbəcərli gənc aşıqlarla”  Şəmşir ocağını daha gur şölələndirsin, “qayalardan asılı qalan şəlalələrin” buzunu əritsin, “açar yerinə torpaq dolmuş qıfılların pasını açsın”. Bax onda Ənvərin də, Bəhmən Vətənoğlunun da, Məmməd Aslanın da, Sücayətin də ruhu şad olacaq və Elşən Əzim ömrünün 50-ci pilləsində “illərin bu tayında”  Qələbəmizin poetikasını özündə əks etdirən bir dastan başlayacaq.

 

    Ramiz  Göyüş  ,    Yazıçı-bublisist                                                                                                                  

Seçilən
6
1
adalet.az

2Mənbələr