AZ

Paşinyan erkən seçkilərə gedir? - maraqlı hərəkətlənmə

 

Erməni baş nazirə çevriliş planı ilə bağlı xəbərdarlıq edildi - siyasi hərarət yüksəlir

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi hərarət gözlənildiyindən daha sürətlə yüksəlir. Əsas da ona görə ki, bu, təkcə hakimiyyət və radikal müxalifətin deyil, bütövlükdə Ermənistanın və erməni xalqının taleyini müəyyən edəcək kritik seçkilər olacaq.

Ancaq Nikol Paşinyan hakimiyyəti tələsmək zorunda. Çünki zaman daralır. Gələn ilin iyununa - parlament seçkilərinədək gec ola bilər. Yaxşı olardı ki, cari ilin sonuna qədər seçkilər, 1-2 ay sonra isə konstitusiya referendumu keçirilsin, ardınca da dərhal sülh müqaviləsi imzalansın. O halda 2026-cı ilin yazında İrəvanda keçiriləcək Avropa Siyasi Şurasının sammitinə Azərbaycan və Türkiyə liderlərinin - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirak ehtimalı xeyli artmış olardı. 

Bu arada “Hraparak” qəzeti baş nazir və komandasının növbədənkənar parlament seçkilərinə hazırlaşdığını yazıb. “Paşinyanın yaxın çevrəsini təəccübləndirən məqam seçkilərə hələ 8 ay qalmış artıq seçki qərargahının rəhbərinin və təşviqat üzrə müavinin təyin edilməsi olub. Bu tələskənlik hökumət komandasını baş nazirin növbədənkənar seçkilərə hazırlaşdığı qənaətinə gətirib”, - nəşr bildirib (Axar.az).

Qəzet həmçinin qeyd edib ki, bu dəfə seçki qərargahına baş nazirin aparat rəhbəri Araik Arutyunyan təyin olunub. 2021-ci ildə həmin vəzifəni indiki müdafiə naziri Suren Papikyan icra edib. 

Məsələ də bundadır ki, erkən seçkilərə niyə gedilməsin, əgər bunu təkcə daxili siyasi konyunktura yox, ümumən bölgədəki və dünyadakı şərtlər, Rusiyaya bağlı qüvvələrin fəallaşması diktə edirsə.

Paşinyan erkən seçki qərarı verə bilərmi?

184659.jpg

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə erkən seçki gözləmir. Onun sözlərinə görə, hakimiyyət seçkilərin gələn ilin iyununda keçiriləcəyini açıqlayıb və tarixin dəyişəcəyi ehtimalı azdır. Hüquq müdafiəçisi hesab edir ki, vaxt onsuz da daralır və Paşinyan təhlükələri dəf etmək üçün ön tədbirləri sürətləndirməlidir: “Artıq Moldova Prezidenti Maya Sandu xəbərdarlıq edib ki, Rusiya Ermənistanda və onun ölkəsində siyasi çevrilişlərə hazırlaşır. Bununla bərabər Samvel Karapetyanın hərəkatı aktiv fəaliyyətdədir. Müxalifətin bu cinahına keçmiş "Qarabağ klanı" və kilsənin də dəstəyi istisna deyil. Bu qüvvələr isə Rusiyanın himayəsi və ya dəstəyi sayəsində fəaldır. Paşinyan Karapetyanı həbs edib, kilsədə təmizləmə işləri aparır, Gümrünün meri də həbs olundu. Düşünürəm ki, bu prosesin davamı qaçılmazdır. Paşinyan rəqiblərini zəiflədir ki, çevriliş ssenarisi ölü doğulsun. Seçkilərə gəlincə, əhalinin onun partiyasına səs verəcəyini gözləyirəm".

Ç.Qənizadənin fikrincə, Paşinyan müharibədən dərhal sonra növbədənkənar seçkilərə gedib və qalib gəlib: “Bu, risk idi və Paşinyan bacardı. Yəni müharibəni uduzan bir lider seçkidə qalib gəldi. Əslində gözlənilməz idi və erməni xalqı sülh istədiyini nümayiş etdirdi. Halbuki böyük məğlubiyyətin şokundan çıxmamışdılar. Heç bir lider buna risk etməzdi, amma Paşinyan növbədənkənar seçkiyə getdi. İndi üstündən 4 il keçir və dəyişən reallıqlar var. Əvvəla, Paşinyan sülh anlaşmasını xalqına təqdim edib. Ardınca dəhlizi Rusiyaya verib və bunu da erməni cəmiyyətinə göstərib. Həmçinin Qazaxıstan taxılı Azərbaycandan Ermənistana daşınacaq, Türkiyə ilə yaxınlaşma var. Bütün bu xarici faktorlar Paşinyanın ictimai rəydə mövqeyini gücləndirir. Daxili siyasətdə isə xarici şirkətlərin sərmayəsi, nanotexnologiyaların gətirilməsi, Avropa İttifaqı ilə ticarət dövriyyəsini artırmaq onun seçkilərdə qələbəsinə təsir edəcək amillərdir. Hətta erkən seçkiyə getməsə belə qalib gələcəyini düşünürəm. Təbii ki, kritik və gərgin seçki keçəcək, amma Paşinyan öhdəsindən gələcək”. 

fbdcd61da9e8a7e9729a39b8e6a1a122.jpg

Xəzər Teyyublu 

Hüquq müdafiəçisi Xəzər Teyyublu Paşinyanın hakimiyyətdə qalmasını Azərbaycan üçün sərfəli hesab edir. Onun fikrincə, Rusiya Ermənistanda iqtidar dəyişikliyi hədəfləyə bilər, amma indi bunu həyata keçirmək real görünmür: “Bir tərəfdən müharibə onu məşğul edib, bir yandan Paşinyanın addımları içəridə revanşist qüvvələri taqətdən salır. Erməni iqtidarı müxalifəti yormaq strategiyası yürüdür. Paralel olaraq kilsə heydən salınır. Erməni cəmiyyəti anlayır ki, bu yaramaz qüvvələri təzədən hakimiyyətə qaytarmaq olmaz. Xalq onların korrupsioner olduğunu bilir”.

X.Teyyubluya görə, erkən seçki real deyil, Paşinyan təşviş içində olduğunu göstərmək istəmir: “Fikrimcə, Rusiya ciddi təzyiq edəcək. Bu prosesdə bütün qüvvələri hərəkətə gətirəcək. Ermənistanda iğtişaşlar və qarşıdurmalar gözləntisi var. Əgər xalqın böyük hissəsi müxalifətlə birgə hərəkət edərsə, ordu belə prosesə qoşula bilər. Ancaq indi bu potensial yoxdur. Paşinyan orduda təmizlik işləri aparıb, kilsə, müxalifət nüfuzunu itirib, cəmiyyət alternativ görmür. Əsas problem də məhz Paşinyana rəqib olmamasıdır. Karapetyan bəlkə də uğur qazana bilərdi, amma onun Rusiya vətəndaşı olması cəmiyyətə bir siqnaldır. İkincisi, həbsi onun seçkilərdə mübarizə aparmasını çətinləşdirib. Komandasının isə ciddi nəticə əldə edəcəyini gözləmirəm”.

Emil SALAMOĞLU,

“Yeni Müsavat” 

Seçilən
19
musavat.com

1Mənbələr