AZ

Sumqayıtda "44 Zəfər plakatı" rəsm sərgisi açılıb

Sumqayıtda Zəfər Günü ilə əlaqədar təşkil olunan "Zəfərin rəngi" adlı tədbirdə "44 Zəfər Plakatı" rəsm sərgisi açılıb. Heydər Əliyev Mərkəzində keçirilən açılışda şəhər rəhbərliyi, Milli Məclisin deputatları, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbir 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlıq səhnələrinin, azad edilmiş şəhər və kəndlərin görüntülərinin, eləcə də şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin əks olunduğu videoçarxın nümayişi ilə başlayıb. Sərginin açılışında çıxış edən şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Zəfər Gününü Azərbaycan xalqının qürur və şərəf səhifəsi kimi dəyərləndirib. Bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz düşməni torpaqlarımızdan qovaraq 30 illik həsrətə son qoydu: "Bu qələbə xalqımızın birliyinin, Vətən sevgisinin və əsgərlərimizin qəhrəmanlığının nəticəsidir. Biz şəhidlərimizin qanı ilə yazılmış bu tarixi Zəfəri heç vaxt unutmayacağıq".

Milli Məclisin deputatı Səbinə Salmanova tədbiri Azərbaycan xalqının qəhrəmanlıq tarixinin bədii təcəssümü olaraq xarakterizə edib. Vurğulayıb ki, sərgi gənclərin vətənə, şəhidlərə olan sevgisinin göstəricisidir: "Biz bu əsərləri Sumqayıt məktəblərinə hədiyyə etməklə Zəfər tariximizi gələcək nəsillərə ötürmək istəyirik. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə minnətdarlığımızı bildiririk".

Çıxış edən şəhid ailələrinin üzvləri Vətən müharibəsində canlarını fəda etmiş oğullarının xatirəsinin anılmasının onlara böyük mənəvi dəstək olduğunu vurğulayıblar. 

Sərgidə nümayiş olunan əsərlərdə Vətən müharibəsindəki birlik, mübarizə ruhu və Qələbə sevinci bədii şəkildə ifadə edilib. Qeyd edək ki, həmin rəsmlər sərgidən sonra Sumqayıt şəhər məktəblərinə hədiyyə olunacaq. 

Akif ƏLİYEV,

"Azərbaycan"

Seçilən
12
1
azerbaijan-news.az

2Mənbələr