AZ

Bakı düşünməlidir! - İdeoloji suverenliyimiz və atılması labüd addımlar

Planetin ən müstəqil dövləti sayılan Böyük Britaniyanın tərəqqisi Roma Papalığından imtina edib Anqlikan Kilsəsini yaratmaqla başladı.

VIII Henri 1534-cü ildə Ululuq Qanununu qəbul etdirməklə İngiltərəni bütün xarici dini və siyasi təsirlərdən azad etdi.

Oxşar proses Almaniyada Otto fon Bismarkın 1871-1878-ci illərdə həyata keçirdiyi “Kulturkampf” siyasətində də özünü göstərdi.

Məqsəd yeni birləşmiş imperiyanı katolik və protestant ziddiyyətlərindən, sosialist və liberal təsirlərdən qoruyaraq vahid milli-mədəni müstəviyə gətirmək idi. ABŞ-da isə 1938-ci ildə yaradılan “Amerika Əleyhinə Fəaliyyətlər üzrə Komitə” (HUAC) kommunist təsirlərinə qarşı ideoloji təhlükəsizlik mexanizminə çevrildi. HUAC-ın tərtib etdiyi “qara siyahı”lar dövlətin azadlıqla milli təhlükəsizlik arasında tarazlıq yaratmaq cəhdinin nümunəsi idi.

Bu üç təcrübə göstərir ki, dövlətin ideoloji sərhədlərini qorumaq onun varlığını və kimliyini saxlamağın əsas şərtidir.

Bu şərtlərin aktuallığını qardaş Türkiyənin həm tarixində, həm də bu günündə açıq müşahidə edə bilirik. Türkiyə NATO üzvü olsa da, hərbi, bürokratik və ideoloji-siyasi sistemi ikiqütblü dünyanın hücrələrindən ibarət idi. SSRİ-nin süqutundan sonra “Soyuq savaş”ın qalıqları qardaş ölkənin 90-cı illərini qara gətirdilər.

Rəcəb Tayyib Ərdoğanın iqtidarı dövründə Gezi park etirazlarından başlayaraq FETÖ-çuların çökdürülməsinə qədər gedib çıxan, çoxsaylı “paralel yapı”ların çökdürülməsi ilə şərtlənən proses bu ölkənin çox yaxın keçmişidir.

Fəqət proses hələ də davam edir. Türkiyənin İstanbul şəhərinin Esenyurt rayon bələdiyyə başqanı Əhməd Özərin terror təşkilatına üzv olmaq ittihamı ilə həbsi, İstanbul bələdiyyəsinin başqanı Əkrəm İmamoğlunun istintaq altında olması, Ankara, İzmir və digər böyük şəhər bələdiyyələrinə qarşı da hüquqi iddiaların qaldırılması bunu aydın göstərir.

Lap elə bu günlərdə məlum olub ki, Britaniyanın MI6 kəşfiyyat xidmətinə bağlı casuslar ölkənin ən böyük meqopolisində seçki kampaniyalarını idarə edir, vətəndaşların məlumat bazalarını ələ keçirərək sosial şəbəkə üzərindən ictimai rəyin manipulyasiyasını aparırmışlar.

Təsəvvür edin, yarım əsrdən çoxdur ki, çoxpartiyalı siyasi sistemə malik olan bir ölkədə bu gün faktiki olaraq yeni siyasi qütblər yaranıb və siyasi proseslər həm partiyaların içində, həm də aralarında “virtual təşkilatlar” (“Telegram”, “Facebook”, “TikTok” hərəkatları) vasitəsilə manipulyasiya edilir.

Bu təhlükəni dünyada ilk sezənlərdən biri ABŞ prezidenti Donald Tramp olmuşdu. O, ənənəvi və yeni media vasitəsi ilə əslində ABŞ-ın qüdrətinə təhdid yaradıldığını yüksək bir səslə tələffüz edirdi. Yenidən iqtidara gələn Tramp “Soyuq savaş” quruluşlarına qarşı sərt davrandı, korrupsiyaya bulaşmış və xarici təsir agentlərinin yuvasına çevrilmiş yan təşkilatları sıradan çıxarmaqla qalmadı, amerikan siyasi sisteminin hər iki hegemon partiyasındakı qeyri-amerikan siyasi oriyentasiyaların ifşasına başladı.

Məqsəd aydındır: milli siyasi qərarvermə xaricdən yönləndirilə bilməz!

Eyni niyyəti Avropa ölkələri də güdür. Düz beş ildir ki, Rusiyanın troll şəbəkələrinin və ABŞ-ın texnoloji nəhənglərinin Avropa siyasətinə təsiri müzakirə olunur. Nəticədə “Avropa Rəqəmsal Suverenlik Aktı” və “Media Şəffaflıq Qanunu” kimi aktlar qəbul edilib. Vaxtilə Şarl De Qoll fransız hərbi qüvvələrini NATO-nun vahid hərbi komandanlığı altından çıxarmışdı, hazırkı prezident Emmanuel Makron “Avropa beyni ölmüş NATO-nun əlavəsi deyil” deyə ideoloji və strateji müstəqillik davası döyür.

Macarıstan “Stop Soros” qanunları ilə öz konservativ cəmiyyət modelini qurur, Polşa “Brüssel idarəçiliyi”ni suverenliyinə real təhdid sayır. Qazaxstan hər cür xarici təsiri neytrallaşdırmağa can atır, xüsusilə elitasını Rusiya yönümlü kadrlardan təmizləməklə “Orta Asiyanın lideri” statusuna yiyələnmək istəyir.

Özbəkistanda Şavkat Mirziyoyev dövründə həm radikal dini şəbəkələr, həm köhnə sovet nomenklaturasının qalıqları, həm də qulağını Kremlin ağzına dikmiş məmur qrupları neytrallaşdırılır. Çində artıq bir neçə ildir ki, kiber suverenlik konsepsiyası işə düşüb. Suverenliklə bağlı yeni anlayışlar çərçivəsində vaxtında dış müdaxilələrə qarşı cavab tədbirləri görməyən Ukraynanın faciəsi göz önündədir- ölkənin mühüm bir qismi Rusiya tərəfindən işğal olunub, müqəddəratı sövdələşmə predmetidir.

Gürcüstan çox macəralardan və çırpıntılardan adlayaraq əsas müxalifət partiyalarının bağlanması üçün hərəkətə keçib. Ölkənin hakim partiyası oktyabrın 28-də Konstitusiya Məhkəməsinə 3 ən böyük müxalifət partiyasının fəaliyyətinin qadağan edilməsi üçün müraciət edib. Ermənistan hakimiyyəti repressiv üsullarla cəmiyyəti qarışdırmaq istəyən bütün qüvvələri neytrallaşdırır.

Rusiyanın maşası rolunu oynayan Eçmiədzin kilsəsinə, daşnak ideologiyasına qarşı Nikol Paşinyan hökuməti qəti addımlar atır. Robert Köçəryan və Serj Sərkisyanın özü də, tərəfdarları da məhkəməyə çəkilir, Gümrünin yeni seçilmiş meri həbs olunur.

Covid-19 pandemiyası dünyanın artıq çökmüş nizamının köhnə strukturlarını ifşa etdi və milli suverenliyin önəmini bir daha aktuallaşdırdı. Pandemiya göstərdi ki, iqtisadi, səhiyyə və təhlükəsizlik sahələrində xarici asılılıq yalnız praktiki problemlər yaratmır, həm də siyasi və ideoloji müstəqilliyi sarsıda bilər. Bu təcrübə milli suverenliyin möhkəmləndirilməsi, dövlətlərin öz daxili və xarici siyasətini müdafiə etməsi üçün yeni prioritetlər yaratdı.

Azərbaycanın özünəməxsus inkişaf modeli var. Dövlət müstəqilliyimizi yenidən qazandığımız ilk illərdə ərazilərimiz işğala məruz qaldı, fəqət müflisləşmə, sosial aqoniya və siyasi istiqrarsızlıq kimi problemlərin öhdəsindən Heydər Əliyevin qurduğu mərkəzləşdirilmiş hakimiyyət və xarici təsirlərə qarşı institusional müqavimət nəticəsində maksimum gələ bildik. Məhz bunun nəticəsində istər mərhum prezident Heydər Əliyevə, istərsə də hazırkı dövlət başçısı İlham Əliyevə qarşı planlaşdırılan çevriliş cəhdləri iflasa uğradı. Təcrübə göstərir ki, Azərbaycanda hakimiyyətin ələ keçirilməsi üçün yazılan zorakı və ya “məxməri” ssenarilərin xarici havadarları dörd səmtin hər birini əhatə edir. Xarici maraqlar məlum, bəs, daxildə ideoloji və siyasi təhlükəsizlik sistemimiz- ictimai fikir müəssisəmiz nə qədər azərbaycanlı və azərbaycançıdır?

Prezident İlham Əliyevin məşhur “anti-milli ünsürlər” deyimi ölkənin ən informasiyalı şəxsi olan dövlət başçısı səviyyəsində bu suala müsbət cavab verməyə əl yeri qoymur.

PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin Rusiyaya yazdığı və mediada yayımlanan məktubun canı budur ki, o, anti-milli ünsürləri hərəkətə gətirmək üçün Moskvadan izacə və dəstək istəyir.

Ramiz Mehdiyev ifşa olunub, dövlətimizin qətiyyəti sayəsində hadisələr, çox şükür, onun arzuladığı istiqamətdə getmir. Ancaq plan işə düşsəydi Azərbaycandakı müxalif düşərgə hansı mövqe tutacaqdı və ya tutduğu mövqe milli maraqlarımızın qorunmasına gerçəkdən dəstək olacaqdımı? Hələ də 1980-ci illərin şüarlarını səsləndirənlər, hakimiyyətdə və müxalifətdə olduqları dövrdə banal intriqaları ilə vətəndaşları siyasətdən iyrəndirənlər, heç bir real sosial bazaya arxalanmayanlar, beynəlxalq qrantlar və korrupsioner əlaqələr hesabına portfelsiz nazirlərə çevrilənlər, konstitusion quruluşun zorla dəyişdirilməsi təkliflərinin gündəmdə olduğu bir arada öz ailələri daxilində belə həmrəyliyi təmin edə bilməyənlər ölkənin ideoloji cəbhəsini xarici müdaxilələrə bir müqavimət hərəkatı olaraq iflic etməyiblərmi?

Seçilən
23
1
aznews.az

2Mənbələr