AZ

Monteneqroda Türkiyə və Azərbaycan vətəndaşlarına dözümsüz münasibət güclənir...


Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva son günlər Monteneqronun paytaxtı Podqoritsada bir sıra Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı bu ölkənin ombudsmanı Sinişa Bjekoviçə məktub ünvanlayıb.

O, saxlanılan şəxslərin təqsirsizlik prezumpsiyası, hüquqi yardıma çatım və tərcüməçidən istifadə hüquqlarının təmin olunmasını xahiş edib. Ombudsman Aparatının məlumatında bildirilir: “Səbinə Əliyeva beynəlxalq sənədlərdə təsbit olunmuş bərabərlik, ayrıseçkiliyə yol verilməməsi prinsiplərinə uyğun olaraq, etnik, milli və ya dini zəmində hər hansı bir ayrı-seçkiliyin, nifrət dolu çıxışların... qarşısının alınmasının vacibliyini də vurğulayıb”.

Qeyd edək ki, son günlərdə Monteneqroda türkiyəli mühacirlərə qarşı zorakılıq, bununla paralel bir sıra Türkiyə və Azərbaycan vətəndaşlarının saxlanması qeydə alınır. Burada mühacirlərə qarşı zorakılıq artıb, onlar vandalizm, fiziki hücumlara məruz qalırlar. Oktyabrın 25-də paytaxt Podqoritsada dava zamanı bir monteneqrolu bıçaqlanıb. Onun xəsarətlərinin həyatına təhlükə yaratmadığı bildirilir. Hadisə ilə bağlı Türkiyə və Azərbaycan vətəndaşları şübhəli şəxs kimi saxlanılıb. Bu iki ölkədən onlarla şəxs isə Monteneqroda yaşamağa qanuni sənədlərinin olmaması şübhəsi ilə saxlanılıb. Davadan sonra vandallar Podqoritsada türkiyəli sahibkara məxsus restoranın şüşələrini sındırıblar, digərləri isə türkiyəli immiqrantlara məxsus avtomobilləri yandırıblar. Bir neçə Türkiyə vətəndaşı fiziki hücuma məruz qaldıqlarını bildirib. Oktyabrın 26 və 27-də əsasən türklərin yaşadığı məhəllələrdə küçələrə çıxan kütlə yürüş edərək “Türklər rədd olsun”, “Türkləri öldürün” şüarları səsləndirib. Yerli rəsmi orqanlar Türkiyə vətəndaşlarına qarşı nifrət nitqi, fiziki zorakılıq təhdidlərinə görə səkkiz nəfərin saxlandığını açıqlayıb. Polis bıçaqlanma hadisəsi ilə bağlı biri Türkiyə, biri azərbaycanlı olmaqla iki nəfərin saxlanıldığını açıqlayıb. Bu iki şəxsdən əlavə, etibarlı yaşayış icazəsi olmayan 45 Türkiyə və Azərbaycan vətəndaşının da saxlanıldığı bildirilib. Polis bildirib ki, saxlanılan şəxslərdən 7-si cərimə edilib, 8-si isə ölkədən deportasiya ediləcək. Monteneqroda tikinti şirkətlərinin birində fəhlə işləyən Azərbaycan vətəndaşı Nəcəf Nəcəfli BBC-yə açıqlamasında qeyd edir ki, o, oktyabrın 26-ı axşamını polis idarəsində keçirməli olub. O deyir ki, yaşadıqları yataqxana gözlənilmədən naməlum, maskalı şəxslərin hücumuna məruz qalıb: “Bizimlə burda yaşayan, işləyən iş yoldaşlarımızdan gəldilr ki, qapının ağzında siqaret çəkəndə onlara maskalı şəxslər yaxınlaşıb başlarına butulka ilə vurublar. Biz də çölə çıxdıq”. Nəcəf Nəcəfli

deyir ki, yerli əhali arasında azərbaycanlılara da türk deyildiyindən maskalı şəxslər onların yaşadığı binaya hücum edib. Həmin vaxt onlar bu hücuma görə polisə zəng vurublar, amma polis onların özünü həbs edib bölməyə aparıb. Onun sözlərinə görə, onlar Azərbaycanın Monteneqrodakı konsulluğuna gedib kömək istəyiblər. Nəcəf Nəcəfli deyir ki, onlar bu hadisədən sonra yaşadıqları yeri tərk edə bilmirlər, işə də getmirlər və ümid edirlər ki, tez bir zamanda bu gərginlik araan qalxacaq.

“Radio Free Europe”in Balkan xidməti baş verənlərin bəzi monteneqrolularda qorxu və narahatlıq yaratdığını xəbər verir. Nada adlı qadın radioya danışıb: “Bütün bunlar mənə xoş deyil. Monteneqroda hər kəsə xoş münasibət var. Biz çoxmillətli, bərabərlik prinsiplərinə əsaslanan, demək olar, sivil bir dövlətik. Bunu qorumaq lazımdır”. Amma mühacirlərə qarşı artmaqda olan əhval-ruhiyyəni bölüşənlər də var. isə Yovo adlı kişi deyib: “Hər cür zorakılıq pislənməlidir. Amma hökumət mümkün qədər tez miqrasiya siyasətini dəyişməlidir, çünki miqrant sayı artıb. Təhlükəsizlik vəziyyəti, doğrudan da, pisləşib və açığını desəm, özümü artıq təhlükəsiz və rahat hiss etmirəm”. Türklər Monteneqroda yaşayan xarici vətəndaşların təxminən 13 faizini təşkil edir. İndiyədək Türkiyə vətəndaşları Monteneqroya vizasız səfər edə bilirdilər. Ancaq hökumət oktyabrın 27-də bu qaydanı müvəqqəti dayandırıb, qısamüddətli vizalar tətbiq edib.

Hökumət bəyan edib ki, türkiyəli rezidentlərin statusuna hörmətlə yanaşacaq və onların qalmasının maneəsiz, qanunauyğun təmin edilməsi üçün lazım olan bütün addımları atacaq. Əsas gəlir mənbəyi turizm olan Monteneqronun yaxın illərdə Avropa İttifaqı ilə üzvlük danışıqlarına başlaması gözlənilir. Baş nazir Miloyko Spajiç sosial media platformasında verdiyi viza ilə bağlı açıqlamasında belə deyib: “Təcili prosedur çərçivəsində, Türkiyə vətəndaşları üçün vizasız səyahət rejiminin müvəqqəti olaraq dayandırılması ilə bağlı qərar qəbul etmişik. İqtisadi fəaliyyətləri və yaxşı ikitərəfli münasibətləri qorumaq məqsədilə, qarşıdakı dövrdə, yaxşı əməkdaşlıq və tərəfdaşlıq ruhu içində, qarşılıqlı maraqlarımıza ən uyğun modeli tapmaq üçün Türkiyə Respublikası ilə intensiv danışıqlara başlayacağıq”. Zorakılıq hadisələrini qınayan prezident Yakov Milatoviç bildirib: “Kollektiv şəkildə günah yükləməyə və bütöv bir xalqı damğalamağa yer yoxdur. Monteneqronun daha məsuliyyətli bir miqrasiya siyasətinə ehtiyacı var: İstismara və cinayətə qarşı qətiyyətli, qanunlarımıza hörmət edən hər kəsə qarşı ədalətli bir siyasət”. Türkiyə Xarici İşlər Nazirliyi hadisələri "təəssüf doğuran" kimi qiymətləndirib, hadisələrin baş verməsindən sonra Monteneqro rəsmiləri ilə əlaqə saxlanıldığını və Türkiyə vətəndaşlarının təhlükəsizliyi üçün tədbirlərin görüldüyünü açıqlayıb. Qeyd edək ki, Türkiyə vətəndaşları Monteneqroda 90 gün vizasız qala bilirlər. Hazırda Monteneqroda 13 min 308 Türkiyə vətəndaşı yaşayır. Monteneqrodakı xarici müəssisələrin 28,3 faizi isə Türkiyə vətəndaşlarına məxsusdur.

Nahid SALAYEV

Seçilən
36
baki-xeber.com

1Mənbələr