Rusiya oktyabrın 28-də nüvə mühərriki ilə təchiz edilmiş “Poseydon” pilotsuz sualtı aparatının sınaqlarını keçirib. Bunu Rusiya prezidenti Vladimir Putin Mandrık adına Mərkəzi Hərbi Klinik Xəstəxananın pasiyentləri ilə görüşündə deyib.
Prezidentin sözlərinə görə, qurğu ilk dəfə daşıyıcı sualtı qayıqdan buraxılıb, özünün atom enerji qurğusunu işə sala bilib. Putin sınaqları “böyük uğur” adlandırıb. Prezident deyib ki, aparatın kiçik ölçüləri, yüksək sürəti, dərinlikdə hərəkət qabiliyyəti onu tutmağı mümkünsüz edəcək.
Putin bu aparatın “Sarmat” raket kompleksindən daha güclü olduğunu əlavə edib. “Sarmat”ın ümumi partlayış gücü 7.5 meqatondur.
Putin bu layihə barədə ilk dəfə 2018-ci ilin martında Federasiya Şurasına müraciətində danışıb. Onda demişdi ki, Rusiyada “böyük dərinliklərdə, sürəti sualtı qayıqların, ən müasir torpedaların və ən sürətli suüstü gəmilərin belə sürətini bir neçə dəfə üstələyən” sualtı dronlar işlənib hazırlanıb.
