Cəbrayıl, 29 oktyabr, R.Türkoğlu, AZƏRTAC
Cəbrayılın Horovlu kəndində 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Evlərin üzərində Qarabağ xalçalarının ornamentləri həkk edilib. Kənddaxili yollara asfalt döşənib.
Ümumi sahəsi 248 hektar olan kəndin birinci mərhələsinin açılışı ötən gün Prezident İlham Əliyevin iştirakı ilə reallaşıb.
Bu kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, viran qoyulmuş, daşı-daş üstə qalmamışdı. 2020-ci il oktyabrın 4-də - Vətən müharibəsində isə Azərbaycan Ordusu tərəfindən azad olundu. Horovlu kəndində indi bir-birindən gözəl evlər tikilib, yeni infrastruktur yaradılıb.
Xatırladaq ki, kəndin təməli Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin mayında qoyulub.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi evin, 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib.
Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. Horovlunun su təminatının bir hissəsi məhz bu kəhrizlər hesabına təmin olunacaq.
Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Burada uşaqlar üçün oyun zonası, idman sahəsi, basketbol meydançası, masaüstü oyunlar üçün zona, söhbətgahlar yaradılıb. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib. Torpaq işləri zamanı aşkarlanmış təbii qayalar parka daşınaraq landşaft dizaynının bir hissəsi kimi istifadə olunub. Parkın ərazisində işğal zamanı dağıdılmış 4 bina tarixi yaddaşın qorunması, həmin dövrün izlərini və reallıqlarını gələcək nəsillərə çatdırmaq üçün əyani sübut kimi saxlanılıb.
Kənddə ikimərtəbəli inzibati bina da inşa edilib. Binada operativ idarəetmənin və qərarların səmərəli qəbulunun təmin edilməsi məqsədilə müasir situasiya mərkəzi yaradılıb. Mərkəzdə kəndin idarəetməsində Coğrafi İnformasiya Sisteminin (CİS) tətbiqi də nəzərdə tutulur. Kəndin Baş planının CİS platformasına inteqrasiya edilməsi yaşayış məntəqəsinin səmərəli planlaşdırılmasına və idarə edilməsinə imkan verəcək. Bütün torpaq sahələri, tikililər, yollar, su, enerji, qaz, rabitə xətləri bu platformada koordinatlarla yerləşdirilib. Platforma dizayn və tikinti proseslərini izləməyə, dəyişiklikləri xəritəyə tətbiq etməyə, müxtəlif situasiyalara uyğun qərar qəbul etməyə, üçölçülü (3D) bina modelləri, real vaxtda kamera məlumatlarına çıxış imkanları olduğundan mövcud vəziyyəti həm xəritədə, həm də sistem üzərində birbaşa müşahidə etməyə imkan yaradır.