ain.az bildirir, Azertag portalına istinadən.
Bakı, 29 oktyabr, AZƏRTAC
“Aqroservis” ASC-nin İdarə heyətinin sədri Mehman Veysəlov oktyabrın 29-da Culfa Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Culfa və Şərur rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların müraciətləri əsasən işə qəbul, lizinq yolu ilə yeni texnikaların alınması və digər məsələlərlə bağlı olub.
İdarə heyətinin sədri Mehman Veysəlov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verib. Bəzi müraciətlər yerindəcə həllini tapıb, bir sıra məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Vətəndaşlarla görüş zamanı Mehman Veysəlov Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların bu sahədə çalışanların rifah halının yaxşılaşdırılması və ölkə üzrə kənd təsərrüfatının ümumi inkişafına mühüm təkan verdiyini vurğulayıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.