AZ

"Firuz Qulami ilə bağlı sənədə tək mən yox, sabiq futbolçuların hamısı imza atıb"

Yeni yaradılan "Gəncənin futbol əfsanələri" şurasının sədri Əli Rəhimov ünvanına sərt fikirlər səsləndirən Gəncə Futbol Veteranları İctimai Birliyinin sədr müavini Firuz Qulaminin onun haqqında səsləndirdiyi ittihamlara reaksiya bildirib. 

Tribuna verdiyimiz qurumun rəhbəri Fanat.Az-a açıqlamasında futbol veteranının dediklərini cavabsız qoymayıb.

Rəhimov uzun illər çiyin-çiyinə işlədiyi Qulaminin ittihamlarını yaxına buraxmayıb: 

"Mənim Furuzla heç bir problemim, ona qarşı iddiam yoxdur. O yaşım deyil ki, intriqa aparım. Firuz əksini iddia edirsə, özü bilər. Deyir ki, onunla bağlı məktubu tək mən imzalamışam. Halbuki, sabiq futbolçuların hamısı sənədə imza atıb. "Feysbuk" səhifələrinin mənim göstərişimlə bloklanması barədə dedikləri də həqiqətə uyğun deyil. Mən neçə illər futbol oynamışam, sonra da daxili işlər orqanlarında işləmişəm. Heç vaxt belə əməllərlə məşğul olmamışam. Mən o qurumun üzvü olmuşam, niyə bu işi görüm.
Qulaminin məndən şikayəti varsa, niyə bunu sizə deyir, gəlsin üzbəüz danışaq, sözünü desin. Məni tanımır, yoxsa nömrəmi bilmir? Uzun illər çiyin-çiyinə işləmişik. Əslində, mən onu qınamıram. Çünki özüm də onun durumunda olmuşam, həmin incikliyi yaşamışam. İşsizlikdir, umacağı var. Futbolçuya diqqət yetirilməyəndə inciyir. Canı yanır, istəklərini dilə gətirir. Mən demirəm ki, o, düz danışmır. Sadəcə, məni hədəf götürməsi anlaşılan deyil. Bu, bizə yaraşmaz. Şuranı AFFA yaradıb, biz də icraçıyıq. Qarşıya hansı proqram qoyulubsa, biz də onunla getməliyik. Məqsəd veteranları klubun ətrafında birləşdirməkdir. Şuraya cəlb olunanlar təkcə "Kəpəz"in yox, həm də "Dinamo Kirovabad", "Tekstilşik" və "Tərəqqi"nin veteranlarıdır. Firuz bu gün o şurada yoxdursa, o demək deyil ki, heç vaxt olmayacaq. Xeyr, o da sıralarımıza cəlb olunacaq. Sadəcə, ilk iclasda yer məhdudiyyəti var idi. Bütün keçmiş futbolçuları, əfsanələri klubun ətrafında birləşdirmək vəzifəsi qarşıya qoyulub. Fikrimiz komandanı bu çətin durumdan çıxarmaq, dəstək olmaq və Gəncənin keçmiş futbolçuları ilə bağlı informasiya bazası formalaşdırmaqdır".   

Mirağa 

Seçilən
4
1
fanat.az

2Mənbələr