Donald Tramp ikinci prezidentliyi dövründə ölkə iqtisadiyyatına təqribən 18 trilyon dollar cəlb etdiyini və ilin sonunadək bu rəqəmin ümumilikdə 20-22 trilyon dollara çatacağını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının Cənubi Koreyanın Kyoncu şəhərində keçirilən sammitində çıxışı zamanı deyib.
ABŞ-ı dünyanın ən zəngin ölkəsi adlandıran dövlət başçısı idxal rüsumlarının tətbiqindən sonra ölkə iqtisadiyyatına böyük vəsaitlər yatıran sərmayədarlara müraciət edərək, iqtisadi siyasətini heç vaxt dəyişməyəcəyinə və ölkəyə əhəmiyyətli xarici sərmayələrin cəlb edilməsi üçün çalışacağına vəd verib.
Bu arada ABŞ-ın dövlət borcu ötən həftə rekord həddə - 38 trilyon dollara yüksəlib. Eyni zamanda onilliyin sonunadək ölkənin ümumdaxili məhsulunun 143,4 faizə çatacağı gözlənilir.