Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U23 dünya çempionatına yekun vurulub. Sonuncu yarış günündə sərbəst güləşçilərimizdən Ayxan Abdullazadə (65 kq) təsəlliverici görüşdə ukraynalı Mikita Qonçarovu 4:1 hesabıyla üstələsə də, bürünc medal görüşündə qırğızıstanlı Bilal Şərif Uuluya (0:10) məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Ali Tsokayev (86 kq) isə italiyalı Qabriele Nikkoliniyə (11:0) və gürcüstanlı Tornike Samxaradzeyə (13:2) tam üstünlüklə qalib gələrək bürünc medala sahib çıxıb.
Beləliklə, millimiz dünya çempionatını 1 dəst medalla başa vurub. Xatırladaq ki, bundan əvvəl Kənan Heybətov (70 kq) qızıl, Xetaq Karsanov (125 kq) isə gümüş medal qazanıb. Yığmamız 84 xalla komanda hesabında 4-cü yeri tutub və 3-cü pillədəki Yaponiyadan cəmi 1 xal geri qalıb. ABŞ güləşçiləri (137) birinci, İran idmançıları (127) isə ikinci olub.
Qabil YUSİFOĞLU
XQ