AZ

Paşinyan əsas parlament seçki şüarını açıqladı - müharibə "partiyaları" yanıb-yaxıldı...


“Ermənistan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı baş nazir Nikol Paşinyan bəyan edib ki, 2026-cı ilin iyununda keçiriləcək növbəti parlament seçkiləri ölkə xalqı qarşısında əsas bir məsələni qoyur: “Xalq sülhü müdafiə etməyi seçəcək, yoxsa yox”.

O, bəyan edib ki, seçim fərqli olarsa, Ermənistan “yenidən münaqişə və forpostlar məntiqinə atılacaq”. Bütün bunlar fonunda “armenianreport” portalı yazır: “Hökumətin nöqteyi-nəzərindən bu, müraciət kimi görünür: “Ya biz, ya da Azərbaycanla yeni hərbi münaqişə”. Aydındır ki, bu dilemma mövcud rejimin məntiqi ilə bağlı bir çox sualları gizlədir. Paşinyan ilk dəfə deyil ki, qarşıdan gələn seçkiləri sülh mövzusu ilə əlaqələndirir. O, Ermənistan xalqının sülhpərvər siyasi gündəmin “müəllifi” olacağını və onun hökumətinin sadəcə olaraq siyasət yürütmədiyini – “xalq tərəfindən bi məqsədlə seçildiyini” iddia edir.

Bəli, ilk baxışdan bu, nəcib bir mövqe kimi görünür. Amma dərhal suallar yaranır: “sülh” dedikdə konkret olaraq nə nəzərdə tutulur, Ermənistan hansı güzəştləri qəbul etməyə hazırdır və bu mesaj necə seçki aləti kimi istifadə olunur? Seçkiləri “sülh uğrunda mübarizə” elan etmək elektoratı səfərbər etməyə çalışan hökumət üçün məntiqli addımdır. “Biz olmasaq, müharibə olacaq” kimi səslənən mesaj emosional gərginlik yaradır və rəqibləri vətənpərvərlik hüdudlarından kənara çıxarır. Amma burada bir incə məqam var: “sülh” siyasətin və hökumətin məsuliyyətinin obyektinə çevrilməlidir, yoxsa bu sülhün məhz necə əldə edildiyi ilə bağlı suallardan qaçmaq üçün emosional qalxan kimi istifadə olunur? Nikol Paşinyan və onun “Vətəndaş müqaviləsi” partiyası bilir ki, hakimiyyəti itirmək ciddi siyasi, hüquqi və şəxsi imici ilə bağlı nəticələrə səbəb ola bilər. Məhz bu prizmadan onların bütün bəyanatlarına, hərəkətlərinə qiymət verilməlidir. Aydın məsələdir ki, bir müddətdir, kampaniyaya hazırlıq gedir: hökumətin siyasətinin qələbə çaldığını vurğulayan xalqa müraciətlər edilir. Bu, hökumətin özünü sülhün yeganə təminatçısı kimi önə çəkməsinin tipik əlamətidir. Amma hökumətimizin addımları mahiyyət etibarı ilə nəhəng güzəştlər və ya açıq desək, təslim olmaq deməkdir. Bu isə heç bir halda Azərbaycanla qarşılıqlı faydalı razılaşmaların normal prosesinə bənzəməyən bir şeydir. Bu baxımdan, 2026-cı ilin büdcə layihəsində müdafiə xərclərinin 2025-ci ilə nisbətən 15% azaldılmasının nəzərdə tutulması təəccüblü görünür. Döyüşsüz təslim olmağa vərdiş edənlərə ordunun nə faydası var?! Bu cür hadisələrə görə hökumətin məsuliyyətinin aydın olmadığı bir şəraitdə 2026-cı il seçkilərində seçimin “sülh və ya müharibə” olduğu ifadəsi real problemləri gizlədən evfemizm kimi istifadə olunur. Bir sıra açıq suallar ortaya çıxır. 2026-cı il seçkilərinin arxasında nə dayanır? Onlar hansı Ermənistanı təklif edirlər? Onların hərəkətlərinə əsasən, hökumət aşağıdakı vizyonu təklif edir: xarici tənzimləmə və müdafiə riskinin azaldılmasına diqqət yetirən Ermənistan.

Bundn başqa, hakimiyyət Ermənistanın Azərbaycanla qarşı-qarşıya gəlmək iqtidarında olmadığını açıq bəyan edir. Ölkəmizdə hər hansı yeni hökumət üçün Paşinyan və onun hökumətinin fəaliyyətinin hərtərəfli təhlili mühüm əhəmiyyət kəsb edəcək: hüquqi və siyasi məsuliyyət: hansı qərarlar qəbul edilib, onlar ölkənin maraqlarına nə dərəcədə uyğundur, hansı daxili və xarici nəticələr var. Danışıqların və güzəştlərin xronologiyası: Azərbaycanla sazişin neçə üçüncü tərəf layihəsi variantı hazırlanıb, hansı şərtlərlə və qərarlar necə qəbul edilib? Büdcə və təhlükəsizlik: Müdafiə büdcəsinin kəsilməsi necə izah olunur və bu, regional kontekstdə nə deməkdir? Diskursun manipulyasiyası: Seçkilərin “sülh uğrunda mübarizə” kimi təqdim etdiyi hesabatlar real proqram kimi yox, hakimiyyətin saxlanması üçün alət kimi istifadə olunur? Şəffaflıq və demokratiya: Mövcud siyasi kursda dəyişikliklər artan hesabatlılıq, məlumat azadlığı, müstəqil araşdırmalar və aşkarlıq ilə müşayiət olunmalıdır. Bu, qarşıdan gələn parlament seçkilərindən sonra bizi gələcəkdə gözləyir. Bu isə indiki hakimiyyətin ən pis kabusudur”. Bütün bunlar o deməkdir ki, Ermənistanda revanşist qüvvələr mövcud hakimiyyətin sülh gündəliyindən ciddi narahatlıq keçirir. Ermənistanda olan revanşist qüvvələrin mövcudluğu və onların mütəmadi olaraq fəaliyyətini sülh üçün ciddi risk olaarq qalır. Qeyd edk ki, Ermənistanda radikal revanşist qüvvələr son aylar yenidən fəallaşaraq siyasi səhnədə öz mövqelərini bərpa etməyə çalışırlar. Bu, parlament seçkiləri yxınlaşdıqca özünü daha qabarıq büruzə verir. Revanşist qüvvələrin fəallaşması təkcə daxili siyasi mübarizə deyil, həm də regionda sabitliyə yönəlmiş proseslərə təhdiddir. Öz siyasi varlığını müharibə ritorikası üzərində quran revanşist dairələr bu gün ölkələrinin gələcəyini təhlükə altına atmaqda davam edirlər. Çünki revanşist ideologiyanın yenidən gündəmə gəlməsi Ermənistanın müasir dövlətçilik yoluna ən ciddi zərbələrdən biri sayılır. Digər tərəfdən, revanşistlərin fəallaşması bir daha göstərir ki, cəmiyyətin müəyyən hissəsi hələ də keçmişin illüziyasından qopa bilmir. Amma bu ölkədə revanşistlərin hakimiyyətə gəlişi baş verərsə, bu, Ermənistanın sonu olacaq.

Nahid SALAYEV

Seçilən
50
baki-xeber.com

1Mənbələr